Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan və Qazaxıstan regionun yeni əməkdaşlıq formatını yaradır

Azərbaycan və Qazaxıstan regionun yeni əməkdaşlıq formatını yaradır

06.10.2009 [09:40]

Hər iki ölkə regionda strateji nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzinə və öz zəngin karbohidrogen ehtiyatları ilə dünyanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməkdədir
Azərbaycanın ən yaxın tərəfdaşlarından və qonşularından olan Qazaxıstanla əlaqələr daha da dərinləşməkdədir. Son illərdə iki ölkə arasında münasibətlər daha geniş sahələri əhatə edərək pozitiv xarakter almaqdadır. Dövlət başçılarının qarşılıqlı səfərləri, eyni zamanda, hökumətlərarası komissiyaların iclaslarının keçirilməsi bu dinamizmi daha da möhkəmləndirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfəri və imzalanan sazişlər isə ölkələr arasında sıx təmasların yeni mərhələyə qədəm qoymasını şərtləndirməklə yanaşı, regionda yeni layihələrin gerçəkləşməsi üçün əlverişli zəmin yaradır. Hər iki dövlətin siyasi iradəsi nəticəsində birgə iqtisadi layihələrin həyata keçirilməsi ümumilikdə regionun simasının dəyişərək qarşılıqlı əməkdaşlıq məkanına çevrilməsinə geniş yol açır.
Qazaxıstan ölkəmizlə bütün məsələlərdə qarşılıqlı etimada söykənən dərin münasibətlər qurub və dövlətlər arasında hər bir element üzrə ortaq mövqe mövcuddur. Xəzərin hüquqi statusu üzrə razılaşmaya imza atan ilk ölkələrdən biri də məhz Qazaxıstandır. Bu onu göstərir ki, Azərbaycanla Qazaxıstan arasında sıx münasibətlər dərin təməllər üzərində inkişaf edərək regionda strateji tərəfdaşlıq üçün mühüm örnəyə çevrilməkdədir. Bu iki türk dövlətinin iqtisadi qüdrəti ilbəil artır və dünya iqtisadiyyatına verdiyi töhfəyə görə Azərbaycan və Qazaxıstanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı çoxalır. İnkişaf dinamikasına görə MDB regionunun bu lider ölkələrinin Mərkəzi Asiya-Avropa ticarət strukturunda çəkisi də əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Xəzəryanı ölkələr olması isə Qazaxıstanın və Azərbaycanın regionda strateji nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzinə, eyni zamanda, zəngin karbohidrogen ehtiyatları ilə dünyanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsinə dərin baza yaradır. Bir sözlə, Şərq-Qərb kommunikasiya və enerji marşrutlarının gerçəkləşməsi rəsmi Bakı və Astananın atdığı strateji qərarlar sayəsində mümkün olmaqdadır.
O da qeyd olunmalıdır ki, Qazaxıstan ötən ilin oktyabr ayından öz neftini Azərbaycanın müəllifi olduğu Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan enerji dəhlizi vasitəsilə dünya bazarlarına nəql etməklə sıx tərəfdaşlığa yeni komponentlər əlavə edib və ölkələr arasında münasibətlər daha geniş formatda inkişaf edərək tarixi mərhələyə keçid alıb. Bu addımın atılması ilə region üçün böyük strateji əhəmiyyətə malik olan TransXəzər dəhlizinin əsası qoyulub. “Tengiz” yatağından çıxarılan neftin BTC ilə ixracına başlanılması beynəlxalq miqyaslı layihənin regionda strateji əhəmiyyətini daha da möhkəmləndirib. Bu qərar həm də layihənin miqyas baxımından əhatəsini genişləndirməklə bərabər, Azərbaycanın 15 il əvvəl başladığı yeni neft strategiyasının mühüm keyfiyyət komponentləri ilə və iqtisadi-siyasi çalarlarla zənginləşdiyini şərtləndirmiş olur. Yeri gəlmişkən, bir sıra iqtisadi mərkəzlər bəzi hallarda bu cür şərhlərlə çıxış edirlər ki, guya rəsmi Astana öz enerji diplomatiyasını həyata keçirərkən müstəqil qərarlar qəbul edə bilmir, siyasi