Dünyanın şəhər problemləri
22.05.2026 [12:54]
Azərbaycan paytaxtından baxış
Azərbaycan paytaxtının böyük uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) beynəlxalq birliyin diqqətini həm də dünyadakı şəhər problemlərinə yönəldib. Birdən-birə deyil, onilliklər boyunca yaranan bu problemlər sayca çox, mahiyyət etibarı ilə kifayət qədər həssas məsələlərdir. WUF13 çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim olunan “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı (“World Cities Report 2026): Qlobal mənzil böhranı - fəaliyyətə aparan yollar” adlı sənəddə əksini tapan statistik göstəricilər göz önündə kədərli mənzərə canlandırır. Hesabat beynəlxalq ictimaiyyətə, ölkələrin hökumətlərinə bir növ Yol Xəritəsi təqdim edir ki, dünyanın getdikcə kəskinləşən şəhər problemlərinin aradan qaldırılması üçün hansı işlər görülməlidir.
Qlobal məskunlaşma böhranı
Paytaxtımızda təqdim olunan sənəd qlobal məskunlaşma böhranına həsr olunub və burada əsas diqqət konkret həll yollarına yönəldilib. UN-Habitat-ın bölmə rəhbəri Benedikt Arimah təqdimat zamanı bildirib ki, hesabatda qlobal məskunlaşma sahəsində mövcud olan böhran, problemlər və çətinliklər, eləcə də bu prosesə uyğun tərəfdaşların və əməkdaşların necə cəlb olunmalı olduğu ətraflı şəkildə təhlil edilir. “Biz hesabat çərçivəsində beş əsas meyar üzərində dayanmışıq. Bunlar mənzil əlçatanlığı, qeyri-formal məskunlaşma, iqlim riskləri və dayanıqlılıq, iqlim dəyişikliklərinin təsiri, həmçinin inklüziv şəhərlərin formalaşdırılmasıdır. Bundan əlavə, hesabat daha yeddi əlavə göstəricini də özündə ehtiva edir”, - deyə qurum rəsmisi vurğulayıb.
Mütəxəssislər qlobal mənzil böhranının çoxölçülü xarakter daşıdığına və struktur amillərlə şərtləndiyinə xüsusi vurğu edirlər. Bakıda təqdim olunan hesabat göstərir ki, böhranın təzahürləri demoqrafik dəyişikliklər, ekoloji təzyiqlər və dəyişən iqtisadi şərait nəticəsində daha da dərinləşir. Bu proses isə bərabərsizlik, yoxsulluq və iqlim zərbələrinə qarşı həssaslıq da daxil olmaqla, bir çox çağırışları daha da kəskinləşdirir. Hazırda dünya üzrə 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur. Bu, qlobal səviyyədə olduqca ciddi problemdir. Aparılan araşdırmalara görə, münasib və əlçatan mənzillərin çatışmazlığı cəmi on ildən bir qədər artıq müddətdə 30 faiz artaraq 268 milyon vahidi keçib,
Bununla yanaşı, 2040-cı ilə kimi iqlimlə bağlı təhlükələrin 167 milyon yaşayış evini yararsız hala gətirəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, 2023-cü ildə təbii fəlakətlər 280 milyard ABŞ dolları həcmində zərərlə nəticələnib və bu itkilərin böyük qismi sığortasız olub. 2024-cü ilin sonuna olan statistik məlumata əsasən, məcburi köçkünlərin sayı 123,2 milyona çatıb ki, bu da əvvəlki onillik ilə müqayisədə iki dəfə çoxdur.
Son 20 il ərzində əlavə olaraq 64 milyon insan qeyri-rəsmi yaşayış məntəqələrindən köçkün düşüb. Məcburi köçkünlərin böyük hissəsi isə şəhərlərə - qaçqın və ya məcburi köçkün düşərgələrinə üz tutur və çox vaxt əlavə köçkünlük riski ilə üzləşdikləri təhlükəli və ya aşağı standartlı yaşayış şəraitində məskunlaşmalı olur. İnkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi yaşayış sahələri mülki yaşayış tikintisinin təxminən 80 faizini təşkil edir. Verilən statistikaya görə, 1,1 milyard insan hələ də qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.
