Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Kremlin PUA “müəmması”...

Kremlin PUA “müəmması”...

06.05.2023 [11:10]

Hücumun arxasında kim dayanır?

Prezident Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsinə cəhd Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətlərində yeni bir mərhələnin başlanğıcı sayıla bilər. İndiyə qədər prosesin sülhlə nizamlanması istiqamətində kiçik ümidlər vardısa belə, qarşıdakı dövrdə belə bir perspektiv istisna edilir. Çünki ritorikalar sərtləşdirilir, qarşılıqlı ittihamlar güclənir.

Qeyd edək ki, Kremlin Mətbuat xidmətinin ilkin məlumatında baş verənlər dövlət başçısı Vladimir Putinə Kiyev tərəfindən sui-qəsd cəhdi kimi qiymətləndirilmişdi. Bəyanatda o da vuğulanırdı ki, Moskva Kiyevin Kremlə zərbə endirmək cəhdinə “harada və nə vaxt” sualına cavab vermək hüququnu özündə saxlayır. Baş verənlərlə bağlı birmənalı rəyin formalaşmamasına ən böyük səbəb də məhz bu kimi açıqlamalar olub. Hətta bəzi siyasi və hərbi ekspertlər bunu “feyk” hücum adlandırır, arxasında Rusiyanın özünün dayandığını iddia edirlər.

Moskva ittiham,   ABŞ isə rədd edir...

Səbəb kimi isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun hücumdan sonrakı dövrdə birmənalı şəkildə ABŞ-ı günahlandırması göstərilir. Belə ki, Peskov bildirmişdi ki, Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilib. Onun sözlərinə görə, Kiyev və Vaşinqtonun Kremlin “terror hücumu” və “Vladimir Putinə sui-qəsd cəhdi” adlandırdığı insidenti inkar etmək cəhdləri gülüncdür. “Moskva müxtəlif cavab variantlarını nəzərdən keçirir. Söhbət yalnız ölkənin maraqlarına cavab verən düşünülmüş addımlardan gedir”, - Peskov vurğulayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi isə bildirmişdi ki, ABŞ Kremlə PUA hücumunda iştirak etmir. O, Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulamışdı.

Ağ Evin bu açıqlamsından sonra Kremlin “hədəfi” dəyişsə də, məsələyə yanaşması dəyişmədi. Dmitri Peskov bildirdi ki, Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır: “Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.

Ukrayna da “boyun qaçırdı” - hücuma yiyə duran yoxdur...

Ən maraqlı hal isə Ukraynanın da bu məsələdən “boyun qaçırmasıdır”. Daha doğrusu, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın olması ilə bağlı iddialarını rədd edib. Beləliklə, hücuma “yiyə duran” tapılmır. Ukrayna tərəfi iddia edir ki, belə bir hücumla əlaqələri yoxdur - ən əsası isə Qərbin hərb mütəxəssislərinin fikrincə, Moskva ən müasir raket əleyhinə qurğularla mühafizə olunur. Beləliklə, Kremlə qarşı hər hansı bir hücum haqda iddia etmək hərbi cəhətdən mümkünsüzdür. Məsələn, Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Sky News”a açıqlamasında bildirib ki, Kremlə hücumu Rusiya özü təşkil edib. Onun sözlərinə görə, Kremlə hücum Ukraynaya nə isə qazandırmır: “Üstəlik, hər kəs bilir ki, Rusiya prezidenti Vladimir Putin Kremldə qalmır. Yəni Kiyevin bu addımdan qazanacağı bir şey yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var idi: “Rusiya bu yolla sosial birliyi təmin edir və daha təhlükəli bombardmanlara şərait yaradır”.

Bu hücum daha çox kimin işinə yarayır?

Yəni, Rusiya bu yolla özünü kompensasiya etməyə çalışır. Bunu iki istiqamətdə izah etmək mümkündür:

- Müharibəyə münasibətdə xalqın aşkar narazılıqlarının qarşısını almaq istəyir;

- Mümkün yeni səfərbərliklə bağlı “münbit şərait” yaradır;

- Ukraynaya və Qərbə münasibətdə xalqın loyallıq səviyyəsini azaltmağa çalışır.

