Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Makronun bütün kəşfiyyat strukturu ifşa olunur

Makronun bütün kəşfiyyat strukturu ifşa olunur

08.04.2025 [09:15]

Son vaxtlar Fransanın kəşfiyyat xidməti ilə bağlı tez-tez ifşaedici faktlar aşkarlanır. “Haber Global”ın məlumatına görə, növbəti belə bir məlumat barədə “Intelligence Online” adlı nüfuzlu xəbər saytında dərc olunan məqalədə  geniş bəhs olunub. Bildirilib ki, “Qaranlıqlar şahzadəsi” kimi tanınan Aleksandr Benallanın da təmsil olunduğu kəşfiyyat qrupunun fokuslandığı əsas nöqtələr Balkanlar və Yaxın Şərqdir. “Intelligence Online” Makronun getdikcə daha çox kəşfiyyat yönümlü xarici siyasət yürütməyə başladığını vurğulayır.

Xəfiyyələrə ən çox səlahiyyət verən prezident

Sirr deyil ki, ayrı-ayrı dövlətlərin hakimiyyətləri özlərinin siyasi ömrünü uzatmaqdan ötrü ölkə daxilində və xaricində hörümçək toruna bənzəyən agentura şəbəkəsi qururlar. Bu pis ənənə əsasən yarıtmaz siyasətinə görə nüfuzdan düşən, xalqın etimadını itirən mürtəce hakimiyyətlərə xasdır. Buna ən tipik nümunələrdən biri məhz Makronun idarəçilik üsuludur. Onun iki prezidentliyi dönəmi Fransa üçün çox uğursuz olub. Aparılan yarıtmaz siyasətin nəticəsi olaraq ölkə daxili və xarici siyasətdə təbəddülatlarla üzləşir. Artıq böyük Fransanın tarixi ənənələrindən əsər-əlamət yoxdur. Ölkənin bugünkü reallıqları tamam fərqli rakursdan diqqət çəkir. Paytaxtda və regionlarda ardıcıl hal alan etirazlardan görünür ki, ölkə boyunca narazılıqlar pik həddə çatıb. İnsanlar sosial vəziyyətlərinin getdikcə pisləşməsindən narazılıq edirlər. İqtisadiyyatda geriləmələr ara vermir, əhalinin vergi yükü hədsiz dərəcədə böyüyüb. İş o yerə çatıb ki, hətta davamlı olaraq artırılan vergilər də büdcə kəsirlərini bağlamaq üçün yetərli deyil. Son bir ildə Yelisey Sarayı həm hökumət böhranı, həm də siyasi iflasla üzləşib. Ötən il Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə ağır məğlubiyyət acısı yaşayan Makrona hökuməti formalaşdırmaq çox çətin başa gəldi. Ölkədə hökumət dəyişikliyi permanent hal alıb. Hazırkı hökumətin uzunömürlü olacağına da heç bir inam yoxdur.

Fransanın hazırkı xarici siyasəti də eyni dərəcədə uğursuzdur. Ölkə Avropa İttifaqında (Aİ) mövqelərini itirməkdədir. Makronun Avropa liderinə çevrilmək xülyası, necə deyərlər, daşlara dəyərək çilik-çilik olub. Hazırda Yelisey Sarayının xarici siyasətdə ən böyük problemlərindən biri müstəmləkələrlə bağlıdır. Fransanın 500 illik müstəmləkəçilik tarixi məhz Makronun dönəmində özünün qürub çağını yaşayır. Müstəmləkələrdə ağır şərtlər altında aparılan sümürmə siyasəti Fransaya böyük sərvət gətirirdi. İndi isə bu nəhəng imperiya çökmək ərfəsindədir. Müstəmləkə ərazilərində rəsmi Parisə qarşı kəskin etirazlar dalğası başlayıb və getdikcə daha çox ölkədə “Rədd ol, Fransa!” şüarları səslənir. Artan etirazların nəticəsi olaraq Yelisey Sarayı bir-birinin ardınca keçmiş müstəmləkə ölkələrindən geri çəkilmək məcburiyyətində qalır.

