Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabitliyə və rifaha qənim kəsilənlər...

Sabitliyə və rifaha qənim kəsilənlər...

07.05.2026 [10:35]

Bakı Avropa Parlamenti ilə əlaqələri kəsdi

AP ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib

Cənubi Qafqaz son illərdə mühüm geosiyasi transformasiya mərhələsinə qədəm qoyub. Xüsusilə Azərbaycanın təşəbbüsləri ilə regionda yeni təhlükəsizlik mühiti və əməkdaşlıq zəmini formalaşmağa başlayıb. Vətən müharibəsindən sonra yaranmış reallıqlar ərazi bütövlüyünün bərpası ilə yanaşı, uzun illər davam edən qarşıdurmanı normallaşma və sülh perspektivləri ilə əvəzləyib. Bakı bu prosesdə aktiv siyasi iradə nümayiş etdirərək dövlətlərarası münasibətlərin tənzimlənməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və regional təmasların artırılması istiqamətində ardıcıl addımlar atır.

Amma erməni lobbisi yenə də öz ampulasındadır - sülh gündəliyi erməni lobbisinin təsiri altında olan bəzi dairələr və institutlar tərəfindən şantaja məruz qalır, regionda formalaşan yeni reallıqlara qarşı müqavimət artırılır. Bu kontekstdə Avropa Parlamentinin son dövrlərdəki “fəallığı” xüsusi diqqət çəkir. Avropa Parlamenti müxtəlif qətnamələr, siyasi bəyanatlar və informasiya kampaniyaları vasitəsilə bölgədə gedən proseslərə təsir etməyə çalışır. Bu fəaliyyət bəzən separatizmi açıq dəstəkləmək, bəzən Qarabağdan könüllü şəkildə Ermənistana gedənlər üzərindən təbliğat qurmaq, bəzən isə Azərbaycana qarşı xüsusi cinayətlər həyata keçirmiş, hazırda isə məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilmiş şəxslərə “azadlıq” tələb etmək kimi beynəlxalq hüquqa qarşı addımlarla müşaiyət olunur. Xüsusilə yaxın dövrdə Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda bu cür fəallığın artması təsadüfi görünmür. Seçkilərdən sonra sülh istiqamətində real addımların atılması ehtimalı bəzi xarici dairələri daha da aktivləşdirir. Nəticə etibarilə, informasiya və siyasi müstəvidə aparılan bu kampaniyalar təkcə Azərbaycana qarşı deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və uzunmüddətli əməkdaşlıq perspektivlərinə təsir göstərmək məqsədi daşıyır. Luis Morena Okampo, Cozef Borel kimi köhnə ermənirəpəstlərin də bu fəaliyyətə dəstək verməsi göstərir ki, şəbəkə geniş arealdan işləyir.

Avropa Parlamenti: erməni maraqlarının dəstəkçisi...

Avropa Parlamenti tərəfindən Azərbaycan Respublikasına qarşı qəbul edilmiş qətnamə isə qərəzli, selektiv və hüquqi əsaslardan məhrum sənəd kimi qiymətləndirilir. Avropa Parlamentinin sözügedən qətnaməsi Azərbaycanın daxili siyasətinə qiymət verməyə yönəlmiş siyasi xarakterli yanaşmadır - bu isə beynəlxalq hüququn neytrallıq və obyektivlik prinsiplərinə ziddir. Nəzərə alsaq ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr hüquqi baxımdan məcburi xarakter daşımır, bu sənədlər heç bir halda siyasi mövqe ifadəsi ola bilməz və hüquqi öhdəlik yarada bilməz. Bu səbəbdən, həmin qətnamənin Azərbaycan üzərində hüquqi təsir gücü yoxdur və onun hüquqi iddia kimi təqdim edilməsi əsassızdır.

Bununla belə, bu kimi qeyri-hüquqi qətnamələrin qəbulu AP-nin anti-Azərbaycan mövqeyinə bir daha “işıq salır”. Vurğulandığı kimi, regionda başlanan sülh prosesi dəstəklənmək yerinə erməni lobbisinin təsiri ilə AP tərəfindən şantaja məruz qalır. Rəsmi Bakı isə bu kimi fəaliyyətləri qəbul etmir - Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, iqtisadi inkişaf və qarşılıqlı hörmətə əsaslanan qonşuluq münasibətlərini təşviq edir. Avropa Parlamentinin ortaya qoyduğu mövqe isə yolverilməzdir. Bakı bu kimi əsassız, siyasi motivli və beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan sənədi yalnız beynəlxalq hüququn ayaqlar altına alınması kimi dəyərləndirir. Ölkəmiz hər zaman olduğu kimi, bu dəfə də öz qətiyyətini ortaya qoydu.

30 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib

Qeyd edək ki, Milli Məclisin son iclasında Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb. Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Fazil Mustafa, Mubariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva, Səbinə Xasayeva olub. Komissiya ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair açıqlama yayıb. Açıqlamada bildirilir ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib. Araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub: “Erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma “soyqırımı”, “hərbi əsirlər” və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar. Eyni zamanda, məsələ əlaqələndirilmiş kampaniya kimi görünməsin deyə, iştirakçılara qapalı kanallar, elektron poçt və şifrələnmiş mesajlaşma platformaları vasitəsilə tezislərin verildiyi barədə faktlar aşkar edilib. Kampaniyada ABŞ, Avropa və Rusiyada mənzillənən erməni lobbi təşkilatları xüsusi aktivlikləri ilə seçiliblər. “X” (keçmiş “Twitter”) sosial media platformasındakı kampaniyanın son birhəftəlik təhlili göstərib ki, dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməniəsilli blogerlərin, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloger və fəalların hesablarından edilib”.

Açıqlamada həmçinin qeyd olunub ki, bir sıra xarici ölkələrdə yerləşən, lakin o qədər də nüfuzlu olmayan bir sıra onlayn mətbu orqanlarında da oxşar tezislər əsasında yazılar gedib - bu sırada ABŞ, Birləşmiş Krallıq, Belçika, Polşa, İtaliya, Meksika, İspaniya, Gürcüstan, İsrail, Vatikan, Yunanıstan, Hindistan, Rusiya, Ermənistan və s. də var.

Komissiyanın müəyyən etdiyi faktlar bir daha göstərir ki, şəxsi məqsədlərini hər şeydən üstün tutan və vaxtilə münaqişədən yüksək dividendlər əldə edən bu dairələr bütün vasitələrdən, o cümlədən xarici ölkə parlamentlərindəki əlaltılarının, bir sıra şəhər merlərinin, hazırda və keçmişdə müəyyən vəzifə tutan şəxslərin xidmətlərindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar”.

Rəsmi qərar...

Komissiyanın açıqlamasının ardından isə Azərbaycanın Milli Məclisi Avropa Parlamenti ilə əlaqələri dayandırmaqla bağlı qərar qəbul edib. Bildirilib ki, Avropa Parlamenti səmimi əməkdaşlıq prinsiplərini inkar edən destruktiv mövqe nümayiş etdirir. Qurumun fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşıb. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib. Milli Məclis Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alıb ki:

1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.

3. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31