Kəlbəcərin azadlığı

Kəlbəcərin azadlığı

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Ordumuzun misilsiz qəhrəmanlığının təntənəsi kimi yaddaşlara həkk olunub. 2020-ci ildə əldə edilən tarixi Zəfər torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, milli maraqlarının və ərazi bütövlüyünün bərpası istiqamətində atılmış həlledici addım idi. Bu Zəfərin mühüm nəticələrindən biri də Kəlbəcərin azad olunması oldu. Kəlbəcər Azərbaycanın coğrafi mövqeyinə, təbii sərvətlərinə, zəngin tarixinə və hərbi-strateji əhəmiyyətinə görə xüsusi yer tutur. Dağlıq relyefi, əlverişli müdafiə mövqeləri, təbii keçidləri və mühüm yüksəklikləri bu rayonu həm hərbi, həm də geosiyasi baxımdan əhəmiyyətli əraziyə çevirir. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət sərhədlərinin etibarlı müdafiəsi və regionda yeni geosiyasi reallıqların formalaşması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Kəlbəcərin azad olunması uzaqgörən siyasi strategiyanın uğurlu nəticəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi güc, eləcə də siyasi, hərbi və diplomatik istiqamətlərdə aparılan məqsədyönlü fəaliyyət tarixi nəticənin əldə olunmasını təmin etdi. 44 gün ərzində Azərbaycan dövləti sübut etdi ki, milli maraqlara əsaslanan düzgün strategiya, güclü ordu və xalq-dövlət birliyi ən mürəkkəb problemlərin həllində həlledici rol oynayır.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun noyabrın 25-dək Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Noyabrın 25-də Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu və rayonumuz döyüş əməliyyatları aparılmadan, siyasi razılaşma əsasında işğaldan azad edildi. Bu hadisə Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə də təsdiqlənməsinin bariz nümunəsi idi. Lakin Kəlbəcərin boşaldılması prosesi işğalçı siyasətin əsl mahiyyətini bir daha nümayiş etdirdi. İşğalçı qüvvələr ərazini tərk edərkən yaşayış evlərini, mülki infrastrukturu və təbiəti məhv edir, ağacları kəsir, evləri yandırır, insanların doğma yurdlarına qayıdışını çətinləşdirəcək addımlar atırdılar. Bu mənzərə bir daha göstərirdi ki, uzun illər ərzində torpaqlarımızda hökm sürən işğal tarixi-mədəni irsimizə, təbiətimizə və insanlarımızın yaddaşına qarşı törədilmiş vandalizm aktları ilə müşayiət olunub. Kəlbəcərin azad edilməsi Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası kimi yaşayır. Bu qələbənin qəhrəmanları olan hərbçilərimizin şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi də bu tarixi hadisənin əhəmiyyətinin dövlət səviyyəsində təsdiqi idi. Həmin medal Kəlbəcərin azadlığı uğrunda iştirak etmiş hərbi qulluqçuların xidmətlərinə verilən qiymətin, onların fədakarlığının və qəhrəmanlığının rəmzinə çevrildi.
Bu gün Kəlbəcər artıq dağıntıların, işğalın və məcburi köçkünlüyün simvolu deyil. O, dirçəlişin, quruculuğun və Böyük Qayıdışın ünvanlarından biridir. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində rayonda yeni yollar çəkilir, yaşayış infrastrukturu qurulur, sosial və iqtisadi layihələr reallaşdırılır. Kəlbəcərin zəngin təbii potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, turizm imkanlarının genişləndirilməsi və tarixi məkanların bərpası regionun gələcək inkişafına mühüm töhfə verir. Bu baxımdan “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən qurulması və fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Uzun illər Azərbaycanın müalicəvi turizm məkanları arasında özünəməxsus yeri olan İstisu mineral bulaqları ölkəmizin təbii sərvətlərindən biridir. Zəngin mineral tərkibi ilə seçilən bu suların müalicəvi xüsusiyyətləri tarixən insanların diqqətini cəlb edib. İşğal dövründə fəaliyyətini dayandıran bu məkanın müasir standartlara uyğun şəkildə yenidən qurulması Kəlbəcərin iqtisadi potensialının bərpası, turizmin inkişafı və regionun sosial həyatının canlandırılması baxımından mühüm hadisədir. İstisu layihəsi həm də Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin mahiyyətini ifadə edir. Bir vaxtlar dağıdılmış, talan edilmiş və fəaliyyəti dayandırılmış məkanların yenidən həyata qaytarılması dövlətimizin yalnız torpaqları azad etmədiyini, həmin torpaqlarda yeni həyat qurduğunu göstərir. Bu gün İstisuya uzanan yollar, yaradılan müasir infrastruktur və bərpa olunan turizm imkanları qələbənin quruculuq mərhələsinin real təzahürləridir. Kəlbəcərin azadlığı bizə bir daha sübut etdi ki, dövlətin gücü yalnız hərbi potensialla ölçülmür. Siyasi iradə, diplomatik məharət, strateji düşüncə, iqtisadi imkanlar və xalqın milli birliyi birlikdə böyük tarixi nəticələr yaradır. Azərbaycan 44 günlük müharibədə hərbi gücünü nümayiş etdirdiyi kimi, müharibədən sonrakı dövrdə də quruculuq və inkişaf sahəsində qətiyyətli mövqeyini ortaya qoyur. 
Kəlbəcərin azadlığı tariximizin qürur səhifəsi, İstisunun dirçəlişi isə həmin qürurun quruculuqla davam edən təcəssümüdür. Bu torpaqlarda yüksələn hər bir yeni bina, çəkilən hər bir yol, yenidən fəaliyyətə başlayan hər bir müəssisə Zəfərin əbədi xarakter daşıdığını nümayiş etdirir. Kəlbəcər artıq azadlığın sevincini yaşayan, gələcəyə inamla baxan və Azərbaycanın qüdrətini özündə əks etdirən diyarımızdır.

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri