Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun, Nəsimi Rayonu icra hakimiyyətinin başçısı Asif Əsgərovun, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Babaxanov Elman Ağamirzə oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad etdilər, məzarı üzərinə gül-çiçək dəstələri düzdülər. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhuna ehsan süfrəsi verildi.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.