Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Respublikamız yerli istehsal hesabına tələbatı tam ödəməyə qadirdir

Respublikamız yerli istehsal hesabına tələbatı tam ödəməyə qadirdir

01.06.2010 [11:37]

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı dərin əsaslar yaradılıb
Son dövrlər bəzi mətbuat orqanlarında bu il kənd təsərrüfatı məhsullarının kəskin şəkildə qıtlığının yaranacağı, bunun isə bahalaşmaya səbəb olacağı barədə informasiyalar yayılmaqdadır. Bəzi şəxslər təbii fəlakət nəticəsində sel basmış rayonların kənd təsərrüfatına dəymiş zərəri faciə kimi qələmə verməyə çalışır, aqrar sahədə ciddi itkilərin yaranacağı qənaəti yaratmağa çalışırlar. Onlar bir neçə rayon üzrə əkin sahələrinə dəymiş zərəri sanki böhran kimi səciyyələndirməyə çalışırlar. Bu cür əsassız arqumentlərin, reallığı əks etdirməyən proqnozların əsasında hökumətin həyata keçirdiyi tədbirlərə kölgə salmaq niyyətləri, böhtan kampaniyası ilə yanaşı, siyasi xuliqanlıq dayanır.
Məlum olduğu kimi, Azərbaycanda iqtisadiyyatın aparıcı sahəsinə çevrilən kənd təsərrüfatı son illər iqtisadiyyatın əsasını təşkil etməyə başlayıb. Aqrar sahədə hər il artım dinamikası müşahidə edilib və son 5 ildə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və qida məhsulları yerli tələbatı tam ödəməyə imkan verir. Azərbaycan yalnız bəzi məhsulları (kərə yağı, kolbasa məmulatları, konservləşdirilmiş mallar, subtropik meyvələr və s) xarici dövlətlərdən idxal edir. Əsas yeyinti məhsulları, məsələn çörək, kartof, soğan, şəkər tozu, qatıq, süd, süd məhsulları, mal və quş əti, yumurta və eyni zamanda, bostan və meyvə-tərəvəz məhsullarının böyük əksəriyyəti yerli istehsalın hesabına ödənilir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım dinamikası 2003-cü ildən başlayaraq yeni mərhələyə qədəm qoyub və aqrar sektor qeyri-neft bölməsində əsas yer tutmağa başlayıb. ötən il ölkəmizdə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının xeyli hissəsi yerli tələbatın ödənilməsindən başqa, digər ölkələrin ehtiyacları üçün sərf olunub. Azərbaycan bir neçə ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin edib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik, toxumçuluq və meyvəçilik şöbəsinin müdiri Sabir Vəliyevin bildirdiyinə görə, 2010-cu ildə istehsalı proqnozlaşdırılan kənd təsərrüfatı məhsulları ölkə əhalisinin bütün tələbatını ödəməyə kifayət edir. ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi yerli tələbatdan xeyli artıqdır və bir sıra mallar xarici ölkələrə ixrac olunur.
KTN-nin şöbə müdirinin fikrincə, əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatı 100 faiz yerli istehsal hesabına ödəniləcək. S.Vəliyev qeyd edib ki, ötən il respublikamızda 3 milyon ton taxıl istehsal olunub ki, bu da yerli tələbatı tamamilə ödəməyə imkan verib. Bu il taxıl istehsalında azalmanın olacağını heç kim inkar etmir. Kənd Təsərrüfatı Nazirliyi hələ ötən ilin noyabr ayında bəyan edib ki, aqrotexniki və melorativ tədbirlərlə əlaqədar olaraq taxıl əkini sahələrində azalma müşahidə olunacaq. Bu isə 2010-cu ildə ümumilikdə taxıl istehsalının müəyyən dərəcədə azalması ilə nəticələnəcək. Sabir Vəliyev bildirib ki, təbii fəlakətlə əlaqədar taxıl əkini sahələrinin təxminən 20-30 min hektarı sıradan çıxıb. Amma bu sahələrdən itirilən məhsul ümumi istehsala çox cüzi təsir edir. Belə ki, ölkəmizdə bu mövsümdə 800 min hektardan çox sahədə taxıl əkini aparılıb və 20 min hektar ümumi əkin sahələrinin cəmi 3-4 faizini