Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xankəndi kommünikesi...

Xankəndi kommünikesi...

08.07.2025 [11:00]

Beynəlxalq əməkdaşlığın inkişafına növbəti töhfə

Mühüm regional aktorlardan birinə çevrilmiş Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır. Xüsusilə, ölkəmizin mühüm razılaşmaların əldə olunması, qlobal problemlərin həlli ilə bağlı təşəbbüslərin səsləndirilməsi ilə bağlı platformalar formalaşdırması, son illərdə bütün dünyaya nümunə sayılacaq addımlar atması bu mənzərəni daha da dinamikləşdirir. Bir neçə gün öncə Xankəndidə baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü də bu deyilənləri təsdiqləyir. Tədbir müasir çağırışlar, yeni nizamda əməkdaşlıq və təhlükəsizlik, çağdaş siyasi-iqtisadi əlaqələndirmə, ekoloji tarazlığın qorunması yönündə olduqca vacib mesajlarla müşayiət olundu. Zirvə toplantısının sonunda qəbul edilən kommunike bu genişmiqyaslı, xarakter etibarı ilə gələcək tərəfdaşlığın möhkəmlənməsinə yönəlik addımları özündə ehtiva etməklə təşkilatın yol xəritəsini formalaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü nəticəsində qəbul edilmiş Xankəndi Kommünikesi barədə məlumat yayıb. Məlumatda 3-4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirildiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə ECO-nun Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda ECO Gənclər Forumu, 2 iyulda Laçında ECO Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı ECO Biznes-Forumu təşkil edilib. Vurğulanıb ki, ECO-nun 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommünikesi qəbul olunub.

Qərbi Azərbaycana qayıdış hüququnun növbəti beynəlxalq təsdiqi...

Xankəndi kommünikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib. Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib. Sənəddə İslam Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş İstanbul bəyannaməsi və müvafiq qətnamə xatırlanıb. İndiki Ermənistan ərazisindən zorla və sistematik şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının sülh, əmin-amanlıq şəraitində öz doğma yurdlarına qayıtmaqla bağlı hüquqlarını bir daha təsdiqləyiblər. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul olunub və təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə edilib, habelə Ermənistan tərəfindən sözügedən icmanın hüquqlarının inkar olunması qınanılıb. Xankəndi kommünikesi bu istiqamətə növbəti beynəxalq sənəd kimi olduqca vacib əhəmiyyət daşıyır.

Qadın liderlərin ekoloji təşəbbüsləri...

Kommünikedə diqqətçəkən məqamlardan biri də Zirvə görüşünün mövzusuna uyğun olaraq, ECO-nun gələcək gündəliyində iqtisadi dayanıqlığın və iqlimə davamlığın əsas prioritetlər kimi müəyyən edilməsi olub. ECO regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə “Sıfır tullantı” təşəbbüsü yüksək qiymətləndirilib.

Vurğulayaq ki, ECO-regionun qadın liderlərinin təşəbbüsləri - xüsusilə də “Sıfır tullantı” (Zero Waste) təşəbbüsü - son illər ekoloji davamlılıq, iqlim dəyişikliyi ilə mübarizə və qadınların bu sahədə liderliyinin artması kontekstində önəmli əhəmiyyət kəsb edir. “Sıfır ullantı” təşəbbüsünün məqsədi istehsal və istehlak proseslərində tullantıların minimuma endirilməsi və bərpaedici metodların tətbiqidir. “Sıfır tullantı” yalnız tullantının azaldılması deyil, həm də resursların yenidən istifadəsi və təbiətlə ahəngdar yaşamaq prinsipidir. Türkiyənin birinci xanımı Əminə Ərdoğan 2017-ci ildə “Sıfır atık” (Sıfır Tullantı) layihəsini başladıb. Bu təşəbbüs BMT və digər beynəlxalq qurumlar tərəfindən dəstəklənib və Əminə Ərdoğan 2023-cü ildə BMT-nin “Sıfır Tullantı Qlobal Çempionu” elan olunub.

