Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Müasir Azərbaycan şərqşünaslığında yeni səhifə açan görkəmli alim

Müasir Azərbaycan şərqşünaslığında yeni səhifə açan görkəmli alim

10.10.2018 [08:34]

Oktyabrın 10-u tanınmış pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın dünyaya göz açdığı gündür
Azərbaycan xalqı dünya elminə bir sıra parlaq simalar bəxş edib. Belə simalardan biri də görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevadır. Professor Aida İmanquliyevanın həyatı hələ çox illər bundan sonra da nəsillərə nümunə ola biləcək məqamlarla zəngindir, fəaliyyəti çoxşaxəlidir. Biz onun simasında fədakarlığın, kamilliyin, mənəvi zənginliyin zirvəsinə yüksələn Azərbaycan qadınının nümunəvi obrazını görürük.
Professor Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, 1957-ci ildə Bakıdakı 132 saylı orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirib.
Gözəl ailə və təhsil mühiti Aida İmanquliyevanın milli ruhlu ziyalı və şəxsiyyət kimi formalaşmasında, əxz etdiyi keyfiyyətləri sonradan övladlarına və tələbələrinə ötürməsində mühüm rol oynayıb. Aida İmanquliyevanın atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının inkişafında mühüm xidmətlər göstərmiş, Azərbaycan jurnalistlərinin bütöv bir nəslinin yetişməsində, formalaşmasında müstəsna rol oynamışdır. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olmuşdur.
Professor Aida İmanquliyeva Bakıda Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1967-ci ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Sonralar Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsindən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olub. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub, yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasına mühüm töhfələr verib.
Aida İmanquliyevanın elmi yaradıcılığı müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə kimi dəyərləndirilir
Çox haqlı olaraq Aida İmanquliyevanın elmi yaradıcılığı respublikamızda şərqşünaslıq sahəsində, o cümlədən də müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə kimi dəyərləndirilir. Geniş mütaliəsi və erudisiyası ilə fərqlənən alim bu sahədə yeni bir istiqamətin əsasını qoyub. Təsadüfi deyil ki, azərbaycanlı alim Aida İmanquliyeva bütün dünyada ərəb məhcər ədəbiyyatının ən görkəmli, ən sanballı tədqiqatçılarından biri kimi tanınır. Azərbaycanlı və keçmiş sovet alimləri ilə yanaşı, Avropa şərqşünasları da Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqinə gətirdiyi yenilikləri və müəyyənləşdirdiyi istiqamətləri dəfələrlə etiraf ediblər.
Professor Aida İmanquliyeva uzun illər apardığı elmi araşdırmalarının parlaq nəticələrini özünün “Mixail Nüaymə və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” kimi fundamental monoqrafiyalarda ifadə edib. Bundan başqa, alim 70-dən çox elmi məqalənin müəllifi və Şərq ədəbiyyatı haqqında yazılmış bir çox məqalənin redaktoru olub. Professor Aida İmanquliyeva tez-tez şərqşünaslıqla bağlı keçirilən beynəlxalq elmi konfranslara və simpoziumlara qatılıb və bu tədbirlərdə respublikamızı yüksək səviyyədə təmsil edib.
Aida İmanquliyevanın elmi axtarışları çoxşaxəli səciyyə daşıyıb. O, tədqiq etdiyi məsələlərə özünəxas yaradıcılıqla yanaşırdı. Azərbaycanlı alimin əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub. Bütün bunlar şərqşünaslığa yeni baxış demək idi. Təsadüfi deyil ki, sonralar Aida İmanquliyevanın gəldiyi elmi nəticələr ərəb məhcər ədəbiyyatını və bütün yeni Şərq ədəbiyyatını tədqiq edən alimlər üçün əvəzolunmaz mənbəyə çevrildi.
