Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Kədərə sevinən...

Kədərə sevinən...

10.02.2023 [10:59]

Fransa-Ermənistan

Son günlərdə qardaş Türkiyədə baş verən zəlzələnin miqyası çox böyükdür. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Verilən son məlumatlara görə artıq 7 mindən çox insan həyatını itirib və 40 minədək insan yaralanıb. Rəqəmlər saatbasaat dəyişir, ölənlərin və yaralananların sayı durmadan artır. Bütövlükdə, dağıdıcı zəlzələ qardaş ölkənin 10 vilayətində 13,5 milyon insana bu və ya digər formada təsir göstərib. Maddi ziyanın dəyəri də böyük rəqəmlərlə ifadə olunur. Qardaş ölkədə baş vermiş faciə ilə bağlı 7 günlük matəm və 10 əyalətdə 3 ay müddətində fövqəladə vəziyyət elan olunub.

Dünyanın həmrəyliyi

Hazırda bütün dünya Türkiyədə baş verən dəhşətli zəlzələnin şokunu yaşayır. Biz güclü beynəlxalq həmrəyliyin şahidi oluruq. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarından, beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngləri, başsağlığı teleqramları gəlir. Bu telefon zənglərində və başsağlığı teleqramlarında baş vermiş faciəyə görə dərin kədər və üzüntü ifadə olunur. Eyni zamanda, müxtəlif dövlətlərdən qardaş ölkəyə çoxsaylı xilasedici dəstələr, həkim briqadaları, zəruri texnika və maddi yardımlar göndərilib.

Azərbaycan qardaş ölkənin faciəsini öz kədəri kimi qəbul edib. Prezident

İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verib. Eyni zamanda, Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dünən respublikamızdan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərilib. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Fevralın 14-dək davam etməsi nəzərdə tutulan yardım kampaniyasına dəstək göstərən əhali tərəfindən çoxsaylı əşya və ləvazimatlar gətirilməkdədir.

Bu çətin günlərdə digər Türkdilli ölkələr də Türkiyənin yanındadırlar. “Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən zəlzələnin səbəb olduğu can və mal itkisini böyük kədər hissi ilə öyrəndik”. Bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanbiçek Ömüralıyev özünün tviter səhifəsində yazıb. “Türk Dövlətləri Təşkilatı olaraq bu çətin günlərdə Türkiyə Respublikası hökumətinin və qardaş türk xalqının yanındayıq” yazan Baş katib həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib: “Türk xalqının gücü və müqavimətinin bu fəlakətin tezliklə aradan qaldırılmasına kömək edəcəyinə inanırıq”.

Fransanın öz xisləti

Dəhşətli zəlzələ ilə üzləşən Türkiyəyə getdikcə artan qlobal həmrəyliyin fonunda bəzi dövlətlərin soyuqqanlı davranışları da diqqətdən kənarda qalmır. Dünya binə olandan bəri qlobal faciələr bəşəriyyəti birləşdirib. Belə vəziyyətlərdə ölkələr, cəmiyyətlər aralarındakı ədavəti unudublar, bir-birlərinə yardım əli uzadıblar. Kədərin bölüşdürülməsi bir insanlıq, humanizm jestidir.  Ancaq Türkiyədə baş verən dağıdıcı zəlzələyə bivec yanaşma ortaya qoyan dövlətlərin rəsmiləri sanki insan faciələrini görməmək və eşitməmək üçün gözlərinə qara eynək, qulaqlarına pambıq tıxayıblar. Bu yerdə qışqırmaq, haray qoparmaq istəyirsən: Dağıntılar altında qalan, çarəsiz halda imdad diləyən uşaqların və böyüklərin fəryadına biganəlik göstərən bu soyuq canları neylərdin, İlahi?

Fransanın davranışlarını da məhz bu qəbildən səciyyələndirmək mümkündür. Bu ölkənin qardaş Türkiyəyə və bütövlükdə, İslam dünyasına ədavətli münasibəti hər kəsə bəllidir. Özünü hər nə qədər tolerant və demokratik ölkə adlandırsa da, Fransada türkofobiya və islamofobiya pik həddə çatıb. Biz bu ölkədə müxtəlif səviyyələrdə Türkiyənin və Azərbaycanın əleyhinə ən sərt məzmuna malik açıqlamalar eşidirik. Fransa daim ölkəmizə və Türkiyəyə qarşı ərazi iddiaları sərgiləyən Ermənistana heç bir ədalət meyarına sığmayan dəstək nümayiş etdirir.