Bir çox hallarda əhalinin gəlirinin 30 faizi mənzil xərclərinə sərf olunur və bəzən bu göstərici 50 faizə qədər yüksəlir. Dünyanın ayrı-ayrı regionlarında mənzil qiymətləri gəlirlərlə müqayisədə daha sürətlə artıb. Belə ki, qlobal səviyyədə qiymət-gəlir nisbəti 2010-cu ilin 9,3 göstəricisindən 2023-cü ildə 11,2-yə yüksəlib, Mərkəzi və Cənubi Asiyada isə bu göstərici 16,8-ə çatıb. 2023-cü ildə dünya üzrə mənzil krediti üçün müraciət edən şəxslərin yalnız 25,5 faizi uğurla kredit əldə edə bilib. Mənzil ipoteka bazarlarının hələ ilkin inkişaf mərhələsində olduğu Sub-Sahara Afrikasının bəzi bölgələrində isə bu göstərici cəmi 1 faiz təşkil edib. Kirayə mənzillərin əlçatmazlığı da ən çox Sub-Sahara Afrikasında müşahidə olunur. Burada kirayədə yaşayan insanların 55 faizi ağır maliyyə yükü altındadır.
Şəhərlər yüklənir, kəndlər boşalır
Dünya üzrə müşahidə edilən çox ciddi urban problemlərdən biri də kəndlərin sürətlə boşalması və buna adekvat olaraq şəhərlərin yüklənməsidir. Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” adlı tədbirdə bildirib ki, bu gün miqrasiya əsasən şəhər xarakteri daşıyır və iqlim dəyişikliyi, münaqişələr, demoqrafik dəyişikliklər və artan bərabərsizliklə formalaşır”.
Dünya Miqrasiya Hesabatında verilən məlumata əsasən, hazırda dünyada 300 milyondan çox beynəlxalq miqrant var və bu, qlobal əhalinin təxminən 3,7 faizini təşkil edir. Onların iqtisadi və sosial töhfəsi isə saylarından qat-qat böyükdür. Eyni zamanda, dünya sürətlə urbanizasiya olunur və artıq dünya əhalisinin 65 faizdən çoxu şəhər mərkəzlərində yaşayır. Bu göstəricinin daha 15 faiz artacağı gözlənilir. Miqrantlar əsasən iş yerlərinin, xidmətlərin, imkanların və sosial şəbəkələrin cəmləşdiyi şəhərlərdə məskunlaşırlar. Şəhərlər isə öz növbəsində mənzil, infrastruktur, ictimai xidmətlər və sosial həmrəylik üzərində artan təzyiqlərlə üzləşirlər. “Buna görə də Beynəlxalq Miqrasiya Təşkilatı urban idarəetmə siyasətlərində inteqrasiya olunmuş miqrasiya planlaşdırılmasını, xidmət təminatını və dayanıqlılıq strategiyalarını dəstəkləyir. Miqrasiya sonradan düşünülən məsələ olmamalıdır. O, mənzil siyasətinə, ictimai nəqliyyata, iqlimə uyğunlaşmaya, ictimai səhiyyəyə və sosial inklüzivliyə inteqrasiya edilməlidir”, - deyə qurum rəsmisi vurğulayıb.
