Dövlətçilik salnaməsindən suveren gələcəyə: Yeni Azərbaycan Partiyasının tarixi missiyası

Dövlətçilik salnaməsindən suveren gələcəyə: Yeni Azərbaycan Partiyasının tarixi missiyası

​1992-ci il noyabrın 21-də Naxçıvanda toplaşan 550 nümayəndə təkcə yeni bir siyasi təşkilatın təməlini qoymurdu — həmin gün Azərbaycanın dövlət müstəqilliyini xilas edəcək siyasi iradənin əsası qoyulurdu. Ölkənin ağır iqtisadi tənəzzül, idarəetmə böhranı və torpaq itkiləri ilə üz-üzə qaldığı bir vaxtda Yeni Azərbaycan Partiyasının yaradılması zamanın özünün diktə etdiyi obyektiv zərurət idi. Xalqın Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməsi və onu partiyanın Sədri seçməsi cəmiyyətdəki ümidsizliyə son qoyaraq sabitlik və dövlətçilik yolunu açdı.

Həmin çətin günlərdə Yeni Azərbaycan Partiyası birbaşa xalqın öz iradəsindən və sarsılmaz inamından güc alaraq ümumxalq partiyasına çevrildi. Ölkənin hər yerindən sadə insanlar heç bir çağırış gözləmədən, böyük ümid və könüllülüklə müraciət edərək “bizi Heydər Əliyevin partiyasına yazın” deyə bu siyasi hərəkata qoşulurdular. Ziyalıları, gəncləri, qadınları, fərqli peşə sahiblərini bir amal ətrafında birləşdirən bu etimad təsadüfi deyildi; çünki insanlar ölkəni xaosa sürükləyən uçurumdan yalnız Ulu Öndərin xilas edə biləcəyinə ürəkdən inanırdılar. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün də partiyanın ideoloji dayağı kimi yaşayır. Onun “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın keçdiyi şərəfli yola verilən dəqiq qiymətlə yanaşı, onun gələcək nəsillər qarşısındakı tarixi məsuliyyətini də aydın göstərir.

​Partiya sıralarında birləşmək isə sadəcə siyasi mənsubiyyət deyil, yüksək məsuliyyət və mənəvi öhdəlikdir. Vətənə sədaqət, ümummilli maraqların şəxsi və dar maraqlardan üstün tutulması hər bir partiya üzvünü səciyyələndirən əsas meyarlardır. Eyni zamanda təşkilatdaxili münasibətlərin sağlam təməl üzərində qurulması, peşəkarlıq, işgüzar mühit, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlərə bağlılıq partiyanın daxili gücünü artırır. Müasir dövrün tələblərinə cavab verən innovativ yanaşma, kreativlik və elmlilik isə bu işgüzar ab-havanı daha da zənginləşdirir, partiyanın ictimai-siyasi həyatda aparıcı rolunu möhkəmləndirir.

​2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu siyasi xətti yeni tarixi mərhələyə daşıdı. 2005-ci ilin martında keçirilən III Qurultayda dövlət başçısının partiyanın Sədri seçilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının müasir çağırışlara uyğun davam etdirilməsinin aydın təsdiqi oldu. Sonrakı illərdə iqtisadi şaxələndirmə, infrastrukturun yenilənməsi, sosial siyasətin gücləndirilməsi, eləcə də 2021-ci ilin VII Qurultayından sonra təsdiqlənən yeni Proqram ölkənin hərtərəfli inkişafına xidmət etdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” və ölkənin son illərdəki uğurlarında partiya fəallarının mühüm payı və töhfəsi var.

​Bu siyasi iradənin və milli həmrəyliyin ən uca zirvəsi 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər, ərazi bütövlüyünün bərpası və 2023-cü ilin sentyabrında suverenliyin tam təmin edilməsi oldu. Azərbaycan artıq öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş qalib dövlət kimi yeni geosiyasi və ictimai-siyasi reallıqda yaşayır.

​Məhz bu yeni tarixi şəraitdə, 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı xüsusi məna kəsb etdi. İlk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən bu qurultay partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcına çevrildi. Qurultaya hazırlıq çərçivəsində 84 yerli təşkilatda hesabat konfranslarının keçirilməsi, 960 nümayəndənin seçilməsi, Nizamnaməyə dəyişikliklərin qəbul edilməsi, 40 nəfərlik İdarə Heyətinin və 13 nəfərlik Təftiş Komissiyasının formalaşdırılması təşkilatın canlı və mütəşəkkil mexanizm olduğunu göstərdi. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını qeyd etməsi, eyni zamanda ideoloji təhlükəsizliyin, bilik, təhsil və vətənpərvərliyin cəmiyyəti kənar təsirlərdən qorumasındakı rolunu önə çəkməsi qarşıda duran vəzifələrin mahiyyətini dəqiq müəyyənləşdirdi.

​Bu gün Yeni Azərbaycan Partiyası qarşısında duran əsas məqsəd suveren və güclü Azərbaycanın strateji hədəflərinə dəstək vermək, gənclərin ictimai-siyasi təşəbbüslərini dəstəkləmək, cəmiyyətlə etimad körpülərini daha da möhkəmləndirməkdir. 1992-ci ilin noyabrında çətin sınaqlar fonunda yaranan partiya bu gün qalib xalqın, möhkəm dövlətçiliyin və işıqlı gələcəyin etibarlı siyasi dayağı kimi öz yolunu inamla davam etdirir.

 

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri