Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - İran: Münasibətlərdə tarixə və müasir reallıqlara əsaslanan yeni mərhələ

Azərbaycan - İran: Münasibətlərdə tarixə və müasir reallıqlara əsaslanan yeni mərhələ

12.08.2026 [11:15]

Qonşu dövlətlər olan Azərbaycan və İran arasında əlaqələr hər zaman eyni bir düz xətt üzrə inkişaf etməyib. Zaman-zaman hansısa kənar güclərin təsiri ilə qarşılıqlı münasibətlərdə müəyyən dalğalanmalar izlənilib.

Lakin son zamanlarda Azərbaycan Prezidenti İlham Əliyevlə  İran Prezidenti Məsud Pezeşkian arasında siyasi dialoqun intensivləşməsi iki ölkədə bir-birinə etimadın artdığını, münasibətlərdə yeni mərhələnin başladığını deməyə əsas verir. Liderlər görüşlərdə və telefon danışıqlarında ikitərəfli münasibətlərlə bağlı aktual müzakirələr aparıb və qarşılıqlı rəğbətlərini nümayiş etdiriblər.

Liderlərin qətiyyəti və verdikləri mühüm siyasi mesajlar

Diqqətçəkən mühüm məqam ondan ibarətdir ki, hər iki tərəf siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əlaqələrin dərinləşməsinə güclü istək və qətiyyət ortaya qoyurlar. Bunu dövlət başçılarının son açıqlamalarından da görmək mümkündür. Söhbət İran Prezidentinin Azərbaycanla bağlı xoş fikirlər dilə gətirməsindən və Azərbaycan Prezidentinin bununla bağlı X səhifəsində ayrıca paylaşım etməsindən gedir. İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin yaxşılaşdığını bildirərək, müharibə dövründə Bakının Tehrana əhəmiyyətli dəstək göstərdiyini açıqlayıb.

Pezeşkianın sözlərinə görə, müəyyən dövrdə bəzi marşrutların, bankın və səfirliyin fəaliyyəti ilə bağlı yaranmış problemlər Azərbaycan tərəfi ilə təmaslardan sonra qısa müddətdə həllini tapıb. “Biz zəng edib onlarla danışdıq və təxminən iki saat sonra hər şey yenidən açıldı. Bank və səfirlik fəaliyyətini bərpa etdi, marşrutlar açıldı”, - deyə  İran Prezidenti bildirib.

Pezeşkian xüsusilə müharibə zamanı Azərbaycanın rolunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ərazisindən müxtəlif təchizat marşrutlarının, o cümlədən Rusiya istiqamətindən daşımaların fəaliyyəti təmin edilib və Bakı İranın ehtiyac duyduğu məsələlərdə kömək göstərib. Fikirlərini ifadə edən Məsud Pezeşkian bildirib: “Müharibə zamanı onlar bizə böyük kömək etdilər. Müxtəlif marşrutlarla - istər Rusiyadan gələn tədarüklər, istərsə də öz imkanları hesabına - ehtiyacımız olan məsələlərin təşkilinə yardım göstərdilər və bizi müşayiət etdilər”.

Azərbaycan Prezidenti İlham Əliyev isə X səhifəsində etdiyi paylaşımında ölkəmiz haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib. İran Prezidentinin ölkəmizlə bağlı xoş fikirlər ifadə etməsi, öz növbəsində Azərbaycan Prezidentinin X səhifəsində etdiyi paylaşımında buna görə qonşu ölkənin dövlət başçısına təşəkkürünü bildirməsi hər iki tərəfin mühüm siyasi mesajı kimi dəyərləndirilməlidir. Qeyd etdiyimiz kimi, ikitərəfli münasibətlərə hansısa yollarla xələl gətirməyə çalışan qüvvələr var. Liderlərin verdikləri mühüm siyasi mesajlar birlik, həmrəylik mesajlarıdır, eyni zamanda həmin bədxah qüvvələrə tutarlı cavabdır. 

