Şopenhauerin musiqi heyranlığı
27.08.2024 [10:50]
İnsanların musiqi zövqü fərqli olsa da, bu sənət növünün qəlbimizin dərinliyinə nüfuz etdiyini hər birimiz bilirik. İstər klassik simfoniya, opera, istərsə müasir pop, rok janrları olsun, musiqinin ruhunda insan psixikasını dəyişəcək qeyri-adi qüvvə var.
Musiqi mənəvi qidaların ən populyarı və ən rahat, ləzzətli “həzm” olunanıdır. Təsadüfi deyil ki, bir çox dahilər, filosof, yazıçı və siyasi liderlər musiqinin qeyri-adi təsir gücü barədə yaddaqalan fikirlər söyləyiblər.
Amerikalı məşhur yazıçı, filosof David Toro musiqinin insanı psixoloji cəhətdən möhkəm və qorxmaz etdiyini yazırdı. Böyük ingilis yazıçısı Çarlz Dikkens isə “musiqi bizə bəşər övladının təsəvvür etdiyimizdən daha böyük olduğunu göstərir” demişdi. 18 yaşlarında ilk bəstələrini nota köçürən alman filosofu Fridrix Nitsşe həm də istedadlı pianoçu idi. O, musiqisiz həyatın yanlış yaşandığını iddia edirdi.
Musiqisevər düşüncə adamlarının içində başqa bir alman filosofu, Nitsşenin ustadı Artur Şopenhauer xüsusilə seçilir. Şopenhauer musiqini sənət növlərinin ən nəcibi, ən yaxşısı və ən vacibi adlandırırdı. Filosofa görə, musiqi öz təsir gücüylə rəssamlıq və ədəbiyyat kimi sənət növlərini ötüb keçir. Onun fikrincə, musiqi həm də dünyanı idarə edən ali həqiqətin əsas vasitəçisidir. Maraqlıdır ki, Şopenhauerun musiqi barədə təhlili onun bütün fəlsəfəsini əhatə edən “Dünya iradə və təsəvvür kimi” kitabındakıtək emosional düşüncələrə yox, məntiqi mühakimələrə əsaslanır. O, musiqini öz fəlsəfi dünyagörüşü çərçivəsində qiymətləndirirdi. Şopenhauerin musiqi barədə fikirləri musiqi nəzəriyyəsi dərsliklərində hələ də tədris olunmaqdadır.
Pessimist fəlsəfənin atasından söz düşmüşkən onun fəlsəfi dünyagörüşünə qısaca nəzər salmağa dəyər.
Şopenhauer keçmiş, indi və gələcəkdə olacaq bütün hadisələrin xaos nəticəsində meydana gəldiyini, obyektiv gerçəkliyin dərkedilməzliyini, bizim gördüklərimizin sadəcə, subyektiv iradə və təsəvvürdən ibarət olduğunu iddia edirdi. Onu Kantçı adlandıran təhlilçilər də az deyil. Odur ki, Şopenhauerin musiqi haqqında fikirlərini müzakirə etmək üçün ilk növbədə onun reallıqla bağlı şərhini anlamaq lazımdır.
Şopenhauer təbii iradəni həm üzvi, həm də qeyri-üzvi maddələrin hərəkətini diktə edən fasiləsiz impuls kimi səciyyələndirir. Onun təsvir elədiyi bu iradə insanın bütün həyatını idarə edir. Bir çox araşdırmaçı Şopenhauerin iradə konsepsiyasını Çarlz Darvinin yaşamaq uğrunda mübarizə nəzəriyyəsinə bənzətsə də, əslində, Şopenhauerin təlimi daha mürəkkəbdir. Filosofun fikrincə, insanın istəkləri onun ən primitiv instinktlərinin hədəfləridir. Şopenhauer yazır ki, məhz buna görə insanda istəklər sonsuzdur. Necə ki, qədim yunan mifologiyasında acından ölmək üzrə olan Tantal əlinin çatmadığı hündürlükdə sallanan üzümləri dərməyə can atırdı, eynilə bizim istəklərimiz də bizi heç vaxt çata bilməyəcəyimiz, lakin daim ona doğru irəliləməyə məcbur edən bir hədəfə yönəldir. Şopenhauer deyirdi ki, bu iradə və hərəkət həm də bütün əzabların mənbəyidir. Buddist düşüncəyə görə, arzular iztirab yaradır, iztirabdan xilas olmağın yeganə yolu isə arzulamamaq, istəməməkdir. Şopenhauer də təxminən eyni fikirdədir.
