Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Anadoludan dünyaya: inkişaf üçün sülh zərurəti...

Anadoludan dünyaya: inkişaf üçün sülh zərurəti...

22.04.2026 [11:50]

“Bölünmüş dünyada diplomatiyanı qəbul etmək”: Bakı-Ankara müttəfiqliyi yeni regional güc birliyi nümunəsidir

XXI əsr özü ilə birgə yeni çağırışlar gətirib. Günümüzdə əsas prioritet gerçəklikləri qəbul etmək, çoxşaxəli əlaqələri yeni standartlar üzərindən müəyyənləşdirməkdir. Xüsusilə, son 10 ildə qlobal dünyada baş verənlər, artan kataklizmlər, münasibətlər sisteminin yenidən “refreş” olunması, iqtisadi güc balansının dəyişməsi, keçmiş ticari nizamın yenilənməsi, siyasi münasibətlər sistemində hüquq və güc kateqoriyalarının üz-üzə dayanması mühüm dilemmalar yaradıb. Bu dilemmalardan çıxış yolu isə birdir: sülh və sabitlik uğrunda birlik nümayiş etdirmək. Regional imkanların gerçəkliyə çevrilməsi üçün bu birliklər, müzakirələr, birgə çıxış yollarının tapılması üsulları olduqca vacibdir.  

Anadolunun qəlbində yerləşən və qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilən Antalya Diplomatiya Forumu da müasir dünyanın ən aktual çağırışlarının müzakirəsinə imkan yaratdı. Sayca beşinci olan budəfəki forum mühüm özəllikləri ilə yadda qaldı:

- Forum siyasi dialoqun gücləndirilməsi imkanlarını ortaya qoydu;

- Forum yeni iqtisadi gələcək üçün transformasiyaların sərhədlərini bir daha xatırlatdı;

- Forum qlobal inkişafın regional bağlantılara, işbirliklərinə ehtiyacını təsdiqlədi;

- Forum dövlətlər, beynəlxalq təşkilatlar və ekspertlər arasında etimad mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdı

- Nəhayət, ən əsası forum inkişaf üçün sülhün, sabitliyin ən zəruri şərt olduğunu növbəti dəfə təsdiqlədi.

Ədalətli mövqe və sülh gündəliyinə sadiqlik...

Müasir reallıqlar, siyasi-iqtisadi konfiqurasiyalar coğrafi anlamda da regional mahiyyətə böyük təsir göstərib. O baxımdan ki, günümüzdə  regional sülh və ya inkişaf predmeti yalnız kiçik ərazilərlə məhdudlaşmır: misal üçün, Azərbaycanın 2020-ci ildə formalaşdırdığı yeni siyasi-iqtisadi konfiqurasiya Avrasiyanın mərkəzində yeni bir iqtisadi-ticari “region” formalaşdırdı. Mərkəzi Asiya, Cənubi  Qafqaz və Kiçik Asiyanı özündə birləşdirən bu regional mahiyyət yeni nizamda bütün qlobal proseslərdə vahid orqanizm kimi çıxış edir. İstər qlobal ticari imkanların genişləndirilməsi (Orta Dəhlizin Zəngəzur xətti), istər siyasi mövqelərin yaxınlaşdırılması (Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatı), istərsə də qlobal proseslərə vahid baxışın sərgilənməsi (münaqişələrdə, qarşıdurmalarda, hətta müharibələrdə belə tərəf olmadan sülh üçün vasitəçi rolu üstlənmək) bu regional birliyi daha da möhkəmləndirir. Bakı-Ankara strateji müttəfiqliyi isə bu tabloda bir addım daha ön plandadır.

Hər iki dövlət regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Türkiyənin diplomatik fəallığı, vasitəçilik təşəbbüsləri və çoxtərəfli platformalara verdiyi töhfə ilə yanaşı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi və sülh gündəliyinə sadiqliyi diqqət çəkir. Həm Azərbaycan, həm də Türkiyə qlobal sülh missiyasını uğurla yerinə yetirir:

- Bakı Cənubi Qafqazda sabitliyin təminində dominant iştirakçı oldu, Qəzza ilə bağlı yaradılan Sülh Şurasında ən aktiv təmsilçilərdən birinə çevrildi;

- Ankara isə Rusiya-Ukrayna müharibəsinin ən mühüm mərhələsində “Taxıl sazişi”nin imzalanmasına nail oldu, bu gün İran-ABŞ danışıqları üçün vasitəçi rolda çıxış edir. 

