Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vücudunun məzarından qalxan ruh

Vücudunun məzarından qalxan ruh

13.05.2026 [09:33]

Lev Tolstoyun “Dirilmə” romanı haqqında

əvvəli ötən sayımızda

Başqa sözlə, şərin hər növ fəndinin, iblisin hər dürlü silahının qarşısında yalnız dindən oxbatmaz, gülləkeçməz zireh geyinməklə duruş gətirmək olar. Bu baxımdan, həcminə görə “Hərb və sülh”dən az qala dörd dəfə, “Anna Karenina”dansa təqribən iki dəfə kiçik olan “Dirilmə” romanı da qaldırdığı kəskin ictimai-siyasi problemlərin aktuallığına, sanbalına baxmayaraq sələfləri kimi ilk növbədə etik-fəlsəfi roman, dini-mistik əsərdir.

Həm rus, həm də Avropa oxucusu iyirmi ildən bəriydi Tolstoydan yeni roman gözləyirdi, ona görə də kitab çap dəzgahının ağzından çıxar-çıxmaz isti-isti qoca qitənin bütün aparıcı dillərinə tərcümə olundu. Əslində, yeni iri əsərə qələm bulayacağını müəllif özü də özündən gözləmirdi, çünki əlli yaşınacan yazıb başa gətirdiyi iki ağır, sanballı romandan sonra bir də belə zəhlətökən işə girişməyəcəyinə söz vermişdi. Fəqət ilham, istedad, Yunqun təbirincə desək, kollektiv təhtəlşüurun görən gözü, danışan dili çox vaxt yazıçının fərdi iradəsiylə hesablaşmır, örtüyünə bürünüb yorğun canını dincə qoymuş Məhəmməd peyğəmbəri yerindən qaldıran mələk Cəbrayıl kimi yazıçını ilahi iradənin hökmünə tabe eləyir.

Ötən illər ərzində din-mənəviyyat mövzusunda bir neçə sərt, kəskin traktat yazsa da, onu insanlığın baş tacına çevirən fəlsəfi risalələri, əxlaqi postulatları, bəzən sadəlövh, bəzən də primitiv görünən etik imperativləri yox, hər cür beyin suyunu, quru nəzəriyyəni meynə kimi suvarıb göyərdib Hötenin nişan verdiyi yaşıl həyat ağacına sarmaşdıran misilsiz bədii istedadıydı. İnsanlara vaiz, filosof Tolstoydan çox, vəzi də, fəlsəfəsi də bədii sözə bükülmüş yazıçı Tolstoy maraqlıydı. Odur ki, Lev Nikolayeviç ahıl çağında yeni kurs götürmüş bədii-publisistik yaradıcılığının bütün vacib detallarını bir romanın içinə yığmaqla cari gerçəkliklərə dini-fəlsəfi don biçdi, dövrünün problemlərini əbədiyyət müstəvisinə çəkib onlara metafizik xarakter verdi, sosial naxoşluğa mistik sərxoşluğu dərman buyurdu. “Dirilmə” romanının savadlı cəmiyyətin bütün qatlarında maraqla qarşılanmağına bir səbəb də buydu ki, əsərdə xalqın hər bir təbəqəsindən olan personajlara yer verilmişdi, oxucu onların arasında qohumlarını, tanışlarını da, yüksək çinli dövlət məmurlarını da asanlıqla ayırd eləyə bilirdi.

***

Romanın yazılmasına ilk təkanı 1887-ci ildə Lev Nikolayeviçi ziyarət üçün Yasnaya Polyanaya getmiş dövrün məşhur hüquqşünas alimi, hakimi, dövlət xadimi, eyni zamanda natiqi, ədibi Anatoli Fyodoroviç Koninin yazıçıya danışdığı bir əhvalat vermişdi (hələ romana ad tapmadığı vaxtlarda müəllif əsərin qaralama variantını “Koninin povesti” adlandırırdı). Əhvalatın qısa məzmunu belədir: məhkəmə iclaslarının birində andlı münsiflərdən biri oğurluq üstündə mühakimə olunan fahişə qadını tanıyır. Cəmiyyətin ən aşağı qatına enmiş, üzü-gözü xəstəlikdən eybəcər hala düşmüş Rozaliya Onni adlı zavallı qadın onu tanıyan məhkəmə iclasçısının bir zamanlar şirnikdirib pis yola çəkdiyi məsum qız olur. Adam cavanlığında bu qızı ürəkdən sevibmiş, odur ki, keçmiş sevgilisini miskin, tapdanmış halda görmək onun vicdanını qiyama qaldırır, ürəyi üzünə durur. Gördüyü mənzərədən dərin sarsıntı keçirən iclasçı məhkəmədən sonra ober-prokuror Koninin yanına gedib bir vaxt qohumlarının evində qulluqçu kimi çalışan qızın başına gətirdiyini ona danışır, əməlindən peşman olduğunu, günahını yumaqdan ötrü həmin qadınla evlənmək istədiyini bildirir. Bunun ardınca adam niyyətini gerçəkləşdirmək üçün hərəkətə keçir, konkret hüquqi prosedurların icrasına girişir. Ancaq işin gedişində qadın həbsxanada ağır xəstəliyə yoluxub öldüyündən iclasçının günahından arınmaq niyyəti baş tutmamış qalır...

