Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avrasiyanın mühüm nəqliyyat qovşağı

Avrasiyanın mühüm nəqliyyat qovşağı

15.07.2026 [10:30]

Hazırda dünyada müşahidə edilən kataklizmlər, xüsusilə də Şərqi Avropada, Yaxın Şərqdə, Hörmüz boğazı ətrafında, daha əvvəl Qırmızı dənizdə baş verənlər regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub.  Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb.

Belə bir şəraitdə nəzərlər Azərbaycana yönəlir ki, bu da bir sıra fundamental amillərlə bağlıdır. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında ölkəmizin tranzit daşımaları sahəsində üstünlüklərinə və bunu şərtləndirən bir sıra məqamlara diqqət çəkib. “Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək”, - deyə dövlətimizin başçısı forumda Ona ünvanlanan sualları cavablandırarkən bildirib.

Fiziki infrastrukturun yaradılması

Şuşa Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyev tranzit daşımaları üçün zəruri olan iki mühüm şərtə xüsusi diqqət çəkib. Bunlardan biri qonşularla yaxşı münasibətlərin qurulmasıdır. Dövlətimizin başçısı bildirib ki,  əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda qonşularla yaxşı münasibətlərin qurulması xətti xüsusi yer tutur. Qısa müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli əlaqələrin qurulması respublikamızın böyük üstünlüyüdür. İndiyədək Azərbaycanın moderatorluğu və qonşu dövlətlərin iştirakı ilə bir sıra nəqliyyat və enerji layihələri uğurla reallaşdırılıb və hazırda həmin layihələrdən bütün Avrasiya məkanı faydalanır.

Daşımalar üçün digər zəruri şərt infrastrukturla bağlıdır. Prezident İlham Əliyev son 22 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yanaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir.

Ötən dövrdə Azərbaycan müasir nəqliyyat infrastrukturunun yaradılmasına kompleks yanaşma sərgiləyib. Belə ki, nəqliyyat-logistika sahəsində reallaşdırılan layihələr müxtəlif istiqamətləri - avtomobil yollarını, dəmiryolunu, su və hava nəqliyyatını əhatə edib. Ölkədə  məqsədyönlü şəkildə həyata keçirdiyi müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Respublikamızda hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları tikilir və yaxud əsalı şəkildə yenidən qurulur.

Dəniz nəqliyyatının inkişafı

Respublikamızda dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb.  Bu gün Azərbaycan Xəzərdə ən böyük daşıma donanmasına malikdir. Burada əlamətdar məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara çıxarmağı bacarıb. Qara dənizdə daşımalar həyata keçirmək üçün üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Ölkəmizdə gəmiqayırma zavodunun yaradılması da böyük uğurdur.  Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Şuşa Qlobal Media Forumunda bildirildiyi kimi, hazırda müəssisədə respublikamızın istifadəsi üçün daha 10 gəmi inşa olunur.

Reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı  modernləşib. Müvafiq Dövlət Proqramının icrası çərçivəsində çoxsaylı layihələr reallaşdırılıb.  Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilir.

Həmçinin  respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Füzulidə, Zəngilanda və Laçında olmaqla daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılıb. Hazırda ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyədə olmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “...Fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır”.

İmkanlar artırılır

Genişlənmə layihələri həm Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini, həm də Ələtdəki beynəlxalq dəniz limanını əhatə edir. Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdirilməsini təmin edib. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi üzrə layihə artıq yekunlaşıb.

Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması istiqamətində fəal iş aparılır. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq. “Hazırda biz öz imkanlarımızı artırırıq. Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31