Azərbaycan-Türkiyə tərəfdaşlığı bu baxımdan nümunəvi model kimi çıxış edir. İki qardaş ölkənin ortaq strateji baxışı yalnız region üçün deyil, daha geniş coğrafiyada sabitliyin təmin olunmasına xidmət edir. Onların birgə səyləri göstərir ki, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qlobal miqyasda sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Antalya Diplomatiya Forumu da sülhün yalnız siyasi məqsəd deyil, həm də inkişafın əsas şərti olduğunu bir daha ön plana çıxarır. Anadoludan dünyaya uzanan bu mesaj, müasir beynəlxalq münasibətlər sistemində sülhün alternativsiz olduğunu açıq şəkildə nümayiş etdirir.

155 ölkədən 6 min qonaq...

Beləliklə, tarix boyu sivilizasiyaların qovşağı olan Cənubi Qafqaz - Anadolu coğrafiyası bu gün də dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşma ideyalarının yayılmasında körpü rolunu oynayır. Vurğulayaq ki, forumda 155 ölkədən 21 dövlət və hökumət başçısı, eləcə də 64 nazir daxil olmaqla 6000-dən çox insan iştirak edib. Forum çərçivəsində irəli sürülən təşəbbüslər və aparılan müzakirələr göstərir ki, davamlı inkişaf yalnız sabitlik və sülh şəraitində mümkündür. Forumun dünyaya çağırışında bu konseptual komponentlər aparıcı rol aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə işə başlayan forumun əsas şüarı “Bölünmüş dünyada diplomatiyani qəbul etmək” mövzusu idi. Prezident Ərdoğan ilk fikirlərində forumun ideya istiqamətini açıqladı: Biz diplomatiyanın qütbləşmə ilə deyil, ortaq mövqe, barışıq ilə reallaşacağını düşünürük. Biz bölgəmizdəki əzabları yüngülləşdirmək üçün diplomatiyanın gücünü vurğuladıq.”

Prezident Ərdoğan çıxışında qonşu ölkələrlə yaxşı münasibətlər quraraq Türkiyə ətrafında “sülh və təhlükəsizlik zonası” yaratmağa çalışdıqlarını bildirdi. Qlobal iqtisadi inkişafla bağlı isə Ərdoğan dedi: “Gömrük tarifləri üzərində artan ticarət rəqabətinin dağıdıcı hala gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik - Türkiyə bu prosesin qaliblərindən biri olacaq”.

Qəzzada sülh missiyası...

Forumun prioritetlərindən, qlobal sülh çağırışlarından bəhs edərkən önə çıxan məsələlərə də diqqət çəkmək lazımdır:

- Yaxın Şərqdə baş verən münaqişələr;

- Suriyanın bərpası və stabilliyi;

- Cənubi Qafqazda sülh və yeni münasibətlər sistemi.

Mətbuat konfransındakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan bu məsələlərə diqqət çəkərək problemlərin diplomatik yolla aradan qaldırılması imkanlarından danışdı - əslində forumun ən mühüm hədəflərindən biri də məhz budur: sülhə və sabitliyə diplomatiya ilə nail olmaq...

Məsələn, Fidan Qəzzadakı vəziyyətlə bağlı fikirlərini bölüşərkən bildirdi ki, “Beynəlxalq ictimaiyyət olaraq biz bir araya gəlmişik. Qəzza Sülh Planını həyata keçirmək və gerçəkləşdirmək üçün gərgin səylər göstəririk. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan son bir ildir ki, cənab Tramp  və regional liderlərlə intensiv danışıqlar prosesi aparır”.

Rəsmi Bakı da bu istiqamətdə mühüm addımları ilə seçilib. Qəzza Sülh Şurasının üzvü olan Azərbaycan qlobal missiyada mühüm yer alır. Ümumiyyətlə, Azərbaycanın Yaxın Şərqdə sülhün bərpası ilə bağlı olduqca vacib addımları var. İstər Suriya ilə bağlı, istərsə də digər istiqamətlərdə danışıqların aparılması üçün vasitəçi missiya rolunu üstlənən Azərbaycan yeni mərhələdə aktiv bir oyunçu kimi proseslərdə işitrakçı olub. İndiki mərhələdə isə missiya davam edir - Bakı bölgədə inkişafın əldə olunması üçün zəruri olan sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.

Qlobal Cənubun inkişafı üçün...

Fidan Türkiyənin Afrikada və digər bölgələrdə baş verən münaqişələrdə də vasitəçilik rolunu oynamağa çalışdığını bildirərək, “Münaqişələrə son qoymağa və xüsusilə terrorizmə qarşı mübarizədə milli dövlətlərə təhlükəsizlik problemləri ilə bağlı dəstək verməyə yönəlmiş bir strategiyamız var. İqtisadi, kommersiya, inkişaf və texniki əməkdaşlıq artıq mövcuddur. Lakin strateji olaraq, xüsusilə də bu iki qeyri-sabitlik mənbəyi olan münaqişələrin söndürülməsi və terrorizmlə mübarizə üzərində işləyirik” dedi.

