Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zəngilandan başlayan “Böyük Qayıdış”

Zəngilandan başlayan “Böyük Qayıdış”

30.10.2025 [12:48]

Son otuz il ərzində baş verən hadisələr fonunda oktyabr ayı zəngilanlılar üçün xüsusi məna kəsb edir. Tale elə gətirib ki, respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal altına düşməsi və işğaldan azad edilməsi oktyabr ayına təsadüf edib. Rayonun mənfur düşmən tərəfindən işğal altına düşməsi 1993-cü il 29 oktyabr tarixində baş vermişdi. Beş il bundan əvvəl - 2020-ci il oktyabrın 20-də isə rayon işğaldan azad edilib.

Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, tarixi qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev cari il oktyabrın 28-də növbəti dəfə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən də Zəngilanda səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Zəngilanda və Cəbrayılda bir sıra təməlqoyma və açılış tədbirlərinə qatılıb, eyni zamanda Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsindən böyük məmnunluğunu ifadə edib.

İşğala məruz qalmış sonuncu rayon

1988-ci ildən 1993-cü ilin oktyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Rayonun sakinləri bir neçə il ərzində doğma yurd yerlərini bir növ əliyalın qorudular. Respublikanın o vaxtkı rəhbərliyi rayonun müdafiəsini lazımi səviyyədə təşkil etmək qayğısına qalmırdı. İnsanların əlində yalnız gizlətdikləri kiçik silahlar, ov tüfəngləri var idi. Buna görə də qeyri-bərabər döyüşlərdə rayonun kəndləri bir-birinin ardınca işğal altına düşürdü. 1993-cü il oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu, bununla da Zəngilan tam mühasirə vəziyyətində qaldı.

Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşmışdı. Həmin dövrdə Heydər Əliyev İran hökuməti ilə danışıqlar apardıqdan sonra Araz çayı üzərindəki bənddə su bağlandı və əhali çayı keçib xilas oldu. Heydər Əliyev öz nüfuzundan istifadə edərək İran hökumətinin razılığını almasaydı, Zəngilan əhalisi ya düşmənə əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı. Döyüşlərdə 200-dək şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın məcburi köçkün vəziyyətinə düşən sakinləri respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıblar.

Qalib Azərbaycanın “Böyük Qayıdış” hədəfi

Yeni strateji mərhələdə “Böyük Qayıdış” ökəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. “Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq”, - deyə Prezident İlham Əliyev bəhs olunan görüşdə bildirib.

Qeyd edək ki, azad ərazilərin quruculuq salnaməsinin ilk konsepsiyası olan “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan tədbirlər plan üzrə tam şəkildə icra olunmaqdadır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə qoyuluşları ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2021-2024-cü illərdə kapital qoyuluşlarının həcmi təxminən 20 milyard manata yaxın olub.

İşğaldan azad olunmuş ərazilərin bərpası cari ildə də yüksək templə davam etdirilib. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 2 milyard 900,9 milyon manat xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Məskunlaşmanın ilk ünvanı - Ağalı kəndi

44 günlük müharibə başa çatandan sonra isə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunun da yeni növrağı başlayıb-bərpa və quruculuq dövrü. Zəngilan rayonunda da bərpa layihəri bir neçə istiqamətdə aparılır. Əsas iqtiqamətlərdən biri zəruri infrastruktur yaradılmasını əhatə edir. Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Zəngilana səfərə gələrək burada ayrı-ayrı layihələrin icrasına başlanılması mərasimlərinə qatılıblar.

Əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”a məhz Zəngilan rayonunda start verilib. Rayonun Ağalı kəndində müasir yanaşmalar əsasında inşa olunan ilk “ağıllı kənd”ə artıq bir neçə mərhələdə sakinlərin köçürülməsi təmin olunub. Burada 27 il ərzində ağır məcburi köçkünlük taleyi yaşayan sakinlər üçün hər cür rahatlıqlar təmin edilib. Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Ağalıya ilk köç 2022-ci ilin iyul ayında baş tutub və 41 ailə doğma kəndə qayıdıb.

“Böyük Qayıdış”ın yeni mərhələsi

“Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. “Böyük Qayıdış” strategiyası perspektivdə də eyni ardıcılıqla davam etdiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Prezident İlham Əliyev bəhs olunan görüşdə “Böyük Qayıdış”ın yeni mərhələsinin başladığını bəyan edib.

Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi istifadəyə verilib. Ağalı kəndinin ikinci mərhələsində sakinləri qarşılayacaq evlərin sayı 103 ədəddir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31