Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bir əsrlik dil və kimlik

Bir əsrlik dil və kimlik

22.04.2026 [10:58]

Bu gün böyük türk coğrafiyasında müxtəlif istiqamətləri əhatə edən inteqrasiyanın intensivləşməsi böyük məmnunluq doğurur. Artıq dönməz hal alan bu prosesin təməli isə 100 il bundan əvvəl Bakının ev sahibliyi etdiyi I Türkoloji Qurultayda qoyulub. Bir əsr sonra türk birliyinin möhkəmlənməsini hədəfləyən təşəbbüslər məhz sözügedən qurultayda işıqlı ziyalıların dövrün ideoloji qadağalarına məhəl qoymayaraq irəli sürdükləri ideallardan qaynaqlanır.

Bu fikir böyük uğurla yekunlaşan V Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda panel iclasda bir daha etiraf olunub. Qurultayın 100 illik yubileyinə həsr olunan iclasda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omüraliyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova, TÜRKSOY-un Baş katibi Sultan Raev, TÜRKPA-nın Baş katibi Ramil Həsən və Türk Dil Qurumunun sədri Osman Mertin mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Türk xalqlarının inteqrasiyasında mərhələ yaratmış mühüm hadisə

Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində baş tutub. Qurultayın işində keçmiş Sovet İttifaqı məkanında yaşayan türk xalqlarının təmsilçiləri ilə yanaşı,  xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar iştirak edib. Qurultayda türk dillərinin aşağıdakı 7 böyük problemi müzakirə obyekti olub və aşağıdakı müvafiq qərarlara imza atılıb:

- Əlifba məsələsi;

- İmla-orfoqrafiya problemi;

- Termin məsələsi;

- Tədris-metodika məsələsi;

- Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

- Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;

- Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

Çox doğru olaraq Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələ kimi dəyərləndirilir. Antalya Diplomatiya Forumu çərçivəəsində baş tutan panel iclasda TDT-nin Baş katibi çıxışında Bakı Türkologiya Qurultayını yalnız alimlərin geniş toplantısı kimi deyil, həm də bu gün müşahidə etdiyimiz Türk dünyası inteqrasiyasının əsasını qoyan tarixi və intellektual mərhələ kimi qiymətləndirib.

O bildirib ki, bu qurultay həm elmi, həm də praktik səviyyədə birlik ideyasını təşviq edən ilk platforma olmuşdur. Bu baxımdan, İsmayıl bəy Qaspıralı tərəfindən irəli sürülən “dildə, fikirdə və əməldə birlik” prinsipi bu gün də aktuallığını qoruyan əsas istiqamətləndirici ideyalardan biridir.

Şahin Mustafayev isə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın Türk dünyası tarixində son dərəcə mühüm bir hadisə olduğunu vurğulayıb, bu hadisənin tarixi əhəmiyyətini daha yaxşı anlamaq və düzgün qiymətləndirmək üçün, qurultayın keçirildiyi dövrün tarixi-siyasi mühiti və həmin dövrdəki şəraitin mütləq nəzərə alınmasının zəruriliyini qeyd edib. “Türk tarixində ilk dəfə olaraq bu qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəldilər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcək ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar. Eyni zamanda, türkçülük ideyasının inkişafı və türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib”, - deyə Şahin Mustafayev bildirib.

İdeyadan reallığa və yaranan yeni çağırışlar

Türk dünyasının vahid ailəyə çevrilməsində Azərbaycanın müstəsna rolu var. Bu hədəfə doğru Bakının zamanında ev sahibliyi etdiyi I Türkoloji Qurultaydan başlayan şərəfli yol hazırda da davam etdirilir. Biz qürur duyuruq ki, artıq beynəlxalq təsisat kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının (TDT) əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvanda qoyulub. Eyni zamanda, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı öz əksini tapıb. Prezident İlham Əliyev 22 oktyabr 2025-ci il tarixində “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq vurğulanırr ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir.

Beləliklə, I Türkoloji Qurultay türk dünyasının sıx inteqrasiyası üçün möhkəm özül formalaşdırıb. Müasir dövrün reallıqları isə fərqlidir və bu reallıqların yaratdığı çağırışlara uyğun adekvat addımlar atılmalıdır. Hazırda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda qloballaşma deyilən proses kifayət qədər yüksək dinamikaya malikdir. O cümlədən dil mühitində sürətli transformasiya prosesləri izlənilir, mənəvi dəyərlərə, ənənələrə, bütövlükdə milli kimliyə təhdidlər artır. Baş verən transformasiyalar ciddi müzakirələrin aparılmasını, yeni şəraitdə türk ailəsi üçün ortaq qərarların qəbul edilməsini, başqa sözlə desək, II Türkoloji Qurultayın keçirilməsi zərurətini gündəmə gətirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30