Mütəxəssisin bildirdiyinə görə, urbanizasiya mövzusunun əsas mahiyyəti şəhərlərdə yaşayan dünya əhalisinin mənzil təminatıdır. Mənzil yalnız sığınacaq demək deyil. O, həm də inklüzivliyin, dayanıqlılığın və sosial həmrəyliyin təməlidir. Eyni zamanda, qlobal həllərin və məcburi köçkünlük problemlərinin qarşısının alınmasının əsas şərtlərindən biridir. Təhlükəsiz və adekvat mənzil olmadan insanlar sağlamlıq baxımından riskli və sosial cəhətdən həssas şəraitdə yaşamağa məcbur olurlar. Dünyanın müxtəlif yerlərində şəhərlər işsizlik, sürətli urbanizasiya və digər böhranların təzyiqlərini idarə etməyə çalışır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa çalışırlar. İzlənilən çoxsaylı problemlər böhranlara həssas urban idarəetmə yanaşmasını tələb edir ki, fövqəladə vəziyyətdən bərpa və davamlı inkişafa keçid təmin olunsun. “Məhz buna görə yerli hökumətlər çox mühüm rol oynayır. Güclü çoxtərəfli tərəfdaşlıqlarla çalışan yerli idarəetmələr miqrasiyanı daha effektiv və dayanıqlı şəkildə idarə edə bilirlər”, - deyə Uqoçi Daniels vurğulayıb.
Ölkələr üzrə fərqli mənzərə
Dünya üzrə şəhər problemləri həmçinin məskunlaşma nisbətində də özünün biruzə verir. BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamentinin şöbə müdiri, ABŞ-dan olan demoqraf və əhali məsələləri üzrə mütəxəssis Çeril Savyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində baş tutan “Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?” adlı paneldə deyib ki, ölkələr və şəhərlər üzrə əhali sıxlığı fərqli formalarda təzahür edir. Məsələn, Yaponiyada 50 000-dən çox sakini olan şəhərlər olduğu halda, Norveçdə 200 sakini olan şəhər tipli yaşayış məntəqələri də mövcuddur. O, həmçinin 2025-ci ilə qədər ən çox əhalisi olan şəhərin Tokio olduğunu, lakin hazırda onun yerini Cakartanın tutduğunu vurğulayıb.
Mütəxəssis dünya üzrə kənd əhalisinin sayının 2040-cı ildən sonra azalmağa başlayacağını bildirib. Fikirlərinə davam edən BMT rəsmisi bildirib: “Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir. Əlbəttə, dünyanın ayrı-ayrı yerlərində urbanizasiya özünü fərqli şəkildə göstərir. Amma istənilən halda, biz şəhərləşmənin ümumən sürətləndiyini deyə bilərik”.
“Qarşıdakı 25 ildə dünya üzrə şəhər əhalisinin artımının yarısı yeddi ölkənin payına düşəcək. Belə ki, Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Misir, Banqladeş və Efiopiya birlikdə 2025-2050-ci illər arasında 500 milyondan çox yeni şəhər sakini əldə edəcək. Bu rəqəm həmin dövr üzrə proqnozlaşdırılan 986 milyonluq qlobal şəhər əhalisi artımının yarısından çoxuna müvafiq gəlir”. Bu məlumatı isə BMT-nin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer WUF13 çərçivəsində keçirilən “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda paneldə BMT-nin 2025-ci il üzrə “Dünya Urbanizasiya Proqnozları”nı təqdim edərkən verib.
Eyni zamanda, dünya üzrə 3.000-dən çox şəhərdə 2015-2025-ci illər arasında əhali azalması müşahidə edilib. Bu şəhərlərin üçdə birindən çoxu Çinə, 17 faizi isə Hindistana aiddir. Hesabata görə, şəhərlərin böyüklüyü onların əhali artımına zəmanət vermir: Mexiko və Çendu kimi iri şəhərlər belə əhali azalması ilə üzləşib.
