Pensiya və müavinət xərcləri artırılacaq
2027-ci ilin icmal büdcəsinin mühüm tərkin hissəsi olan “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” layihəyə əsasən, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır. Gəlirlər 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 897,4 milyon manat və ya 10,78 faiz çoxdur. Fondun gəlirlərinin əsas mənbəyi məcburi dövlət sosial sığorta haqları olacaq. Bu istiqamət üzrə 7 milyard 586,5 milyon manat daxilolma gözlənilir. Məbləğ ?ondun ümumi gəlirlərinin 82,28 faizini təşkil edəcək və 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 995,4 milyon manat və ya 15,1 faiz çox olacaq.
DSMF-nin gəlirlərində əsas fiskal mənbə qeyri-büdcə sektoru və ya özəl təşkilatların ödənişləri olacaq. Həmin sektor üzrə 5 milyard 119,5 milyon manat vəsait toplanması nəzərdə tutulur. Təkcə özəl bölmədə çalışan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödəyəcəkləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 130 milyon manat proqnozlaşdırılır. Büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyard 170,96 milyon manat, büdcədən maliyyələşən təşkilatlarda işləyən şəxslər üzrə isə 296,04 milyon manat proqnozlaşdırılıb. Bu sxem üzrə ?ondun portfelində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 32,5 faizi büdcə təşkilatlarının, 67,5 faizi isə qeyri-büdcə sektorunun payına düşəcək.
Dövlət büdcəsindən 1,6 milyard manat transfert
Fondun maliyyə dayanıqlılığının təmin edilməsi və büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1 milyard 600 milyon manat ayrılması nəzərdə tutulur. Bu vəsait dövlət büdcəsinin əmək pensiyaları üzrə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək. Həmin öhdəliklərin ümumi məbləği 2027-ci il üçün 3 milyard 831,72 milyon manat hesablanıb. Dövlət büdcəsindən ayrılacaq 1,6 milyard manat bu məbləğin 41,76 faizini təşkil edir. Dövlət büdcəsinin öhdəlikləri üzrə vəsait 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 100 milyon manat və ya 5,88 faiz az olacaq.
Orta aylıq pensiya 639 manata çatacaq
2027-ci ildə DSMF-nin xərcləri 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 789,47 milyon manat və ya 9,31 faiz çoxdur. Xərclərin böyük bir hissəsi - təxminən 8 milyard 670 milyon manatı əmək pensiyalarının ödənilməsinə, 280 milyon manatı isə sosial sığorta haqları hesabına verilən müavinətlərə yönəldiləcək. Əmək pensiyaları üzrə vəsaitin həcmi 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 676,55 milyon manat və ya 8,46 faiz çoxdur. Həmin xərc ssenarilərinə əsasən, 2027-ci ildə orta aylıq əmək pensiyasının 7,5 faiz artaraq 639 manata çatacağı gözlənilir. Fondun hesablamalarına görə, əmək pensiyaçılarının ümumi sayının 2027-ci ildə 718,39 min nəfər olacağı gözlənilir.
Pensiya xərclərinin artması əsasən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlıdır.
Hərbçilərin həyat yoldaşlarına müavinət verilə bilər
Gələn il sosial müavinət xərclərinin isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 37,85 faiz artacağı gözlənilir. Belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 47,38 milyon, hamiləliyə və doğuma görə - 77,34 milyon, uşağın anadan olmasına görə 84 milyon, 3 yaşınadək uşağa qulluğa görə 21,39 milyon manat, dəfn üçün 50,51 milyon manat müavinət ödənilməsi nəzərdə tutulur. Ən böyük vəsait uşağın anadan olmasına görə müavinətlərə ayrılacaq. Belə ki, növbəti ildən uşağın anadan olmasına görə müavinətin məbləği 1500 manat təşkil edəcək. 2026-cı ildə bu rəqəm 600 manatdır.
Gələn il sosial sahədə gözlənilən təşəbbüslərdən biri yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklifidir. Bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər təklif olunub. Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi nəzərdə tutulur. Həmin təklif parlament tərəfindən hələlik qəbul edilməyib, ancaq təşəbbüsün dəstəklənəcəyi istisna olunmur.
E.CƏFƏRLİ