YAP-ın 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədli Sumqayıtda seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədlinin Sumqayıtda seçicilərlə görüşləri davam edir. Növbəti belə görüş Sumqayıt şəhər 1 saylı İnternat tipli Gimnaziyanın iclas zalında baş tutub. Görüşdə çıxış edən namizədin vəkilləri qarşıdan gələn parlament seçkiləri haqqında geniş məlumat veriblər. Bildirilib ki, xalqımız ölkəmizdə aparılan dərinməzmunlu islahatları dəstəkləyir. Vurğulanıb ki, Sumqayıt seçiciləri bütün seçkilərdə aktiv iştirak edib və YAP-ın namizədlərinə səs verirlər.
Çıxış edən deputatlığa namizəd M.Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. M.Məmmədli seçicilərin ona etimad göstərəcəyi təqdirdə bu etimadı doğruldacağına söz verib və görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirib.
Sonda vətəndaşlar tərəfindən təklif və müraciətlər dinlənilib.