"34 il - Dövlətçilik, siyasi iradə və milli birlik yolu"

"34 il - Dövlətçilik, siyasi iradə və milli birlik yolu"

YAP Şərur rayon təşkilatı və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş “34 il- Dövlətçilik, siyasi iradə və milli birlik yolu" adlı tədbir keçirilmişdir.

 Tədbir  Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb Tədbirdə YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova, partiya veteranları Əli İsmayılov, Musa Quliyev və Əli Nəcəfov çıxış ediblər.Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi və siyasi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, partiyanın 34 illik şərəfli fəaliyyət yolundan və Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm roldan ətraflı bəhs olunub. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub. Məhz onun müdrik siyasəti, qətiyyətli rəhbərliyi və uzaqgörən strategiyası nəticəsində ölkəmizdə sabitliyin, inkişafın və güclü dövlətçilik ənənələrinin təməli möhkəmləndirilib.

Bildirilib ki,Yeni Azərbaycan Partiyasının Sədri cənab prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası xalqımızın milli qürurunu daha da yüksəldib. Bu tarixi nailiyyətlər Azərbaycanın güclü dövlət, xalqımızın isə müzəffər xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.

Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti dövlətçilik ideyalarına sədaqətin, milli maraqların qorunmasının, siyasi iradənin və xalqımızın gələcəyinə inamın parlaq təcəssümüdür. Müasir dövrün çağırışları nəzərə alınaraq partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, ideoloji işin təkmilləşdirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və təşkilati fəaliyyətin səmərəliliyinin yüksəldilməsi mühüm vəzifələr kimi diqqətə çatdırılıb. Tədbirin davamında Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib, fəaliyyətlərində fərqlənən bir neçə ərazi partiya təşkilatının sədrinə hədiyyələr verilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.