Bütün bunlar başqa bir söhbətin mövzusudur. İndi Türkiyə insanlıq faciəsi ilə üzləşib. Belə bir məqamda Fransanın ədavətini açıq-aşkar ortaya qoyması bu ölkədə mənəvi dəyərlərin tamam aşınmasından xəbər verir. Düzdür, zəlzələ baş verəndən sonra Fransa prezidenti Emmanuel Makron  “Tvitter” səhifəsində yazıb: “Türkiyənin üzləşdiyi dəhşətli sınaqda Fransa həmrəydir”.

Ancaq E.Makronun paylaşımı, Ərdoğana başsağlığı zəngi yada “xala xətrin qalmasın” zərb-məsəlini salır. Bu ölkənin Türkiyədə baş vermiş faciəyə münasibətində səmimi olmadığı açıq şəkildə hiss olunur. Bunu təsdiqləmək üçün uzağa getmək lazım deyil. Fransanın “Charlie Hebdo” nəşri  sosial şəbəkələrdə Türkiyədəki zəlzələ ilə bağlı nifrət dolu paylaşım edib. Nəşrin hazırladığı karikatura jurnalın “Tvitter” hesabında “Günün fotosu” həştəqi ilə paylaşılıb. Paylaşılan fotolara “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıları ilə şərhlər verilib.

Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti Türkiyəyə və İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə Türkiyəni və İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Belə görünür ki, “Charlie Hebdo” jurnalı özünün pis ənənəsini davam etdirir. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür.

Digər bir məqama diqqət çəkək. “Bakıda Avropa İttifaqı, Almaniya, Niderland, İsveç, Belçika, Estoniya, Latviya səfirliklərinin bayraqları Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yarıya qədər endirilib”. Bunu Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann tviterdə bildirib. Fikirlərinə davam edən səfir vurğulayıb: “Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu gün  (sırağagün - red.) Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib. Hadisə ilə bağlı həmrəylik nümayiş etdirilir. Fikirlərimiz və dualarımız dağıntılardan zərər çəkənlərin yanındadır”.

Sual olunur: Bəs Fransanın bayrağı niyə endirilməyib? Əlavə şərhə ehtiyac yoxdur. Həmişə özünü Avropanın aparıcı dövləti kimi təqdim edən Fransa bu dəfə qoca qitədən ayrılıb. Səbəb Türkiyəyə nifrətdir.

Böyük bacının tökdüklərini yığan kiçik bacı

Fransa ilə Ermənistanın bacılaşdıqları hər kəsə bəllidir. Bunun hansı anlama gəldiyinin izahını hər iki ölkənin rəsmilərinin öhdəsinə buraxaq. Dünyanın Türkiyədəki zəlzələnin dəhşətini yaşadığı indiki dönəmdə kiçik bacının da (Ermənistan) böyük bacının (Fransanın) yolu ilə getdiyinin şahidi oluruq. Sanki kiçik bacı böyük bacının tökdüklərini yığır və Türkiyənin faciəsinə açıq-aşkar sevinir. “Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbəri kədərlidir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan kömək etməyə hazırdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında etdiyi  paylaşımında bildirib. N.Paşinyan, həmçinin Ərdoğana telefon açaraq başsağlığı verib və ölkəsinin yardım təklifini edib.

Ancaq N.Paşinyanın da “kədəri” boğazdan yuxarıdır. Ermənistan cəmiyyətinin ovqatı, sosial şəbəkələrin erməni seqmentində “toy-büsat” qurulması belə deməyə əsas verir. Sosial şəbəkələrdə paylaşım edən ermənilər türklərin “cəzalandırılmasından” yazırlar və buna sevindiklərini gizlətmirlər. Bu günlərdə Ermənistan KİV-lərində Türkiyədə baş verən zəlzələ ilə bağlı xəsisliklə yayılan məlumatlar  həm də qərəzli prizmadan təqdim olunur.

Bu arada erməni din xadimlərinin də sevinc hissləri sanki aşıb-daşır. Erməni apostol kilsəsinin katolikosu II Qaregin Suriya prezidenti Bəşər Əsədə başsağlığı teleqramı vurub, lakin Türkiyəyə başsağlığı verməyib. Katolikos günahsız qurbanların ailələrinə təsəlli, yaralıların tezliklə sağalmasını arzulayıb. Erməni patriarxı Uca Tanrıdan xahiş edir ki, dost Suriyanı özünün xeyir-duası altında saxlasın, ona dinc və təhlükəsiz günlər bəxş etsin.

Son günlərdə regionda baş verən zəlzələlərin miqyası Türkiyədə daha böyükdür. Erməni patriarxı isə burada da ədavətindən qalmayaraq Türkiyəyə başsağlığı verməyə lüzum görməyib. Sədd heyif ki, Ermənistan cəmiyyəti məhz bu qəbildən olan bölücü və millətçi din xadimlərinin türklərə və azərbaycanlılara nifrət aşılayan “xeyir-duaları” ilə formalaşır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31