təşkil edir. Bu isə ümumi istehsalın 3-4 faiz azalmasına səbəb ola bilər. Hesablamalara görə, Kür və Araz çayları ətrafında yerləşən əkinçilik təsərrüfatlarına və təbii fəlakətin zərər vurduğu digər rayonlardakı zəmilərə dəyən ziyan nəticəsində taxıl istehsalında 150-200 min ton azalma gözlənilir. Bu isə ölkəmizin bir nömrəli ərzaq məhsulu olan taxılın yerli tələbatı ödəməsinə ciddi problem yaratmayacaq. çünki Dövlət Taxıl Fonduna məxsus anbarlarda, həm də taxılçılıq dəyirmanlarında ehtiyat taxıl yığılacaq, bu isə tələbatı ödəməyə imkan verəcək. Əgər ehtiyac olarsa Qazaxıstandan az miqdarda taxıl alınacaq. ümumiyyətlə, dövlət çörəyin və digər ərzaq məhsullarının istehlakı ilə bağlı bütün zəruri tədbirləri görəcək. İqtisadi vasitələrlə tələbatın ödənilməsini təmin etməyi əsas məqsədi hesab edən hökumət daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün lazımi addımlar atacaq.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik, meyvəçilik və toxumçuluq şöbəsinin müdiri onu da deyib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının böyük bir hissəsi tələbatdan artıqdır. Bu məhsullar yerli istehlakı tamamilə ödəməklə yanaşı, qonşu ölkələrin tələbatının ödənilməsinə də yönəldilir. Məsələn, respublikamız hər il Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrə kartof, xiyar, pomidor, bibər, kələm, alma, armud, heyva, xurma, limon və digər məhsulları ixrac edir. Bu il də yerli istehsal hesabına həm daxili tələbatı ödəmək, həm də xarici ölkələrə bəzi məhsulların ixracını həyata keçirmək mümkün olacaq.
KTN-nin şöbə müdiri İslam İbrahimovun qeyd etdiyinə görə, bu il təbii fəlakətlə əlaqədar bəzi məhsulların azalması gözlənilsə də bu, qıtlıq və bahalaşma üçün əsas vermir. Əsas strateji məhsul olan taxılın istehsalı hesabına tələbatı 80-90 faiz ödəmək mümkün olacaq. Qalan məhsulu isə digər ölkələrdən idxal etməklə tənzimləmək mümkündür. İ.İbrahimovun fikrincə, bir neçə il əvvəl ölkəmizdə taxıl istehsalı 1,8-2 milyon tona bərabər idi və həmin vaxt taxıl istehlakı ilə bağlı heç bir problem meydana çıxmayıb. İndi isə taxıl istehsalında cüzi azalma baş verə bilər, amma bu da daxili tələbatın ödənilməsində hansısa çətinliyin yaranması üçün səbəb ola bilməz. Respublikamızda bostan məhsullarının həcmində də azalma proqnozlaşdırılır, ancaq ümumi istehsalın həcmi ötən ilkindən az olmayacaq. çünki bu il bitkiçilik əkini, o cümlədən, kartof, soğan, şəkər çuğunduru, çəltik, vələmir, yem bitkiləri sahələri  ötən illə müqayisədə artıqdır. İslam İbrahimovun sözlərinə görə, təbii fəlakətin vurduğu zərərlərə baxmayaraq, həmin əkin sahələrinin artması hesabına bir sıra kənd təsərrüfatı məhsullarının artımı gözlənilir. Mütəxəssis bu il heyvandarlıq məhsullarının da həcmində artımın proqnozlaşdırıldığını bildirib.
İslam İbrahimovun qənaətinə görə, ümumiyyətlə, aqrar bölmədə mövcud inkişaf tendensiyası ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynamaqdadır. Bu sahədəki inkişaf tendensiyası əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rola malik olmaqdadır. Kənd təsərrüfatı sektorunda aparılan davamlı islahatlar mülkiyyətçilərin əkinə marağını gücləndirib və bu, özünü bitkilərin əkin strukturunda göstərib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Azərbaycan Hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü və potensial iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Elbrus CƏFƏRLİ
Paylaş:
Baxılıb: 1441 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31