Böyük İpək Yolu: Keçmişdən gələcəyə...
28.10.2023 [10:22]
Hazırkı geosiyasi gərginliklər fonunda geniş Avrasiya coğrafiyasında nəqliyyat dəhlizlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Ölkələr və daşıma şirkətləri iqtisadi cəhətdən səmərəli və daha təhlükəsiz alternativ marşrutlar axtarırlar. Belə bir şəraitdə nəzərlər həm də Azərbaycandan keçən marşrutlara, o cümlədən də qədim İpək Yolunun keçdiyi marşruta - Orta Dəhlizə yönəlir. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb marşrutlarında olduğu kimi, Orta Dəhlizin də çox mühüm həlqələrindən birini təşkil edir. Azərbaycanın Baş naziri Əli Əsədov bu günlərdə baş tutan 4-cü Tbilisi İpək Yolu Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın geniş nəqliyyat imkanları, həmçinin ölkəmizin Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasının reallaşdırılmasında lap əvvəldən tərəfdaş dövlətlərlə birlikdə yüksək fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş nazir vurğulayıb ki, Azərbaycan və Gürcüstan tarixən Avropa ilə Asiya arasında iqtisadi-ticari əlaqələrdə oynadıqları körpü rolunu bu gün də davam etdirməkdədir.
Azərbaycan Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən biridir
Baş nazir Əli Əsədovun vurğuladığı kimi, Azərbaycan və Gürcüstan 90-cı illərin sonlarında Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olmuşlar. Respublikamızın bəhs olunan konsepsiyanı dəstəkləməsi isə təsadüfi deyil. Tarixdən bəllidir ki, Azərbaycan Böyük İpək Yolunun üzərində mühüm məntəqələrdən biri olub. Marşrutun yenidən canlandırılması ölkəmizə böyük dividentlər gətirə bilərdi. Bu perspektivi nəzərə alan Heydər Əliyev bəhs olunan marşrutun bərpası, Azərbaycanın nəqliyyat-logistika imkanlarının dünyaya təqdim edilməsi istiqamətində fəaliyyət həyata keçirib.
Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Böyük İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Baş nazirin vurğuladığı kimi, konfransın yekununda Avropa İttifaqının TRACECA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq,
TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub.
Heydər Əliyevin səyləri ilə vaxt itirilmədən TRASEKA Proqramı çərçivəsində nəzərdə tutulan layihələrin icrasına start verilib. Görüləsi işlər çox idi. Gənc müstəqil respublikamızın tranzit daşımaları baxımından cəlbediciliyini artırmaq üçün uzunmüddətli daxili sabitliyi təmin etmək, yüksəksəviyyəli infrastruktur qurmaq, milli qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq, Transxəzər marşrutu üzərində yerləşən dövlətlərlə koordinasiyalı fəaliyyət qurmaq lazım idi. Heydər Əliyevin tapşırıqlarına uyğun olaraq işlər eyni vaxtda müxtəlif istiqamətlərdə aparılırdı. Onun ardıcıl səyləri sayəsində TRASEKA proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasına beynəlxalq nəqliyyat dəhlizlərinin inşası və müasir infrastruktur təminatının formalaşdırılması məqsədilə təxminən 20 milyon avro həcmində dəstək verilib. Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edərək TRASEKA Proqramında nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə reallaşdırılması məqsədilə 255 milyon ABŞ dolları həcmində kredit cəlb edib. Ümumilikdə, istər TRASEKA proqramı, istərsə də onun tərkib hissəsi olan Böyük İpək Yolunun bərpa edilməsi XXI əsrin ən mühüm, qlobal əhəmiyyətə malik proqramlarından biri kimi dəyərləndirilir.
Böyük töhfələr
Baş nazir Azərbaycanın regional nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işləri qeyd edib və müsbət nəticələrin əldə olunduğunu vurğulayıb. Bu işlərin miqyası kifayət qədər genişdir. Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir.
Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub.
Yaradılan güclü infrastruktur öz müsbət nəticələrini verir. Baş nazir bildirib ki, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir. Qeyd olunduğu kimi, Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Əli Əsədov vurğulayıb ki, eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi durur və Azərbaycan tərəfi bu istiqamətdə də işbirliyinə hazırdır. Ölkəmizin üstünlüklərindən bəhs edən baş nazir bildirib: “Azərbaycan Xəzər dənizində ən böyük donanmaya sahibdir. Bakı Gəmiqayırma zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri üçün sifarişləri uğurla yerinə yetirir, zavodun imkanlarının artırılması və mülki donanmanın genişləndirilməsi üzərində fəal iş aparılır”.
Avropaya nəql olunacaq qazın həcmi iki dəfə artırılacaq
Baş nazir əlavə edib ki, regionda yaranmış yeni reallıqlar bölgədə çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxması üçün yaxşı şərait yaradır və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək. Əli Əsədov ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan roluna xüsusi diqqət çəkib. Hazırda respublikamız qoca qitə üçün yeni və etibarlı mavi yanacaq tədarükçüsü qismində çıxış edir. Prezident İlham Əliyev zamanında güclü siyasi iradə ortaya qoyaraq Cənub Qaz Dəhlizinin yaradılmasının zəruriliyini əsaslandırdı. Bu, Azərbaycanın dövlət başçısının gələcəyə yönələn strateji baxışı idi. Müasir infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin inşası tərəfdaş dövlətlərin və şirkətlərin iştirakı ilə 2020-ci ilin sonlarında tamamlandı. Hazırda bu müasir nəql marşrutu ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız 2021-ci ildən etibarən bəhs olunan marşrutla Xəzər sahillərindən Avropaya mavi yanacaq nəql edir. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. Baş nazir çıxışında Azərbaycan və Gürcüstanın birlikdə həyata keçirdikləri layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini, perspektivdə isə Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə artırılacağını, eyni zamanda, Avropaya yaşıl enerji körpüsünün salınmasına başlandığını diqqətə çatdırıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