Zahidlik, asketizm (bütün instinktlərdən və istəklərdən imtina) bu cür yaşamağın ən asan, ən təsirli yolu olsa da, hər kəs üçün uyğun deyil. Lakin ömrünün qalan hissəsini rahib kimi yaşamaq istəməyənlər üçün də həyatın müəyyən iztirablarından müvəqqəti qurtuluş yolları var. Şopenhauerin fikrincə, bu qurtuluşu nəcib sənətlər - rəssamlıq, musiqi, ədəbiyyat üzərində düşünməklə əldə etmək olar. Böyük filosof musiqini bütün bu sənətlərin şahı hesab edirdi.
Şopenhauer “Dünya iradə və təsəvvür kimi” kitabında incəsənətin içimizdə yaratdığı mürəkkəb və nəcib duyğunu təbiətin möhtəşəm bir mənzərəsini seyr edərkən keçirdiyimiz gözəl duyğulara bənzədir. “Uca dağa qalxmaq, geniş çölləri gəzmək, yüksəklikdən aşağı baxmaq belə insana dünyanın sonsuz əzəmətini aşılayır, ona öz varlığına sevinməyə imkan yaradır”.
Dünyanın, kainatın heyranedici mənzərələri qarşısında gündəlik mübarizəmiz, məişət qayğılarımız öz əhəmiyyətini itirərək sönür. Şopenhauer yazırdı: “Yalnız təbiətin özünə hopmuş, onda itmiş insan dünyanın dayağı olduğunu bilavasitə dərk edə bilər. Necə ki Bayron deyir: “Dağlar, dənizlər, səma - mənim ruhumdur, mən də onların bir parçasıyam!”
İnsan eqosunun təbiətdə bu şəkildə əriməsi bəzilərinə qorxulu görünsə də, Şopenhauer inanırdı ki, insanlar bu yolu seçərək onun ardınca getməlidirlər. Həm də bu yolu musiqinin müşayiətilə getməyi təlqin edirdi. Filosofun fikrincə, ən qədim müdriklər belə təlimlərini şagirdlərin ruhuna daha rahat hopdurmaq üçün öz dərslərini sakit, həzin musiqinin müşayiəti altında tədris ediblər. Çünki musiqi ətrafımızdakı dünya ilə bir olmaqda, mənlik (eqo) hissini itirməkdə, iztirabları azaltmaqda əvəzsiz vasitəyə çevrilə bilir. Başqa sözlə, istəklərimizi nə qədər azalda, kimliyimizi nə qədər unuda bilsək, bir o qədər azad oluruq. Musiqi bu yolda getmək, uçmaq istəyənlər üçün gözəl naxışları olan qanaddır.
Şopenhauer iddia edirdi ki, şəxsidə universalı, bugündə zamansızlığı, sonda sonsuzu tapmaq istəyənə yalnız sənət kömək edə bilər. Gözəl bir tabloya baxarkən, yaxud maraqlı bir kitab oxuyarkən özümüzü hadisələrin içində hiss etmək - təbiəti seyr edərkən təbiətin içində itməyimizlə, təbiətə qovuşmağımızla eyni şeydir. Şopenhauer: “Əsl sənət əsəri insanı yalnız bir dəfə mövcud olmaqdan xilas edərək, onu bir ömrün içində saysız-hesabsız dəfə yaşatmağa qadirdir”, - deyir.
Bu mənada, musiqi bütün digər sənət növlərindən fərqlidir, çünki o, hər şeydən daha çox özünü ifadə edir. Musiqidəki melodiyalar sözlərdən və rənglərdən fərqli olaraq heç nəyi təmsil etməyə çalışmır, əksinə, olduğu kimi başa düşülür və hiss olunur. Yəni, musiqi nəyinsə vasitəçisi deyil, birbaşa özüdür, musiqinin özü mahiyyətdir. Şopenhauer digər sənət növlərinin iradənin vasitəçiləri, musiqinin isə birbaşa iradənin təzahürü olduğuna inandırmağa çalışırdı.
Ona görə də biz musiqiyə qulaq asanda sanki adi reallıqdan çıxırıq, musiqi vasitəsilə daha yüksək reallığa qovuşuruq. Şopenhauer deyirdi: “Musiqi hər hansı digər sənətdən fərqlidir, o, ideyaların simvolikası deyil, məhz iradənin özüdür. Onun obyektivliyi ideyalardır. Elə buna görə də musiqinin təsiri daha güclü və nüfuzedici olur. Çünki başqa sənətlər əşyanın kölgəsindən danışdığı halda musiqi onun özündən danışır”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28

