8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının milli iradəsinin və dövlət qüdrətinin təntənəsi

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının milli iradəsinin və dövlət qüdrətinin təntənəsi

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, bütöv bir xalqın taleyini dəyişən, milli yaddaşına əbədi həkk olunan hadisələrdir. 8 Noyabr – Zəfər Günü məhz belə möhtəşəm tarixlərdən biridir. Bu gün xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının rəmzidir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi ölkəmizin tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu müharibə təkcə torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə deyil, həm də uzun illər davam edən işğala, beynəlxalq hüququn pozulmasına və tarixi ədalətsizliyə qarşı xalqımızın qətiyyətli cavabı idi.

Müharibənin ilk günlərindən Azərbaycan xalqı dövlətinin, ordusunun və Ali Baş Komandanının ətrafında sıx birləşdi. Ölkədə misilsiz həmrəylik, vətənpərvərlik və qələbəyə inam nümayiş olundu. Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik məharəti və uzaqgörən strategiyası, xalqımızın birliyi, ordumuzun döyüş əzmi bu tarixi Qələbənin əsasını təşkil etdi. Dövlət başçısı həm döyüş meydanında gedən proseslərə rəhbərlik edir, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqq səsini qətiyyətlə müdafiə edirdi.

Lakin bu möhtəşəm Zəfərin arxasında böyük itkilər və misilsiz fədakarlıqlar dayanır. Minlərlə Vətən övladı torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Neçə-neçə ailə öz doğmasını itirdi, analar övlad, övladlar ata, bacılar və qardaşlar əzizlərini itirdilər. Şəhidlərimizin qanı ilə yazılan bu qəhrəmanlıq salnaməsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Biz şəhidlərimizi sonsuz ehtiram və qürur hissi ilə anırıq. Onların fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda dalğalanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə, müharibə veteranlarımıza can sağlığı arzulayırıq. Onların hər biri Zəfər tariximizin canlı qəhrəmanlarıdır.

Vətən müharibəsinin ən mühüm hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı müharibənin taleyini həll edən həlledici mərhələyə çevrildi. Azərbaycan əsgərinin misilsiz cəsarəti, hərbi peşəkarlığı və qəhrəmanlığı nəticəsində həyata keçirilən Şuşa əməliyyatı dünya hərb tarixinə unikal nümunələrdən biri kimi düşdü.

Şuşanın azad edilməsindən sonra Ermənistan hərbi əməliyyatları dayandırmağa məcbur oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla müharibəyə son qoyuldu. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bu ərazilərin hərbi əməliyyatlar aparılmadan geri alınması minlərlə insan həyatının qorunması baxımından da mühüm əhəmiyyət daşıyırdı.

Xüsusilə Kəlbəcərin mürəkkəb dağlıq relyefini və sərt iqlim şəraitini nəzərə alsaq, həmin ərazilərin siyasi-diplomatik razılaşma nəticəsində qaytarılmasının nə qədər vacib olduğunu aydın görərik. Bu, Prezident İlham Əliyevin hərbi qələbəni siyasi müstəvidə də uğurla möhkəmləndirən uzaqgörən siyasətinin mühüm nəticəsi idi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 illik işğal həsrətinə son qoydu. Azərbaycan Ordusu öz gücünü, xalqımız isə milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə sübut etdi ki, xalqın birliyi, güclü dövlət və qüdrətli ordu qarşıya qoyulan ən çətin məqsədlərə çatmaq üçün əsas amillərdir.

Zəfər tariximizin davamı olaraq 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Beləliklə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Bu qərar xalqımızın qəhrəmanlıq tarixinin, şəhidlərimizin müqəddəs xatirəsinin və dövlətimizin qazandığı misilsiz Qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Zəfərimizin nəticələrini işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində də görürük. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunur. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı təmin edilir. Bir zamanlar dağıntılara məruz qalmış şəhər və kəndlərimiz yenidən dirçəlir.

Bu quruculuq prosesi sadəcə infrastrukturun bərpası deyil, həm də xalqımızın öz tarixi torpaqlarında həyatın yenidən canlandırılmasıdır. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın inkişafının, quruculuq əzminin və gələcəyə inamının rəmzinə çevrilir.

Zəfər Gününün bizə aşıladığı ən mühüm dəyərlərdən biri milli birlik və həmrəylikdir. 2020-ci ildə xalqımızın nümayiş etdirdiyi birlik bir daha sübut etdi ki, güclü dövlətin təməlində güclü xalq, güclü ordunun arxasında isə xalqın dəstəyi dayanır. Prezident-Xalq və Ordu-Xalq birliyi Azərbaycanın tarixi uğurunun əsas dayaqlarından biri oldu.

Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə deyə bilər ki, 8 Noyabr yalnız hərbi qələbənin deyil, milli ləyaqətimizin, dövlətçilik iradəmizin və tarixi ədalətin təntənəsidir. Bu Zəfər gələcək nəsillərə vətənpərvərlik, dövlətə sədaqət və milli məsuliyyət nümunəsi kimi ötürüləcək.

Zəfərin memarları – Müzəffər Ali Baş Komandan İlham Əliyev, qəhrəman Azərbaycan əsgəri, Vətən uğrunda canından keçən şəhidlərimiz və bu müqəddəs mübarizədə bir yumruq kimi birləşən xalqımızdır.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, bayrağımız daim ucalarda olsun!

Eşq olsun Azərbaycan Ordusuna!

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Yaşasın Azərbaycan xalqının birliyi və həmrəyliyi!

Qarabağ Azərbaycandır!

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini.