Qurultay siyasi partiyanın ali orqanıdır. Məhz qurultaylarda partiyanın strateji xətti müəyyən edilir, rəhbər orqanlar seçilir, Proqram və Nizamnamə təkmilləşdirilir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixində səkkiz qurultay keçirilib və onların hər biri partiyanın inkişafında ayrıca mərhələ olub. Bu qurultayların tarixi həm də partiyanın təşkilati yetkinləşməsinin tarixidir.
1999-cu ilin dekabrında keçirilən I qurultayda Heydər Əliyev yenidən partiyanın Sədri seçildi. Qurultayda Siyasi Şuranın yeni tərkibi, Sədr müavinləri, İdarə Heyətinin üzvləri, icra katibi və onun müavinləri seçildi. Təsis konfransında qəbul edilmiş Proqram və Nizamnamə geniş müzakirə olunaraq əlavə və dəyişikliklərlə təsdiqləndi. Qurultayda Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin müasir beynəlxalq sistemdə layiqli yer tutması və hüquqi dövlət quruculuğu əsas məqsədlər kimi müəyyən edildi.
2001-ci il noyabrın 21-də keçirilən II qurultay taleyüklü qərarları ilə yadda qaldı. Nizamnaməyə dəyişikliklər edildi və yeni təsis olunan Sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. 108 nəfərlik Siyasi Şura və onun tərkibindən 26 nəfərlik İdarə Heyəti seçildi. 2005-ci il martın 26-da keçirilən III qurultayda İlham Əliyev yekdilliklə partiyanın Sədri seçildi, 102 nəfər Siyasi Şuraya, 25 nəfər İdarə Heyətinə, 17 nəfər Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçildi.
2008-ci il avqustun 2-də keçirilən IV qurultay partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. 2013-cü il iyunun 7-də keçirilən V qurultayda da eyni qərar qəbul edildi, İlham Əliyev yenidən partiyanın Sədri seçildi, Sədrin dörd müavininin adları, 90 nəfərlik Siyasi Şura, 21 nəfərlik İdarə Heyəti və 15 nəfərlik Nəzarət Təftiş Komissiyası açıqlanaraq qəbul edildi. 2018-ci il fevralın 8-də keçirilən VI qurultay da İlham Əliyevin namizədliyini irəli sürdü.
Bu qurultaylar arasında 2021-ci il martın 5-də keçirilən VII qurultay xüsusi yer tutur. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu. Bu, partiyanın təşkilati strukturunun müasirləşdirilməsi və idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm addım idi. Yeni Nizamnaməyə uyğun olaraq partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya Sədrinin birinci müavini, Tahir Budaqov partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov isə partiya Sədrinin müavini təyin edildi.
VII qurultayın digər mühüm qərarları da partiyanın strukturunun genişlənməsinə və yenilənməsinə yönəlmişdi. İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi seçildi. Bundan əlavə, yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçildi. Veteranlar Şurasının yaradılması partiyanın zəngin təcrübəyə malik üzvlərinin biliyindən və təcrübəsindən səmərəli istifadə edilməsinə, nəsillər arasında əlaqənin möhkəmlənməsinə xidmət edir.
VII qurultayın qərarları sonrakı illərdə partiyanın fəaliyyətində öz əksini tapdı. Yenilənmiş təşkilati struktur 2024-cü ilin prezident və parlament seçkilərində, 2025-ci ilin bələdiyyə seçkilərində partiyanın uğurlu çıxışına zəmin yaratdı. 2022-ci il noyabrın 21-də isə partiyanın 30 illiyi Heydər Əliyev Mərkəzində keçirilən tədbirlə qeyd olundu və Prezident İlham Əliyev tədbirdə çıxış etdi.
Nizamnaməyə görə qurultay ən azı beş ildə bir dəfə çağırılır. Bu tələbə uyğun olaraq 2026-cı il oktyabrın 2-də VIII qurultay keçirildi. Qurultayda 960 nümayəndə iştirak etdi, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdi. VIII qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay kimi tarixə düşdü.
Qurultayların tarixini izlədikdə partiyanın rəhbər orqanlarının strukturunda da müəyyən təkamül müşahidə olunur. Siyasi Şura, İdarə Heyəti və Təftiş Komissiyası kimi orqanlar hər qurultayda yenilənib, onların tərkibinə yeni üzvlər daxil edilib. Bu yeniləşmə partiyaya müxtəlif sahələrdən olan kadrları cəlb etməyə, gənc nəslin rəhbər orqanlarda təmsilçiliyini artırmağa imkan verib. Eyni zamanda, Sədr müavinlərinin və Mərkəzi Aparatın funksiyalarının dəqiqləşdirilməsi idarəetmənin səmərəliliyini yüksəldib.
Qurultaylarda qəbul olunan qərarlar yalnız partiyadaxili əhəmiyyət daşımayıb. IV, V və VI qurultaylarda prezidentliyə namizədliyin irəli sürülməsi, sonrakı seçkilərdə isə bu namizədliyin xalq tərəfindən böyük səs çoxluğu ilə dəstəklənməsi qurultay qərarlarının ölkənin siyasi həyatına birbaşa təsirini göstərir.
Qurultayların ardıcıl və vaxtında keçirilməsi partiya daxilində demokratik prosedurlara əməl olunmasının göstəricisidir. Hər bir qurultay partiyanın keçdiyi yolu dəyərləndirmək, yeni hədəflər müəyyən etmək və rəhbər orqanları yeniləmək imkanı yaradır. Yeni Azərbaycan Partiyasının 34-cü ildönümündə qurultaylar tarixinə nəzər salmaq partiyanın necə formalaşdığını, necə inkişaf etdiyini və gələcəyə hansı təcrübə ilə getdiyini daha aydın görməyə imkan verir.
Günel Məmmədova
5 saylı şəhər poliklinikanın baş həkimi