Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / NATO Kiyevə yeni hərbi yardım planını bloklayıb

NATO Kiyevə yeni hərbi yardım planını bloklayıb

27.05.2026 [09:30]

Bəzi müttəfiqlər alyansın Baş katibinin təklifini qəbul etməyiblər

Rusiya - Ukrayna müharibəsində qarşılıqlı hücumlar şiddətlənib. Qalıcı atəşkəs təşəbbüslərinin nəticə vermədiyi üçün Kiyev tərəfdaşlarından dəstəyi artırmağa çalışır. Ukrayna bu məsələdə NATO müttəfiqlərinin köməyinə ümid edir. Xatırladaq ki, aprelin sonlarında alyansın Baş katibi Mark Rutte təşkilata üzv dövlətlərin ÜDM-in 0,25 faizini Ukraynaya ayırmasını təklif etmişdi. Rutte bu təklifi NATO səfirlərinin qapalı iclasında verib. Əgər onun təklifi müttəfiqlər tərəfindən dəstəklənərdisə, alyansın illik ayırdığı vəsait üç dəfə artaraq, 143 milyard dollara çatmalı idi. Bu məsələ İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirlərinin iclasında yenidən müzakirə olunub. Qərarın qəbulu üçün alyansın bütün üzvlərinin razılığı tələb edilirdi.

Alyans üzvləri ÜDM-in 0,25 faizini Kiyevə ayırmaq istəməyib

Lakin müzakirələr zamanı NATO ölkələrinin Ukraynaya hər il ÜDM-in ən azı 0,25 faizi həcmində hərbi yardım göstərməsini nəzərdə tutan təşəbbüs alyans daxilində bloklanıb. “The Telegraph” qəzetinin məlumatına görə, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya bu təşəbbüsə qarşı çıxıb. Məlumata əsasən, plan NATO üzvlərinin Ukraynaya hərbi dəstəyini daimi və məcburi mexanizmə çevirməyi nəzərdə tuturdu. Bununla belə, təşəbbüs alyans daxilində tam dəstək almayıb. Bildirilir ki, Polşa, Niderland, Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri daxil olmaqla ən azı yeddi ölkə təklifi müdafiə edib. Qeyd olunur ki, həmin ölkələrin bir qismi artıq Ukraynaya yardım üçün ÜDM-lərinin 0,25 faizindən daha çox vəsait ayırır.

Bununla belə, NATO müttəfiqləri Kiyevə hərbi dəstəyi davam etdirir. Belə ki, Ukrayna Avropa tərəfdaşları ilə birgə ballistik raketlərdən müdafiə üzrə koalisiya yaratmağa hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib: “Avropalı tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm: milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində görüş keçirilib. Biz Avropada ballistik raketlərdən müdafiə sistemlərinin istehsalı mövzusunu tədricən irəli aparırıq və bununla bağlı koalisiya formalaşdırırıq. Bunu etməyə dəyər və hazırda biz nəticəyə həmişəkindən daha yaxınıq. Həmin görüşdə 13 ölkə və NATO Baş katibinin ofisi təmsil olunub. Bu, çox vacib təşəbbüsdür”. Onun sözlərinə görə, Ukraynanın bu gün həm cəbhədə, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda mövqeyi güclüdür. O, Ukrayna və Avropanın müdafiəsinin bundan sonra da gücləndirilməsinin vacibliyini qeyd edib. “Ukrayna müharibədə tab gətirməli, müstəqilliyini qorumalı, insanların təhlükəsizliyini təmin etməlidir. Bu, mütləq olacaq”, - deyə Ukrayna lideri vurğulayıb.

Almaniyanın 90 milyard avroluq təklifi...

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə NATO-dakı həmkarlarına artıq razılaşdırılmış Avropa İttifaqı kreditinə əlavə olaraq Ukraynaya ən azı 90 milyard avro ayırmağı təklif edib. Nazir alyans tərəfdaşlarına Aİ kreditinə “ən azı eyni məbləği ikitərəfli şəkildə” əlavə etməli olduqlarını deyib. Qeyd edək ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya 60 milyard avro hərbi, 30 milyard avro büdcə yardımı krediti ayırıb. Kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına qaytarılacaq.

Bu arada Kiyev Türkiyədə Rusiya ilə danışıqlara hazır olduğunu bir daha bəyan edib. Bunu Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko türk jurnalistləri ilə görüşündə deyib. Türkiyənin aparıcı media nümayəndələri hazırda Ukraynadakı mövcud vəziyyətlə tanış olmaq üçün Ukraynaya səfər ediblər. Səfər çərçivəsində nazir müavini Oleksandr Mişenko media nümayəndələrinə Rusiya - Ukrayna müharibəsinin gedişatı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Rusiya Ukraynanı öz şərtlərini qəbul etməyə məcbur etməyə çalışır. “Əlbəttə ki, Rusiya hücumlarını davam etdirə bilər və mütləq edəcək, bununla da infrastruktura zərər verə və hətta Ukrayna mülki əhalisi arasında itkiləri artıra bilər. Lakin Rusiya müharibədə heç vaxt məqsədinə çata bilməyəcək”, - deyə Oleksandr Mişenko əlavə edib.

Kiyev Türkiyənin mövqeyindən razıdır

Nazir müavini Türkiyənin Ukrayna üçün hərbi müttəfiq, strateji tərəfdaş və dost ölkə kimi rolunun vacib əhəmiyyətini qeyd edib: “2014-cü ildə Rusiya işğalının ilk anından Türkiyə Prezidenti Krım və Donbasın Rusiya tərəfindən işğalını tanımadığını açıq şəkildə bildirib”. Oleksandr Mişenko Türkiyəyə hərbi əsirlərin qaytarılması səylərinə görə minnətdarlığını bildirib və Ukraynanın Türkiyədə Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu vurğulayıb. “Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, Ukrayna istənilən danışıqlar mərhələsinə hazırdır, lakin bu danışıqlar Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılmalıdır”, - deyə nazir müavini qeyd edib və əlavə edib ki, davamlı sülh beynəlxalq tərəfdaşlarımızın Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərindən asılıdır.

Bundan əlavə, Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 24-də Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüş qapalı keçib və mətbuat üçün bəyanat səsləndirilməyib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31