Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

01.11.2025 [08:24]

LEYSANDA

Şəhər yatıb, gecə oyaq, navalçalar sayıqdı,

bu gecənin sözü yaş-yaş yazılır çökəkliyə.

Alınmayan misralarım gölməçədə qayıqdı,

şam ağacı necə məğrur!

Hey boylanır səkiyə...

Səkilərin sakinləri mürgü döyür hardasa,

qaldırımlar təlatümlə hey boylanır - boğulur.

Küçə boyu işıq saçır etibarlı dirəklər -

müştərisi ərşə çıxan baqqalları yoluxur.

Təkəmseyrək gözün yumur hənirli pəncərələr,

pərdələrin meh arzusu...

çaydanların buxarı...

Gözlərini yumub daha rəngli avtomobillər,

yağmurlar da geri dönür, Allahacan - yuxarı.

Gözləyəcək bu sabahı şam ağacı, dirəklər,

bir də kağız qayıqlar, pərdələr, pəncərələr.

Baqqallar gözləyəcək müştərisin təlaşla,

bir işıq dirəkləri, bir də yamyaş pişiklər.

Gözətçi daxmasının işığı sönməyəcək,

bu gecə də, sabah da, ondan sonrakı gün də.

Yenə yağış yağacaq, yenə günəş doğacaq,

bu gecə də, sabah da, ondan sonrakı gün də.

Bu gün səni sevmək

Gözəldir dünən səni sevməkdən.

Sabah səni sevmək qədər

Heç nə gözəl ola bilməz.

Ola bilməz bu eşq bir günah ola,

ya bir huş, ya röya, ya da ah ola,

bütün zülmət gecələrim sənintək sabah ola,

sabah səni sevmək qədər

heç nə gözəl ola bilməz.

**

Ukraynada sökdülər Puşkinin heykəlini,

qoymadılar həmvətənlərinin mərmisindən,

bir rus zabitinin gülləsindən,

ağ, göy, qırmızı rəngə bürünmüş

tankın lüləsindən sökülsün.

Qoymadılar özünü güllələsin Puşkin,

özü özünə silah sıxsın.

Üzünə qan sıçramadan sökdülər

Puşkinin heykəlini Ukraynada.

Həyətində sərçələr cikkildəşən, dəhlizlərində

dümağ xalatlı şəfqət bacıları dolaşan,

məşhur və mərhum akademikin adını

daşıyan doğum evində

bomba partlayışında ölən körpələri seyr etməyi

rəva bilmədilər Puşkinə.

Özünü öldürməyi

rəva bilmədilər...

Bu dəfə müharibə Dantesdən də qəddar...

Sökdülər Ukraynada Puşkinin heykəlini.

Puşkinin heykəli söküləndə Ukraynada

günəş saçlı, mavi donlu,

bayraq kimi məğrur bir qız

sevindi mərmisiz, gülləsiz sökülən heykələ.

Mərmisiz, gülləsiz gözləyirdi sevgilisini də.

Dikəldib qamətini pıçıldadı səssizcə:

“Qafqaz altımdadır,

ən müdhiş olan zirvədə mən,

tutmuşam tək uçurum qarlı dağ üstündə qərar”.

Məmməd İsmayıla...

Bir adam yol gedir bizdən qabaqda,

bir adam qarşıda çıraq yandırıb.

Kimsə səfərindən, səfindən azıb

kimsə yazdığını tərsinə yazıb.

Kimsə qorxusundan məzarın qazıb...

Bu adam yolların özünü yorub -

bir adam yol gedir bizdən qabaqda.

Kərəm kərəmliyin itirə bilməz,

Fərhad qaya əzmin itirə bilməz,

daha bu yollar da, bu yolçular da

min daşa-kəsəyə, zavala gəlməz -

bir adam yol gedir bizdən qabaqda.

Ay adam,

ay bulud,

ay məhək daşı,

milyon addım gəzsən Yer kürəsini,

nə vaxtsa izini ot basa bilməz.

Qəddi qələm olan söz sarvanının

qırx quldur yığışsa, yolun kəsəmməz.

Yaz sənin üzünün nuruna gəlir,

yazın müjdəçisi sənin yolundur,

kədərin yoludur, qəmin yoludur.

Bahar arzularım çiçək açırsa,

sevginin yoludur bu getdiyin yol.

Baxım addımına gərək doyunca,

cığırın boyunca bahar axtarım.

Ay məndən qarşıda gedən ipək yol,

danış, hər kəlməndə nübar axtarım.

Qapını döyməyə gələn sözdü, söz,

bu ərk qapısını hər dəm özün aç.

Onəlli döyürəm qapını bu gün,

yüzəlli yapışan söz yaxasından,

minəlli yapışan köz yaxasından

şairin qapısın döyürəm bu gün,

biryolluq gələn var qapına hər gün.

Qarşıda yol gedən kimdi, görəsən?

Qarşıda yol gedən, ay torpaq adam,

ay dastan, ay qopuz, ay çıraq adam,

nə qədər bu yol var, qalacaq adam -

bir adam yol gedir bizdən qabaqda.

