Noyabrın 20-də YAP Saatlı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, formalaşma mərhələlərindən və ölkənin ictimai-siyasi həyatında qazandığı mövqedən bəhs edib. E.Əzizov 2 oktyabr 2026-cı il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən səsləndirilən fikirlər partiyanın qarşısında duran yeni vəzifələri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilir və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ərzində ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan, dövlət quruculuğu prosesinə verdiyi töhfələrdən və əldə etdiyi nailiyyətlərdən danışıb. Xalq-iqtidar birliyinin, milli həmrəyliyin və cəmiyyətdəki sabitliyin Azərbaycanın davamlı tərəqqisinin əsas amillərindən olduğunu xüsusi vurğulayıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyası ölkəmizdə dövlət quruculuğu prosesinin formalaşmasında və siyasi institutların inkişafında mühüm yer tutub. O diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra formalaşan yeni geosiyasi və siyasi reallıqlar ölkəmiz üçün geniş imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər də müəyyənləşdirir.
Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri, partiya veteranı Lütvəli Şıxəliyev, Partiya fəalı, Fətəlikənd kənd tam orta məktəbin müəllimi Bəturə Alıyeva və gənc partiya üzvü, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin dərnək rəhbəri Aytac Cahangirli qeyd ediblər ki, partiya ötən illər ərzində ölkənin siyasi həyatında fəal iştirak edərək dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, ictimai həmrəyliyin gücləndirilməsinə və müxtəlif sahələrdə həyata keçirilən inkişaf təşəbbüslərinə öz töhfəsini verib. Çıxışlarında həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin müasir dövrün çağırışlarına uyğun davam etdirilməsinin ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açdığını diqqətə çatdırıblar.
Çıxışlardan sonra rayon təşkilatının həyatında fəal iştirakına görə fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.