Azərbaycan və İran münasibətləri xüsusi özəlliyi ilə fərqlənir - xoş mərama əsaslanan qonşuluq siyasəti

Ölkələr və xalqlar üçün qonşuları seçmək anlayışı istisnalıq təşkil edir. Bu, bir tale məsələsi, alın yazısıdır. Həmçinin o da aksiom kimi qəbul olunur ki, regionda ayrılıqda götürülmüş hər hansı bir dövlətin uğurlu inkişafı mümkün deyil. Bu mənada, Azərbaycanın öz siyasətində daim yaxın qonşuluq prinsipindən çıxış etməsi diqqət çəkir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə belə bir tezisi əsaslandırıb ki, qonşulardan təcrid olunmuş hər hansı bir ölkə uğurla inkişaf edə bilməz. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən də İranla yaxşı münasibətlər qurmağa nail olub.

Azərbaycan və İran münasibətləri xüsusi özəlliyi ilə fərqlənir. Dünyada ayrı-ayrı dövlətlərin hansısa bir zaman kəsiyində yaxınlaşmaları və yaxud müxtəlif təşkilatlar daxilində müttəfiqlər olduqlarını bəyan etmələri hallarına çox şahidlik etmişik. Lakin zorən müttəfiqlik mümkün deyil. Dövlətlərin müəyyən bir zaman kəsiyində hansısa zərurətlər səbəbindən yaxınlaşmalarının ömrü də qısa olur, süni şəkildə qurulan münasibətlər dağılır, hətta bəzən düşmənçiliklə əvəzlənir. Azərbaycanın və İranın münasibətləri isə keçici maraqlardan yaranmayıb. Bunu bir sıra təbii amillər, o cümlədən həm tarixdən gələn ənənələr, həm də bugünkü reallıqlar şərtləndirir. Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəsizliyi təmin edir. 

Azərbaycanla İranın yaxşı qonşuluğunu, dostluğunu şərtləndirən digər bir mühüm amil tarixi köklərlə bağlıdır. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar verir.

İran həm də o dövlətdir ki, dünya üzrə müstəqil Azərbaycanın hüdudlarından kənarda ən çox azərbaycanlı məhz burada yaşayır. Onlar ta qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin  inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.

Dar və çətin günlərin dostları

Azərbaycan Prezidentinin X səhifəsində etdiyi paylaşımında hazırda çətinliklərlə üzləşən İrana Azərbaycanın münasibəti ilə bağlı təsirli ifadələr yer alıb. Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

Bəli, humanizm respublikamızın davamlı siyasətinin fundamental prinsiplərindən biridir. Azərbaycan dost və qonşu ölkələr çətin vəziyyətə düşdükdə, heç vaxt laqeyd qalmayıb və hər zaman köməyə tələsib.

Qeyd edək ki, humanitar böhranın nə demək olduğunu Azərbaycan dövləti və xalqı yaxşı bilir. Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən  respublikamız da zamanında ədalətsiz müharibəyə cəlb olunan və humanitar fəlakətlə üzləşən ölkədir. Buna görə də dövlətimiz və cəmiyyətimiz  dünyanın ayrı-ayrı bölgələrində yaşanan humanitar böhranlara həssas yanaşma sərgiləyir.  Ölkəmiz daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndirilməlidir. Bu gün biz qürur duyuruq ki, güclü Azərbaycanın dünyanın ayrı-ayrı regionlarını əhatə edən yardım proqramları uğurla icra edilir və bundan milyonlarla insan faydalanır.

Bu barədə konkret təsəvvürün yaranması üçün bəzi faktları xatırlatmaq yerinə düşər. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının (QH) üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Həmçinin Azərbaycan  Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib.

Uzanan müharibə ilə əlaqədar Ukraynada yaşanan humanitar fəlakət hər kəsə bəllidir. Müharibə başlayandan bəri Azərbaycanın Ukraynaya humanitar yardımı davamlı hal alıb. Respublikamızdan dost ölkəyə yardımlar müxtəlif istiqamətlərdə göstərilir. Xatırladaq ki,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında ölkəmizdə Ukraynadan olan uşaqlar üçün reabilitasiya kursları təşkil olunub. O cümlədən Azərbaycan Ukraynanın kritik durumda olan enerji təchizatına dəstək verir. İndiyədək respublikamızdan Ukraynaya bir neçə dəfə enerji avadanlığı yüklənmiş humanitar yardım karvanları yola salınıb.

