Azərbaycanın müasir dövlətçilik tarixində 21 noyabr 1992-ci il xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Həmin tarixdə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində yeni siyasi mərhələnin əsasını qoydu. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, ölkədə siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ciddi təhlükələr yaratmışdı. Belə bir dövrdə xalq ölkənin gələcəyini düşünən, dövlətçilik təcrübəsinə və siyasi iradəyə malik liderin ətrafında birləşməyə ehtiyac duyurdu. Məhz bu zərurətdən irəli gələrək 91 nəfər tanınmış ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider bu müraciəti qəbul edərək yeni siyasi təşkilatın yaradılmasına razılıq verdi. Nəticədə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin gələcək inkişafının təmin edilməsi təşkil edirdi. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyevin Bakıya qayıdışı ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycan həm daxili siyasi böhran, həm də Ermənistanın hərbi təcavüzü ilə üz-üzə idi. 1992-ci ildən başlayan işğal prosesi nəticəsində Şuşa, Laçın, Xocalı və digər ərazilərimiz itirilmiş, 1993-cü ildə isə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan da işğala məruz qalmışdı. Bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmışdı. Belə ağır şəraitdə Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, ordu quruculuğunun inkişafı və beynəlxalq münasibətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə atəşkəsin əldə olunması, iqtisadi islahatların başlanması və beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar yaratdı.
2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildi. Bu dövrdə ölkənin iqtisadi potensialının artırılması, müasir infrastrukturun qurulması, müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir ordunun formalaşdırılması və beynəlxalq əlaqələrin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. İşğal altında olan torpaqlarımızın azad edilməsi məsələsi Azərbaycanın xarici siyasətinin və diplomatik fəaliyyətinin əsas prioritetlərindən biri olaraq qaldı. Uzun illər davam edən danışıqlardan nəticə əldə olunmaması, Ermənistanın yeni təxribatları və hərbi təcavüzü 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazandı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və yüzlərlə yaşayış məntəqəsi azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini müəyyən edən mühüm hadisələrdən biri oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana qaytarılması təmin edildi.
Bu tarixi Zəfərin arxasında Azərbaycan xalqının birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimizin göstərdiyi igidlik heç zaman unudulmayacaq. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa olundu. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm tarixi mərhələ tamamlandı. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir.
Bu gün Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə başlayan siyasi tarixindən danışarkən Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, Prezident İlham Əliyevin rəhbərliyi dövründə baş verən tarixi hadisələri və xalqımızın keçdiyi mürəkkəb yolu birlikdə dəyərləndirmək vacibdir. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın tarixi ilə yanaşı, Azərbaycanın siyasi həyatında müxtəlif dövrlərin davamlılığını ifadə edən mühüm tezis kimi xatırlanır. Dünən dövlət müstəqilliyinin qorunması uğrunda mübarizə aparan Azərbaycan bu gün öz suverenliyini tam təmin etmiş, işğaldan azad edilmiş torpaqlarında yeni həyat qurmağa başlamışdır. 21 noyabr tarixi isə bu siyasi təşkilatın yaranmasını və müasir Azərbaycanın dövlətçilik tarixində baş verən mühüm dəyişiklikləri xatırladan əlamətdar gündür.
Anar Əhmədov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi