Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları noyabrın 1-də keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün uğurlu seçki kampaniyasını davam etdirir. Dünən başlayan təşviqat mərhələsində partiyanın şəhər və rayon təşkilatlarının Seçki qərargahları operativ və çevik fəaliyyət göstərirlər. Abşeron rayonunda da partiyamızın namizədinin uğurlu təşviqat kampaniyası aparılır. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Əsədov Oqtay Sabir oğlunun təbliğat plakatları xüsusi ayrılmış yerlərdə yapışdırılıb.
Ümumiyyətlə, rayon təşkilatının Seçki Qərargahı bu günə qədər nəzərdə tutulan bütün seçki hərəkətlərini uğurla yerinə yetirib. Təbliğat və təşviqat kampaniyasının da müvafiq plan üzrə müvəffəqiyyətlə başa çatdırılması üçün rayon təşkilatının Seçki Qərargahı bütün gücünü səfərbər edib. Bu günə qədər rayon təşkilatında qərargahın üzvləri və imza toplayan partiya fəalları üçün treninqlər, həmçinin təşkilatda iclaslar keçirilib. İşin daha səmərəli təşkili üçün mütəmadi məsləhətləşmələr aparılıb. Eyni zamanda, təşviqat kampaniyasında iştirak edən partiya fəalları və gənclər kampaniyanın necə aparılacağı ilə bağlı təlimatlandırılıblar.