Bu gedişlə Makronun hakimiyyətini itirməsi labüd reallığa çevriləcək. Belə görünür ki, bunun fərqində olan Makronun hakimiyyətini qorumaq üçün ən eybəcər siyasi texnologiyaya əl atmaqdan - agentura şəbəkəsinin xidmətlərindən yararlanmaqdan başqa çarəsi qalmayıb. Təsadüfi deyildir ki, məqalədə Makron, həmçinin ölkə tarixində kəşfiyyat strukturuna ən çox səlahiyyət verən prezident kimi xarakterizə edilib.

Hərbi ekspertlər bildirirlər ki, ölkəni faktiki olaraq agentlər idarə edir. Mənbələr Makronu hakimiyyətə gətirən və onun hakimiyyətdə qalmasını təmin edən qüvvələr arasında kəşfiyyat dairələrinin xüsusi rolunun olduğunu vurğulayır.

Məqalədə qeyd olunub ki, Makron hər il kəşfiyyata ayrılan büdcəni artırır. 2017-ci ilin büdcəsi 2,4 milyard avro idi. 2023-cü ildə isə 3,1 milyard avroya yüksəlib: “Həmin vaxt, həmçinin kəşfiyyat orqanlarında çalışanların sayı 13 faiz artıb. Makron tərəfindən yaradılan Milli Kəşfiyyat və Terrorla Mübarizə Koordinasiya Bölməsi böyüməyə davam edir. Bölmənin rəhbər işçilərinin sayı 6-dan 30-a çatdırılıb. Yelisey Sarayına yaxın mənbələr Makronun kəşfiyyat işçilərinə həftəlik xarici siyasət tapşırıqları verdiyini bildirirər. Xidməti yazışmalarda adlar əvəzinə “P3” və ya “E3” kimi kodlardan istifadə olunur”, - deyə məqalədə bildirilir.

Azərbaycanın uğurlu əks-kəşfiyyatı

Son vaxtlarda Makronun özü və onun komandasında yer alan məmurlar müxtəlif auditoriyalar qarşısında Azərbaycanla bağlı əsassız iddialar səsləndirirlər. Beynəlxalq hüquq və ədalət prinsiplərində çıxış edərək Afrikanın, dənizaşırı ərazilərin müstəmləkə zülmü altında inləyən xalqlarının azadlıq mübarizəsinə mənəvi-siyasi dəstək verən, informasiya blokadasını dağıdan Azərbaycan Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Rəsmi Bakının hansısa bir ölkənin daxili işlərinə qarışmaq kimi bir niyyəti yoxdur. Müstəmləkə zülmündən qurtulmaq istəyən xalqlara dəstək verməklə isə Azərbaycan insan haqlarının, demokratiyanın müdafiəsinə qalxır. Makronun komandasının ölkəmizə qəzəbi də məhz buradan qaynaqlanır. Yelisey Sarayının qəzəbini artıran həmçinin Makronun xəfiyyə şəbəkəsinin Cənubi Qafqazda ilk dəfə məhz respublikamızda ifşa olunmasıdır. Məqalədə Makronun Azərbaycana da kəşfiyyat qrupu göndərdiyi iddia olunub. Bildirilib ki, Azərbaycan öz növbəsində Fransaya qarşı çox uğurlu əks-kəşfiyyat aparır. Belə ki, Paris indiyədək Bakıda öz planlarını həyata keçirə bilməyib.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi məhz ilk dəfə respublikamızda ifşa olunub. Hər şey xəfiyyələrın Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Bakıda aparılan araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə region ölkələri ilə  əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbsə alınıb. Diqqət çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da belə çirkin fəaliyyətlərdə iştirak etdikləri təsdiqlənib. Bu, Makronun komandasının son dərəcə mürtəce, beynəxalq hüquqla bir araya sığmayan siyasət apardığını təsdiuqləyən təkzibolunmaz faktdır. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən ifşa olunan faktların doğurduğu rezonans o qədər böyük oldu ki, Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etmək məcburiyyətində qaldı.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30