Tolstoy əvvəl-əvvəl Koniyə bu əhvalatı qələmə almağı məsləhət bilir, xeyli sonra ober-prokurordan səs çıxmadığını görüb, onu möhkəm təsirləndirmiş hadisəni özünün yazmağı üçün hüquqşünas dostundan süjetin halallığını istəyir. Koni söylədiyi əhvalatı böyük yazıçıya məmnuniyyətlə bağışlayır, üstəlik sevinir ki, özünü də bərk sarsıtmış bu kədərli qəziyyə Tolstoyun qələmində əbədiyyət qazanacaq.

Fəqət süjetin qaynağı yalnız bu deyil, romana düyün vuran hadisənin törədildiyi gecədən birbaşa müəllifin cavanlığına aparıb çıxaran qanlı bir cığır da ayrılır. Qəhrəmanı Nexlyudov kimi Tolstoy da gəncliyində bibisinin evində yaşayan qulluqçu qızı - Qaşa adlı qaravaşı yoldan çıxarıb bakirəliyini pozmuşdu. İşin üstü açılanda zavallı qızı qulluqdan da, evdən də qovmuşdular. Bioqrafına yazdığı məktubda yazıçı bu günahını xatırladır, onu çox tərifləməməyi, tərcümeyi-halındakı ləkələri gizlətməməyi xahiş eləyirdi. Lev Nikolayeviç cavanlıq səhvlərini arvadından da danmırdı, hətta uzun illərdən sonra yetmiş yaşlarında olan həmin Qaşanı cinayətinin canlı-başlı əşyayi-dəlili kimi Sofya Andreyevnaya göstərmişdi də.

***

Üç hissəli romanın elə ilk abzasından müəllifin niyyəti görünməyə başlayır:

“Daracıq bir yerə yığışmış yüz minlərlə insan övladı torpağı nə qədər təpikləyib eybəcər hala salsa da, heç bir şey bitirməsin deyə torpağın üstünü daşla nə qədər örtüb basdırsalar da, boy göstərən hər otu-əncəri nə qədər yolub atsalar da, daş kömür, neft yandırıb nə qədər tüstülətsələr də, ağacları nə qədər kəsib doğrayıb, heyvanları, quşları nə qədər perik salsalar da, bahar hətta şəhərdə də bahardır. Günəş yeri isitdikcə ot yalnız bulvardakı çəmənlikdə yox, kökünü qazdıqları hər yerdə, hətta sal daşların arasından da dirçəlib boy atıb yaşıllaşır, ağcaqayın, qovaq, meşəgilası yapışqan, ətirli yarpaqlarını açır, cökənin çırtlayan tumurcuqları şişirdi; dolaşalar, sərçələr, göyərçinlər yaz sevinciylə yuva qurur, gündə qızınan milçəklər divar dibində vızıldaşırdı. Bitkilər də, quşlar da, cücülər də, uşaqlar da sevincək olmuşdular. Amma adamlar - yaşlı-başlı adamlar həm özlərini, həm də biri-birini aldadıb incitməkdən usanmırdılar. Adamlar sanırdılar ki, mühüm, müqəddəs olan bu yaz səhəri, Allahın altındakı dünyanın cəmi məxluqata bəxş elədiyi bu gözəllik - insanı dincliyə, ünsiyyətə, məhəbbətə çağıran gözəllik deyil, mühüm olan da, müqəddəs olan da onların bir-birinə ağalıq eləməkdən ötrü uydurduqları şeylərdir”.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31