Yeni dövrdə ən ümdə məsələlərdən biri məhz Qlobal Cənubun inkişaf tendensiyasıdır. Türkiyənin strateji müttəfiqi olan Azərbaycan da Qlobal Cənubun problemlərini anlayan, onların müdafiəsinə qalxan və praktiki həll yolları təklif edən dövlət kimi beynəlxalq münasibətlərdə artan çəkisini göstərməkdədir. Azərbaycanın apardığı siyasət bir daha sübut edir ki, Bakı ədalətə, suverenliyə, dayanıqlı inkişafa və qlobal həmrəyliyə əsaslanan yeni dünya düzənində söz sahibi olan liderlərdən birinə çevrilib.

Azərbaycanın Qlobal Cənubun liderlərindən birinə çevrilmə prosesində ən diqqətçəkən məqamlardan biri rəsmi Bakının Afrika və kolonializmdən əziyyət çəkən ölkələr ilə qarşılıqlı münasibətlərinin inkişafıdır. Bu, bir reallıqdır ki, əsrlərlə kolonializm və istismar siyasətindən əziyyət çəkmiş ölkələr indi beynəlxalq sistemdə bərabərlik, ədalət və tərəfdaşlıq axtarırlar - belə bir geosiyasi konfiqurasiyada Azərbaycan balanslı, müstəqil və suveren mövqeyi ilə bu ölkələrin etimadını qazanır və Qlobal Cənubda da etibarlı tərəfdaş kimi şöhrət tapır.

Eyni zamanda, Azərbaycan Qlobal Cənub ilə mühüm enerji dialoqu aparır. Ölkəmiz bərpaolunan enerji sahəsində də əməkdaşlıq qapılarını Qlobal Cənub ölkələrinə açır. Ümumiyyətlə, yeni dövrdə enerji sadəcə iqtisadi güc deyil, siyasi təsir və geosiyasi mövqe deməkdir. Azərbaycan isə məhz bu müstəvidə həyata keçirdiyi uzaqgörən enerji siyasəti ilə həm öz milli maraqlarını təmin edir, həm də dünyanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu siyasət Azərbaycanın Qlobal Cənubda artan nüfuzunun və lider mövqeyinin əsas sütunlarından birinə çevirilib.

Türkiyə Azərbaycanın yanındadır...

Antalya Diplomatiya Forumunun ən diqqətçəkən məqamlarından biri platformada Bakı-İrəvan münasibətlərinin sülh yolu nizamlanmasına münasibət idi. XİN başçısı Hakan Fidan da Azərbaycan-Ermənistan məsələsini vurğulayaraq bildirib ki, “ümid edirəm ki, bu müqavilə həyata keçiriləcək və indiyə qədər göstərilən səylərin tamamlanmasını görəcəyik”.

Fidan deyib ki, artıq münaqişənin olmamasının, sülhün və bunun bölgəyə gətirdiyi faydaların təsirini görürük: “Yekun razılaşma ilə ölkələr arasında normallaşmanın, Türkiyə ilə Ermənistan arasında normallaşmanın və Azərbaycanla Ermənistan arasında normallaşmanın bölgədə əlaqə, eləcə də iqtisadi, ticarət və enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətli nəticələr verəcəyini gözləyirik.”

Fidan Zəngəzur dəhlizinin (TRIPP) Türkiyənin regiondakı əlaqəsini gücləndirmək üçün vacib olduğunu bildirib və əlavə edib: “Bu baxımdan əlaqə layihələri üzərində Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Sülh müqaviləsi imzalandıqdan sonra bölgə ölkələri üçün həm əlaqə, həm də iqtisadi inkişaf baxımından böyük müsbət inkişaf görəcəksiniz. Biz buna çox yaxınıq”.

Fidan ötən il ABŞ-da Azərbaycan və Ermənistan arasında keçirilən görüşə toxunaraq yekun sülh müqaviləsinin imzalanması üçün hələ bir neçə addımın atılmasının vacib olduğunu bildirib. O, dünya ictimaiyyətinin iki ölkə arasında sülh üçün inanılmaz rəğbətinə və dəstəyinə diqqət çəkərək, Türkiyənin həmişə Azərbaycanın yanında olmağa davam edəcəyini və bunun ortaq bir tale olduğunu bildirib.

H.Fidan, Azərbaycan və Ermənistan arasında sülh nəticəsində bölgənin daha sabit olacağına inandıqlarını vurğulayaraq, “Bu, bölgənin bütün xalqları üçün son dərəcə vacibdir” deyib.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30