Mehriban xanım Əliyevanın ekologiya və sıfır tullantı sahəsindəki təşəbbüsləri xüsusilə diqqətəlayiqdir. Mehriban xanım Əliyeva 2022-ci ilin 11 noyabrında Türkiyə və Özbəkistan birinci xanımları ilə birlikdə “Sıfır Tullantı: Bizim Ümumi Yurdumuz” adlı qlobal deklarasiyanı imzalayıb. Deklarasiya tullantı azaldılmasının, resursların təkrar istifadəsinin, dövri iqtisadiyyatın yayılmasının və Paris Müqaviləsi hədəflərinə nail olunmasının vacibliyini önə çəkir. 2025-ci ilin yanvarında Dubaya hazırlıq məqsədilə keçirilən COP29 Green Zone tədbirində Türkiyə ZW Foundation və Heydər Əliyev Fondu birgə “Zero Waste Pavilion” təşkil edib. Bu pavilyon "Sıfır tullantı ideyasını tanıtmaq, ekoloji maarifləndirmə və ağacəkmə təşəbbüsləri ilə diqqət çəkib.

COP29 İƏT regionunda bir ilk kimi tarixə yazıldı...

Kommünikedə ECO Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və ECO Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib. Sənəddə “ECO Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, ECO Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib. Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.

Kommünikedə Azərbaycan Respublikasının COP29-a uğurla ev sahibliyi etməsi alqışlanıb, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının İƏT regionunda ilk dəfə Azərbaycanda keçirilməsi tarixi naiyyət kimi dəyərləndirilib. Eləcə də, 2026-cı ildə COP31-ə Türkiyə Respublikasının ev sahibliyi etmək təklifi dəstəklənib.

Bəli, 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən COP29 həm Azərbaycanın uğurlu ev sahibliyi, həm də qlobal əhəmiyyətli nəticələri ilə diqqət çəkdi. Sammit zamanı 2035-ci ilə kimi hər il inkişaf edən ölkələrə 300 milyard dollar ayrılması qərara alındı. Bu qərar 198 ölkə tərəfindən təsdiqləndi. Eləcə də, Azərbaycanın COP29 sədrliyi nəticəsində inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşması elan edildi, demək olar ki, on illik müzakirələrdən sonra karbon kreditləri üçün qaydalar qəbul olundu və şəffaf ticarət mexanizmləri quruldu - bu, illik 250 milyard dollar qənaət potensialına malikdir.

COP29 həm də Azərbaycanın Qərb və Qlobal Cənub ölkələri arasında körpü rolunu oynaması və maliyyə məsələlərində konsensus əldə etməyə nail olması ilə diqqət çəkdi. Su dialoqu, SPECA, CAREC formatında yeni regional təşəbbüslər irəli sürüldü. Nəticə etibarı ilə, COP29 Bakı konfransı iqlim nəzarətində, xüsusilə maliyyə hədəfləri, itki və zərər fondu, eləcə də enerji infrastrukturu sahəsində bir dönüş nöqtəsi oldu. Azərbaycanın qısa müddətdə irihəcmli sammiti məharətlə təşkil etməsi, həmçinin diplomatlıq və regional liderlik bacarığı bu uğurun əsas səbəbləri kimi vurğulandı.

COP29-a ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada fəal rolunu və təsir gücünü bir daha sübut etdi. COP29-un sədri kimi Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə edilməsinə çalışdı-bu, Qlobal Cənub və Qlobal Şimal arasındakı əlaqələri gücləndirərək dünya ölkələri arasında iqlim məsələləri ilə bağlı daha sıx əməkdaşlıq üçün zəmin yaratdı. Sözügedən yanaşma Azərbaycanın çoxşaxəli diplomatik siyasətinin davamı və çoxtərəfli əməkdaşlığa sadiqliyinin sübutu idi.

18-ci sammit...

Kommünikedə həmçinin, regionda nəqliyyat dəhlizlərinin genişləndirilməsi və modernləşdirilməsinə çağırış, güclü rəqəmsal infrastrukturun vacibliyi öz əksini tapıb. Orta Dəhliz logistikasını sadələşdirmək və daha geniş elektron ticarəti inkişaf etdirmək üçün vahid rəqəmsal platforma və elektron idarəetmə inteqrasiyası ilə bağlı mühüm qeydlər edilib. Eləcə də İƏT-in ticarət və investisiya sferasının genişləndirilməsinin vacibliyi önə çəkilib. 2035-ci ilə qədər regiondaxili ticarətin ən azı iki dəfə artırılmasının nəzərdə tutulduğu vurğulanıb. Bildirilib ki, İran İslam Respublikası 2027-ci ildə İƏT-in 18-ci sammitinə ev sahibliyi edəcək.

PƏRVİZ İSMAYILOV

Paylaş:
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31