iradəsizlik nümayiş etdirir və bu da son nəticədə enerji layihələrinin Rusiyanın təsiri altına düşməsinə səbəb olur. Amma reallıq göstərir ki, Qazaxıstan hökuməti prinsipial mövqeyə malikdir və siyasi iradəsi hesabına istənilən layihəni reallaşdırmağa qadirdir. Bu, qeyd etdiyimiz kimi, neftin Azərbaycan vasitəsilə nəqlində özünü təsdiqlədi. Qazaxıstan öz enerji siyasətində diversifikasiya prinsiplərinə üstünlük verir və bu, bütün tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə imkan yaradır. Xatırladığımız kimi, rəsmi Astana TransXəzər layihəsinin gerçəkləşməsi üçün ilk addımları atıb və Mərkəzi Asiyanın neft ehtiyatlarının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli öz həllini tapıb. Türkmənistanın da öz neftini bu layihə üzrə nəql etməsi TransXəzərin başa çatmasına və ümumilikdə bütün Mərkəzi Asiyanın karbohidrogen resurslarının respublikamız vasitəsilə Qərbə çatdırılmasına səbəb olacaq.
Onu da qeyd edək ki, hazırda neftin ixracında BTC-nin imkanlarından yararlanan Qazaxıstan xarici sərmayədarlarla birgə kəmərin genişləndirilməsini dəstəkləyir. Qazaxıstan “Tengiz” yatağından çıxarılan neftlə bərabər, hasilatın ikinci mərhələsində “Kaşaqan” yatağından çıxarılan nefti də BTC ilə nəql etmək istəyir. “Kaşaqan” yatağında neft hasilatının artırılması isə BTC ilə nəql olunan neftin (Qazaxıstan neftinin) həcminin ildə 15-20 milyon tona çatmasına səbəb olacaq. Buna görə də, kəmərin nəql gücünün artırılmasına ehtiyac yaranıb və hazırda gündəlik 1 milyon barel neftin ixrac olunduğu BTC-nin genişləndirilməsi labüddür. Bu məqsədlə layihənin səhmdarları artıq ötən ildən etibarən kəmərin əlavə 500-600 min barel nefti qəbul edə bilməsi üçün BTC-nin genişləndirilməsinə başlayıb. Kəmərin genişləndirilməsindən sonra Bakı-Tbilisi-Ceyhan kəmərinin yanacaq buraxma gücü gündəlik 1 milyon bareldən 1,6 milyon barelədək artırılacaq.
Prezident Nursultan Nazarbayevin ölkəmizə səfəri zamanı imzalanan sazişlər əməkdaşlığın formatının daha da genişlənməsinə zəmin yaradıb və tərəflər enerji ilə yanaşı, siyasi-ictimai, iqtisadi-sosial, elmi-mədəni, humanitar sahələrdə əlaqələrə impuls verən layihələr həyata keçirəcək. Energetika və sənaye, kənd təsərrüfatı sahəsində əməkdaşlıq qeyri-neft bölməsində nəzərdə tutulan layihələrin əsasını təşkil edir. Aktauda kənd təsərrüfatı məhsullarının saxlanması anbarlarının inşası planlaşdırılır ki, bu da Azərbaycanın Asiya bazarlarına çıxışı üçün mühüm rol oynayacaq. Başqa bir məqama da diqqət yetirək. Bildiyimiz kimi, Qazaxıstan hökuməti bir neçə il əvvəl Dübəndi ərazisində Taxıl terminalı tikib istifadəyə verib və bu terminal da taxıl məhsullarının ixracında mühüm rol oynayır. Hər iki ölkənin reallaşdırdığı digər layihələrin icrası qarşılıqlı ticarət dövriyyəsinə də mühüm təsirini göstərib və mal mübadiləsinin həcmi 670 milyon dollardan çoxdur. Hətta ticarət dövriyyəsi böhranla əlaqədar aşağı düşsə də, Qazaxıstan respublikamızın ticarət tərəfdaşları arasında ilk yeddilikdə yer alan ölkələrdən sayılır. ölkələr arasında vizasız gediş-gəlişin tətbiqi, neft emalı sahəsində Azərbaycanın əldə etdiyi texnoloji üstünlüklərin istifadəsi, Xəzər-Qara dəniz ticarəti sisteminin yaradılması, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi, digər prioritet layihələrin reallaşması ticarət dövriyyəsinin artmasına və 1 milyard dolları ötməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Paylaş:
Baxılıb: 1149 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30