BİR BÜRKÜLÜ İYUL AXŞAMI

Qonşumuz Əhməd atası ölən gün

qızdırmadan yananda,

başının üstündə nənəsi ağlayanda,

qonşumuz Əhməd yerindən dikəlib

məzlum-məzlum baxanda, baxıb-baxıb

qara yaylıqlara axıb-axıb:

“Məktəbə gedəndə,

uşaqlar atamı soruşanda,

xar tut dəyəndə,

köynəyim bulaşanda,

Alagöz itəndə,

yonca bitəndə

bu qədər camaata nə deyəcəm?”

- Qonşumuz Əhməd hönkürəndə,

bayatıların səsi batanda

bir bürkülü iyul axşamıydı.

Bir bürkülü iyul axşamıydı,

iyul axşamıydı lap bürkülü.

Qonşumuz Əhmədin istidən öldüyü,

atasının eləcə öldüyü iyul axşamıydı.

Elə axşamıydı, elə...

Bağda meyvənin yaxşı vaxtı, ən yaxşı vaxtı,

lap yaxşı vaxtı öldü qonşumuz Əhmədin atası.

Qonşumuz Əhməd sübh çağı -

atasının vida vaxtı

bağa tərəf boylanıb:

“Meyvənin bu vaxtı adam da ölər?”

- dedi ağzında şirəni tamsınıb,

əriyi tamsınıb,

gilası tamsınıb,

ağzının dadının son axşamıydı.

Qonşumuz Əhməd qızdırmadan

yananda,

əriyin yanağı qızaranda,

sübh çağı qara rəngdə açılanda

bir bürkülü iyul axşamıydı.

Küknar meşəsindən düşmüşdü

axşam, düşməmişdi,

hardansa gətirib salmışdılar

qonşumuz Əhmədin atası ölən axşamı.

Hava dayanmışdı, su dayanmışdı,

Allah da dayanmışdı.

Ayaq saxlamışdı küçədən keçənlər.

əllərini əlinə vurub elə hey deyirdilər:

“Yazıq Əhməd, yazıq Əhməd...”

Yetim qaldı qonşumuz Əhməd

Bir bürkülü iyul axşamı.

SƏRÇƏLƏRİN İYUNU

Günəş pərdəni ram edib

şığıdı yazı masasına.

Hardasa bir qoca baxarkən əsasına

hovuza tullanan uşaqlar əl elədi səmaya.

Yuxarı mərtəbədəki qonşu

eyvana çıxıb palaz çırpanda

radiodakı nəğməyə səs verdi.

Gurultuyla gələn leysan tez səngidi.

Kim isə çağırır kimsəni, kim isə salam verir

əvvəlkindən daha tez.

İndi səhər tələsir, yubanır gecə.

Xəzri əsir...

İyundu.

Qaldırımlar rəngini dəyişir,

Tut boyayır səkini.

Küçələr məst, insanlar sərməst,

günlər, saatlar xoş.

Payıza qalmayan toyların səsi

təzə ayın bağrından qopur.

Açıq havadakı çayxanalar söhbətgaha çevrilir.

Fatmayi bağlarında sayrışır meynələr.

Gözləyir qonağını dənizkənarı restoranın gənc,

yaraşıqlı, universitetin qiyabisində

oxuyan ofisiantı.

Fəvvarələrin ecazkar fantanı çiləyir

damcılarını öz kölgəsinə.

İyundu.

Sərçələr tut ruzisini dadıb cikkildəşir,

boğazlarını qovuşdurur şirə.

Sərçələr gölməçələrdə çimişir,

elə yaraşırlar şəhərə...

Sərçələr yad ölkələrdən qayıdan quşları

doğma nəvazişlə qarşılayır, daimi sakin kimi...

Bu tut ağacları Allahın sərçələrə ehsanıdı.

İyun sərçələrin iyunudu,

hər yer sərçələrin...

ADAŞIM DAŞ

Təkcə adımı həkk etdiyim daş qalıb -

Qalib daş...

Rəngini, duruşunu dəyişməyən

Anam mənə süd verəndə necə var, elə,

Qoca nənəm can verəndə necə var, elə,

Atamız qışqıranda tək yerini dəyişməyən -

Qəlib daş... Dözümlü daş...

Gedib çıxanda məni salamladı

Məndən sadiq, məndən vəfalı daş.

Hanı biz evimizdən çıxanda

Göydən yerə yağan daş?

Hanı ölənlərim, olanlarım?

Elə bircə daş sağ qaldı?

Dərd daşım

Sirr daşım

Qardaşım daş, atam daş,

Məni sinəsində yaşadanım,

Adımı yadında saxlayan daş.

Gördüyüm ən qonaqpərvər,

Ən canıyanan, ən qoçaq.

Vətənə məndən yaxın,

Vətəni məndən çox sevən

Soy daşım,

Ad daşım

Məndən vəfalı adaşım.

Nadir Yalçın

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30