Kiçik ada dövlətləri ölüm, ya qalım dilemması ilə üz-üzə
Dünyanın şəhər problemlərindən bəhs edərkən kiçik ada dövlətlərinin (SIDS) acınacaqlı durumuna xüsusi diqqət çəkilməlidir. WUF13 çərçivəsində baş tutan ayrı-ayrı tədbirlərdə vurğulandığı kimi, qlobal iqlim dəyişmələrindən bütün dünya təsirlənir. Okeanda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətlərində isə vəziyyət daha ciddidir. Okeanın ortasında bol su heç də xoşbəxtlik anlamında qəbul olunmur. Dəniz səviyyəsinin qalxması bu ölkələrin ərazilərinin kiçilməsi ilə nəticələnir. Burada təbii fəlakətlər tez-tez təkrarlanır. Məsələn, Tahada vulkan püskürməsi və sunami baş verib. Bu hadisələr sahilyanı sərhədlərin geriyə çəkilməsini şərtləndirib və sahil mühafizəsi nöqteyi-nəzərindən vəziyyəti mürəkkəbləşdirib. “Səyahətçilər klubu”nun yaydığı hesabatda iqlim dəyişmələrinin yaratdığı problemin qarşısının alınmayacağı təqdirdə 2070-ci ildə paytaxt şəhər Nassau və adaların hansı vəziyyətdə olacağı nümayiş etdirilib. Adanın 30 faizi suyun altında qalacaq. 2100-cü ildə isə 70 faiz su altında qalacaq. Beləliklə, sürətli iqlim dəyişmələri fonunda kiçik ada dövlətləri olum, ya qalım dilemması ilə üz-üzədirlər.
Belə vəziyyətdə beynəlxalq birliyin həmrəyliyi çox vacibdir. Kiçik ada dövlətlərinin əksəriyyəti məhdud quru ərazilərə malikdirlər. Bu kiçik ərazilərin ətrafdakı suların səviyyəsinin yüksəlməsindən mühafizəsi isə onların imkanları xaricindədir. Burada xüsusilə də inkişaf etmiş, güclü sənaye potensialına malik ölkələrin məsuliyyəti ön plana keçir. Axı məhz onların sənaye fəaliyyətlərini intensivləşdirmələrinin nəticəsi olaraq sürətli iqlim dəyişmələri baş verir və kiçik ada dövlətləri də bundan böyük dərəcədə təsirlənirlər.
Azərbaycanın həssas yanaşması
Məsuliyyətli dövlət olan Azərbaycan kiçik ada dövlətlərinin vəziyyətinə həssaslıqla yanaşır. Ölkəmiz həm Qoşulmama Hərəkatına (QH) sədrliyi dönəmində, həm də 2024-cü ilin noyabrında böyük uğurla ev sahibliyi etdiyi COP29 tədbirində qətiyyətli siyasi iradə ortaya qoymaqla kiçik ada dövlətlərinin problemlərini beynəlxalq gündəliyə çıxarmağa nail olub. Azərbaycana ümid yeri kimi baxan kiçik ada dövlətlərinin təmsilçiləri 2024-cü ilin may ayında qlobal iqlim məsələlərini, o cümlədən COP29-la bağlı prioritetlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdə olublar. Bu səfər çərçivəsində Bakı Kommünikesi qəbul edilib. Bakı Kommunikesində intensivləşən iqlim dəyişikliyinin yaratdığı təhdidlərə xüsusi diqqət çəkilib. Sənəddə iqlim dəyişmələrinin qaçılmaz təsirlərinin insanların yaşayışı, təhlükəsizliyi və rifahı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin, BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının və Paris sazişinin məqsədlərinin həyata keçirilməsinə birbaşa təhdid olduğu bildirilir. COP29 çərçivəsində isə Bakıda inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammiti keçirilib. Prezident İlham Əliyev sammitdəki çıxışında iqlim dəyişmələrinin kiçik ada dövlətləri üçün ekzistensial təhlükə olduğunu vurğulayaraq qətiyyətlə bildirib ki, həmin dövlətlərin səsi qlobal arenada eşidilməlidir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Respublikamız fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardımlar göstərib, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Azərbaycan Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Eyni zamanda, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edib. Bakıda inkişaf etməkdə olan ölkələrin əsas gözləntisi - “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə konsensus əldə olunub. COP29-da qəbul edilən qərara əsasən, 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik hədəfi 1,3 trilyon ABŞ dolları səviyyəsində müəyyən edilib. Eləcə də, COP29-da İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması maliyyə inklüzivliyinə ehtiyacı olan ölkələr, o cümlədən də kiçik ada dövlətləri üçün böyük nailiyyətdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