Azərbaycanlı alim tərəfindən zamanında ərəb ədəbiyyatının geniş və fundamental şəkildə tədqiqata cəlb edilməsi bu gün də böyük aktuallıq daşıyır. Məlumdur ki, hazırda ərəb Şərqi ilə inteqrasiya getdikcə artır. Belə olan halda isə ərəb ölkələrinin keçmişi və müasir dövrdəki həyatı, mədəniyyəti, xalqların həyat tərzi, ənənələri barədə daha geniş bilgilərə malik olmaq zərurəti meydana çıxır. Bu baxımdan professor Aida İmanquliyevanın apardığı tədqiqatlar böyük əhəmiyyət daşıyır.
Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb. İstedadlı alim Aida İmanquliyeva Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirib. O, əvvəlcə “Ərəb ədəbiyyatı” qrupunda kiçik elmi işçi vəzifəsində çalışıb və 1972-ci ildən etibarən qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış “Ərəb filologiyası” şöbəsinin müdiri vəzifələrində işləyib. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayıb və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunub.
Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biridir
İnsanın ona verilən ömür kəsiyində nail olduğu ən yüksək məqam - özündən sonra layiqli yadigarlar və izlər qoymasıdır. Həyat müvəqqətidir və bu həyatı elə yaşayasan ki, bu dünyadan köçəndə də əməllərin, xeyirxahlığın daim xatırlansın. Bu mənada görkəmli Azərbaycan alimi Aida İmanquliyevanı xoşbəxt insanlar pleyadasına aid etmək mümkündür. Bu gün onu minnətdarlıqla və böyük sevgi ilə yada salan insanların sayı çox, lap çoxdur. Azərbaycanın məşhur simalarının Aida xanım İmanquliyeva haqqında ifadə etdikləri fikirlər dediklərimizi bir daha təsdiqləyir. Akademik Cəmil Quliyevin dediyi kimi, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
Görkəmli şərqşünas alimin övladı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva Aida İmanquliyeva haqqında danışarkən onu parlaq və nadir bir insan kimi xarakterizə edib. “O, doğrudan da parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O, doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi”, - deyə akademik qeyd edib.
Akademik Vasim Məmmədəliyev isə Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib. V.Məmmədəliyev deyib ki, Aida İmanquliyeva fundamental tədqiqatları ilə yalnız Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib. Alimin sözlərinə görə, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub.
“Aida xanımın vaxtsız həyatdan getməsi bizim hər birimiz, bütün kollektivimiz, eyni zamanda onun həmkarları üçün həqiqətən də çox böyük itki oldu. Aida xanımın həyatdan getməsi ilə bizim institutda yaranmış boşluq hələ də dolmur. Biz hamımız o boşluğu hiss edirik. Hamımızın həyatı - onunla işləyənlər bunu çox gözəl bilirlər - Aida xanımın adı, varlığı ilə sıx bağlı idı. Məsələn, mən o vaxt nə yazırdımsa, düşünürdüm ki, Aida xanım bunu oxuyub, nə deyəcək? Mən onun xeyir-duası ilə elmə qədəm qoydum və elmi işlərimi davam etdirdim. Həmişə danışanda deyirəm ki, mənim Ələsgər müəllim, Ziya Bünyadov, Aida xanım kimi gözəl müəllimlərim olub. Biz həqiqətən də xoşbəxtik ki, o cür insanlarla ünsiyyətdə olmuşuq, onların rəhbərliyi altında çalışmışıq, onlardan çox şey öyrənmişik”. Bu sözləri isə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva dilə gətirib.
Biz bu siyahını uzada da bilərdik. Ancaq bu deyilənlər də Aida İmanquliyevanın mükəmməl obrazı barədə konkret təsəvvür yaratmağa kifayətdir. Professor Aida İmanquliyeva özündən sonra heç vaxt silinməyəcək izlər qoyub və buna görə də əziz xatirəsi onu tanıyanların, Azərbaycanın elm ictimaiyyətinin qəlbində həmişə yaşayacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1566 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31