İkinci istiqamətə gəldikdə isə:

- Yay aylarında Ukraynanın başlada biləcəyi əks-hücuma qarşı kontr-arqumentlər formalaşdırır;

- Finlandiyanın NATO ölkəsi olması ilə yaranan təhdidə qarşı “planlar” qurur;

- Müharibə başlanan gündən ortaya atılmış “nüvə ritorikası” üçün əsaslar yaradılır.

Əks-hücuma qarşı “PUA hücumu”...

Yuxarıda qeyd edilən birinci istiqamət daxili auditoriyaya yönəlir. Bu gün Rusiyada müharibə ab-havasının yaşanmadığı hətta dövlət rəsmiləri tərəfindən belə etiraf olunur. Eyni zamanda, Rusiyanın hətta tanınmış incəsənət xadimlərinin ard-arda Kremlə etiraz olaraq Rusiyanı tərk etməsi hakimiyyətin işini çətinə salıb. İctimai fikirdə “müharibənin əsaslandırılması”nı daha da gücləndirmək üçün “özünüvurma” əməliyyatının keçirilməsi ehtimalı yaranır.

Digər tərəfdən, Rusiya hakimiyyəti bu yay Ukraynanın “Qərbin dəstəyi ilə” başladacağı gözlənilən əks-hücumun yaratdığı narahatlıqları kompensasiya etməyə çalışır. Bəlli olduğu kimi, artıq bir sıra Qərb ekspertləri may ayında böyük bir əsk-hücumun gözlənildiyini bildirirlər. Rusiya isə bunun qarşısını almaq üçün mütləq şəkildə bəzi addımlar atmalıdır. Bunun üçün isə “bəhanə” lazımdır...

Nüvə təhlükəsinin ciddiyə alınması üçün...

Bu məsələdə ən mühüm nüans isə “nüvə təhlükəsi” təhdididir. Təsadüfi deyil ki, Kremlə edilən hücumun səhəri gün Ukraynaya nüvə silahı atıla bilməsi haqda informasiya yayılmışdı. Bəzi nəşrlər bununla bağlı SOS siqnalları verirdi və bildirilirdi ki, bir sıra TU-22M təyyarələrinin uçuşa hazırlanması üçün Engels və Şaykovkadakı aviabazalara göstərişlər göndərilib və gecə saatlarında Kiyevdə bir sıra inzibati binalara raket hücumları həyata keçirilmə ehtimalı haqda danışıqlar gedir. Hətta ilk dəfə nüvə silahından istifadə oluna biləcəyi ehtimalı irəli sürülürdü. Bu da təsadüfi deyildi. Aprelin 27-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirmişdi ki, Rusiya tərəfi nüvə eskalasiyası ilə bağlı vəziyyətin daha da pis inkişafının qarşısını almaq üçün hər şeyi edir, lakin Qərb Moskvanın qətiyyətinə şübhə etməməlidir. M.Zaxarova qeyd etmişdi ki, Amerika strateqləri mütəxəssislərin dediyi kimi, hipotetik nüvə eskalasiya pillələri ilə bağlı illüziyalar içərisindədirlər: “Biz hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün hər şeyi edəcəyik... Amma mən qətiyyətimizə şübhə etməyi və bunu praktikada sınaqdan keçirməyi məsləhət görmürəm”. O vurğulamışdı ki, Qərb dövlətləri indi “strateji riskləri azaltmaq öhdəliyi haqqında” öz bəyanatlarına zidd hərəkət edir, inadla nüvə münaqişəsinin kəskinləşməsinə doğru gedirlər.

Zaxarovanın bu bəyanatı bu ilin fevralında baş verən “nüvə böhranı”nın ardından Rusiya tərəfindən dilə gətirilən ən sərt bəyanat sayılırdı. Xatırladaq ki, fevralın 20-də ABŞ Prezidenti Co Baydenin Ukraynaya gözlənilməz səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar, eyni zamanda, Polşadakı çıxışı, Ukraynaya ediləcək hərbi yardımların anonsları Rusiyanı mühüm addımlar atmağa sövq etmişdi - Prezident Putin Rusiya Federasiyasının “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakın dayandırılması ilə bağlı qanun imzalamışdı.

Beləliklə, Qərb mütəxəssisləri Kremlə hücumla Putinin qərarı və Zaxarovanın bəyanatı arasında əlaqlər qurur. PUA hücumu isə qarşıdakı müddətdə Rusiya üçün yaxşı bir “bəhanə” rolunu oynaya bilər...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31