Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Tezislər dəyişir...

Tezislər dəyişir...

26.06.2023 [10:40]

Mübariz ABDULLAYEV

İkinci Qarabağ müharibəsinin başa çatmasından bizi cəmi iki il yarımdan bir qədər artıq zaman məsafəsi ayırır. Vaxt qısa olsa da, baş verən dəyişikliklərin miqyası çox böyükdür. Deyə bilərik ki, 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı Zəfərin məntiqi nəticəsi olaraq tarixi proseslərə şahidlik edirik. Diqqəti çəkən əsas məqam isə bu tarixi proseslərə məhz qalib Azərbaycanın istiqamət verməsidir. Respublikamız ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanan mövqeyində qətiyyətli yanaşma ortaya qoyur, yeni reallıqlarla adekvatlıq təşkil edən təşəbbüslər irəli sürür və bunlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Eyni zamanda, məğlub Ermənistanın da yaranmış vəziyyətlə barışmaqdan özgə çıxış yolu yoxdur.

Gündəliyi Azərbaycan müəyyən edir

44 günlük müharibədən əvvəlki mərhələdə və postmüharibə dövründə Azərbaycanla Ermənistanın mövqeyində, həmçinin beynəlxalq təşkilatların, ayrı-ayrı güc mərkəzlərinin iki ölkə arasındakı münasibətlərə yanaşmasında köklü dəyişikliklərin baş verdiyinin şahidi oluruq. Müstəqil Azərbaycan 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirdi. Həmçinin beynəlxalq birlik xalqımızın yenilməz iradəsinin, torpaq sevgisinin şahidi oldu. Sirr deyil ki, son otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm də bu forpost dövlətin xaricdəki havadarları, eləcə də ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı. İddia olunurdu ki, guya Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Bundan başqa, Ermənistan güc tətbiq etməklə işğal altına aldığı ərazilərimizdə siçan yuvalarını xatırladan istehkamlar qurmuşdu. Düşmən tərəf bununla işğal faktını sonsuzadək uzatmaq məqsədi güdürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əks-hücum əməliyyatlarını böyük uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz Ermənistanın və onun havadarlarının “yenilməz ordu”, “keçilməz istehkam”lar uydurmalarını dağıtdı. Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi və göstərdi ki, kim döyüşkən xalqdır.

Postmüharibə dövründə Azərbaycan igid hərbçilərimizin şücaəti ilə qazanılan tarixi Zəfərini siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirməli idi və bunu bacardı. Bu gün biz bölgədə söz sahibiyik.Təsadüfi deyildir ki, Prezident   İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində bu günlərdə təşkil olunan tədbirdəki çıxışında ölkəmizin postmüharibə dövründə mövqelərinin möhkəmləndiyinə qürur hissi ilə diqqət çəkib. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycandır. Bu gün regionda proseslər yenə də ölkəmizin, Prezident İlham Əliyevin  təklifləri əsasında cərəyan edir. Dövlətimizin başçısı qısa xatırlatma edib. Vətən müharibəsindən sonrakı birinci aylarda Ermənistanın havadarları bizə köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. “Biz isə bunu qətiyyətlə rədd etdik və bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir. Bu məsələlər elə-belə yaranmır. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Biz tələb edirik ki...

Müharibədən əvvəlki mərhələdə olduğu kimi, postmüharibə dövründə də Ermənistan və onun havadarları regionda sülhə və təhlükəsizliyə təhdidlər yaradan fəaliyyətlərini yalan tezislərə əsaslanmaqla həyata keçirməyə çalışırlar. Məsələn, 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən, indiki mərhələdə isə düşmənin təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan qisasçılıqda ittiham edilir. Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədən bir ölkədir. Otuz illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəni-dini irsimizi dağıdan, bir milyondan çox soydaşımızı yurd-yuvasından didərgin salan, Xocalı qətliamı törədən Ermənistan müharibə günlərində yeni hərbi cinayətlər törətdi. Keçmiş təmas xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Ağcəbədi intensiv atəşə tutuldu. Nəticədə 100-dək dinc sakin həyatını itirdi, mülki infrastruktura ciddi ziyan dəydi. Azərbaycan Ordusu isə heç vaxt mülki əhaliyə qarşı atəş açmayıb. Ermənilərdən fərqli olaraq Azərbaycan hərbçiləri Ermənistanın şəhər və kəndlərinə “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri  atmayıblar və bunu hər kəs bilir. “Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın əmrlərini tam icra edir və icra edəcək. Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq. Yenə də deyirəm, biz qisasımızı döyüş meydanında aldıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Erməni vəhşiliyi heç vaxt unudulmayacaq

Qalib Azərbaycanın ədalət mövqeyindən çıxış etməsi heç də şəhər və kəndlərimizi dağıdanların, dinc sakinlərimizi qətlə yetirənlərin bağışlanılması anlamında qəbul edilməməlidir. Prezident İlham Əliyev çağırış edərək bildirib ki, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. Fikirlərinə davam edən dövlətimizin başçısı vurğulayıb: “İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?”

44 günlük müharibə zamanı Ermənistanın havadarları ədalətli müharibə aparan Azərbaycana təzyiq göstərməyə çalışırdılar. Müxtəlif mərkəzlərdən Prezident İlham Əliyevə telefon zəngləri açılır və müharibənin dayandırılması istənilirdi. Azərbaycan isə belə təhdidlərin qarşısında mərdliklə dayandı və haqq işini irəli apardı. Dövlətimizin başçısı telefon zənglərini adətən belə cavablandırırdı: “İşğalçı Ermənistan ərazilərimizdən çıxmalıdır və bununla bağlı bizə cədvəl təqdim etməlidir, Müharibə yalnız cədvəl veriləcəyi təqdirdə dayandırla bilər”.

Ermənistanın havadarları bu gün də öz hikkələrindən qalmırlar və müxtəlif manipulyasiyalara əl atırlar. Ermənistanı özünün “kiçik bacısı” adlandıran Fransanın bu xüsusda canfəşanlığını xüsusi qeyd edə bilərik. Bu ölkə özünün demokratik dəyərlərini bütünlüklə erməni lobbisinin maraqlarına qurban verib, desək, əsl həqiqəti ifadə etmiş olarq. Prezident Emmanuel Makrondan və bu ölkənin digər yüksəksəviyyəli rəsmilərindən ardıcıl şəkildə “Ermənistanın yanındayıq” mesajları gəlir. Fransa parlamentinin hər iki palatasının Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul etməsi riyakarlığın, ikili yanaşmanın son həddidir. Ancaq bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. “Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31