Suriyaya dəstək Azərbaycanın humanitar missiyasının daha bir ifadəsidir. Artıq Suriyada yeni dönəm başlayıb. Ölkənin keçid dövrü hakimiyyəti Bəşər Əsəd rejiminin kədərli miraslarının aradan qaldırılması kimi ağır bir prosesi irəli aparmaqdadır. Çətinliklə də olsa, uğurlar qazanılır. Respublikamız Suriyaya dəstəyini ilk ifadə edən dövlətlər  sırasında yer alır. Bu dəstək müxtəlif istiqamətləri əhatə  edir. O cümlədən, ölkəmizdən Suriyaya qaz ixracına da start verilib.

Azərbaycanın müharibə ilə əlaqədar İranın üzləşdiyi çətinliklərə həssas yanaşması da ölkəmizin xoş mərama əsaslanan qonşuluq siyasətinə və humanizm prinsiplərinə verdiyi böyük önəmin  ifadəsidir.  Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib. Daha sonra dövlətimizin başçısı İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı başsağlığında Xameneinin İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynadığını qeyd edib və dost, qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb.  Bu addımın siyasi və mənəvi əhəmiyyəti çox böyükdür.  Azərbaycanın və onun Liderinin davranışları çətin gündə dost dövlətin və xalqın yanında olmaq, həmrəylik göstərmək nümunəsidir.

Bu çətin günlərdə Azərbaycandan İrana dövlətimizin başçısının tapşırığına uyğun olaraq bir neçə dəfə humanitar yardım karvanları yola salınıb. Yardım karvanlarına gündəlik tələbat malları, həmçinin dost İran xalqı üçün bayram sovqatı daxil edilib. Ölkəmiz eyni zamanda xoş məramdan çıxış etməklə digər ölkələrdən göndərilən humanitar yardımların da İrana çatdırılmasına vasitəçilik edib ki, bütün bunlar da Məsud Pezeşkianın açıqlamasında da qeyd olunduğu kimi, qonşu ölkədə yüksək dəyərləndirilib.

Regiondakı geosiyasi reallıqları nəzərə aldıqda Azərbaycanın dar gündə İranın yanında dayanması böyük siyasi qətiyyət, cəsarət tələb edir. İndiki məqamda bəzi dövlətlərin İrana münasibətdə ehtiyatlı davrandığı, gözləmə mövqeyi tutduğu müşahidə edilir.  Bu siyahıya həmçinin bəzi fürsətcil qonşu dövlətlər də daxildir. Azərbaycan isə müharibənin digər iştirakçıları tərəfindən ehtimal olunan təzyiqlərə rəğmən, qətiyyətlə davranır və humanitar böhranla üzləşən İran xalqına dəstək verməkdən çəkinmir. Ölkəmiz dünyada ləyaqətli dövlət imicini məhz bu kimi davranışlar sərgiləməsi sayəsində qazanıb. Azərbaycan kimlərinsə diqtəsi ilə qərarlar qəbul etmir və dostlarını da özü seçib müəyyənləşdirir. İran da Azərbaycanın doğru seçim edərək müəyyənləşdirdiyi dost  ölkədir.

İkitərəfli əməkdaşlıq regional sabitliyə və inkişafa mühüm töhfədir

Azərbaycanla İranı bir-birinə yalnız sərhədlər bağlamır. Son illərdə iki ölkə arasında bir sıra iqtisadi layihələrin icrası uğurla təmin olunub. Bakı və Tehran Şimal - Cənub nəqliyyat dəhlizinin inkişafına böyük maraq göstərirlər. Ölkələrimiz Araz çayı vasitəsilə bənzərsiz su diplomatiyası həyata keçirir və burada hidroqovşaqların inşası uğurla tamamlanıb. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. “Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Həm İran, həm də Azərbaycan uzun illər bundan sonra da bəhs olunan layihədən böyük iqtisadi dividentlər qazanacaqlar. Eləcə də Araz çayı üzərində yeni körpünün tikintisinin tamamlanması ilə iki ölkə arasında nəqliyyat bağlantıları daha da intensivləşəcək. Yeri gəlmişkən, Azərbaycanın və İranın dövlət başçıları telefon söhbəti əsnasında müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və İranın əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində dəyərləndirilməməlidir. İndiki həssas dönəmdə qonşu dövlətlərin müxtəlif layihələr üzrə əməkdaşlıq etmələri həm də regional münasibətlər kontekstində mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında genişlənən iqtisadi əlaqələr eyni zamanda regional inkişafa və sabitliyə mühüm töhfədir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31