YAP regionda ən aparıcı partiyadır
14.11.2012 [01:42]
Siyavuş Novruzov: Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçiriləcək. YAP-ın da namizədi qalib gələcək və Azərbaycan iqtisadi cəhətdən daha da çiçəklənəcək
YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edirik:
- Siyavuş bəy, gücləndirilmiş iş rejimində çalışmağınızın səbəbi nədir?
- Yadında saxla, heyvandarlıqda və siyasətdə istirahət yoxdur.
- Yəqin, bu rejimdə çalışmağınız seçkilərlə bağlıdır?
- Yox. Bizim 20 illiyimizdir, tədbirlər keçirilir. 6 rayonda tədbirimiz keçirilib. Birinci gün də növbəti tədbirimiz olacaq, yekun tədbirimiz planlaşdırılır. Onunla əlaqədar bu saat hamı iş rejimindədir.
- Heç keçirilən yubiley tədbirlərində yada salırsınızmı ki, YAP 1992-ci ildə məhz rəhmətlik Elçibəyin hakimiyyəti dövründə yaradılıb və rəsmi dövlət qeydiyyatına alınıb?
- Bəli, yada salırıq ki, partiya həmin dövrdə - AXC-Müsavat hakimiyyəti dövründə yarandı və yeganə partiyadır ki, konfransını keçirməyə Bakıda yer vermədilər, məcburiyyət qarşısında konfrans Naxçıvanda keçirildi. Bakıdan, Azərbaycanın müxtəlif rayonlarından 50 nəfər Naxçıvana ancaq gedə bildi, orda iştirak etdi. Konfrans 550 nəfərin - onlardan da biri mənəm - iştirakı ilə Naxçıvanda, fövqəladə vəziyyətdə keçirildi.
- Fövqəladə vəziyyət Qarabağda müharibənin getməsi ilə əlaqədar idi, YAP-ın yaradılması ilə yox...
- Müharibəyə görə Zərdabda, Qəbələdə fövqəladə vəziyyət elan etməyin heç bir əsası yox idi. Fövqəladə vəziyyət ümumvətən naminə deyildi, sırf YAP-ın yaranmamasından ötrü idi. Məlumat aldılar ki, sabah YAP-ın hansı rayonda konfransı keçiriləcək, dərhal həmin rayonda fövqəladə vəziyyət elan etdilər. Mənim yadımdadır, konfrans keçirmək üçün Zərdaba gedirdik, rayona çatanda dedilər ki, dünən axşam artıq burda fövqəladə vəziyyət elan ediblər.
- Bu da var ki, əgər Elçibəy hakimiyyəti YAP-ın yaradılmasına mane olmaq istəsəydi, heç dövlət qeydiyyatına almazdı.
- Qeydiyyat məsələsi elə idi ki, bu prosesdə iştirak edən insanlar elə şəxslər idi ki, artıq orda bir dənə girişməyə və ilişməyə yer yox idi. 3-4 gün bundan qabaq sizin qəzetdə bir cavan jurnalist “91-lər”lə bağlı bir şey yazmışdı ki, “91-lər” lüt gəlmişdi, indi hamısı milyarderdirlər. Mən sadalayıram, “91-lər” Ziya Bünyadov, Fərəməz Maqsudov, Xəlil Rza Ulutürk , Zeynəb Xanlarova, Səfiyar Musayev, Murtuz Ələsgərov idi. Bunlar hələ o dövrdə professor, kafedra müdiri, akademik, institut direktorları idilər. Bunu yazan bir bunu öyrənsin, siyahını oxusun. Orda ən kiçik adam elmlər namizədi idi. Təbii ki, zəhmətkeş də vardı. Adamları alçaltmaq olmaz.
- Həmin yazıdan xəbərim yoxdur, amma “Yeni Müsavat” olaraq biz son illərdə “91-lər”ə əvvəlki diqqətin olmadığını, Heydər Əliyev dövründən fərqli münasibətin olduğunu yazmışıq.
- Siz onun bir təhlilini aparın. “91-lər”in ən azı 50 nəfəri Milli Məclisin deputatı olub. Siz bilmirsiniz, amma biz bu statistikanı aparırıq. “91-lər”dən iki nəfəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub. “91-lər”dən nazirlər, komitə sədrləri, digər müxtəlif vəzifələrdə çalışan insanlar olub.
- Amma icra başçısı olan Rəfael Allahverdiyevin sonrakı vaqeəsi, digərlərinin taleyi də göz qabağındadır...
- Bu artıq onun sonrakı fəaliyyəti ilə bağlıdır. “91” olması, xidmət göstərməsi ilə əlaqədar ən böyük vəzifələrdən biri buna etibar edildi. Tutaq ki, səhiyyə naziri olan Əli İnsanov “91” olmasına görə bir xəstəxana rəhbərliyindən nazir postuna gətirildi və 10 ildən artıq bu vəzifədə çalışdı. Sonradan özünün səhvləri nəticəsində nə baş verdi, bunun məsələyə aidiyyəti yoxdur. Amma “91-lər”in hamısına xüsusi diqqət və qayğı göstərilib.
- Amma bu yaxınlarda birisi mətbuat vasitəsilə müraciət etmişdi ki, imkansızlıqdan dişlərini satır...
- O, “91” deyil, siz onu yanlış vermişdiniz. O, Tofiq Vəliyevdir, partiyaçıdır, bu gün də partiya sıralarındadır, bütün tədbirlərə də dəvət olunur və iştirak edir. Bəzən Səyyad Aran və digər insanlara da “91” deyirlər, amma belə deyil. Onlar müraciətə imza atmayıblar.
- Sirus Təbrizli isə həm “91”dir, həm “YAP-ın Dədə Qorqudu”dur. Bəs, ona münasibəti necə izah edirsiniz?
- Ona siz Dədə Qorqud deyirsiniz, qəti şəkildə belə deyil. Sirus Təbrizli partiyanın yaradıcılığında xidmətləri olan insanlardandır. İndi sizə sərf edir, ona Dədə Qorqud da deyə bilərsiniz, Atatürk də. Amma elə deyil.
- Özü də dəfələrlə bildirib ki, YAP-ın adını mən qoymuşam, hətta təəssüf edir ki, yaratdığı təşkilat bu vəziyyətə düşüb.
- Partiya çox yaxşı vəziyyətdədir. Kiminsə arzu-istəkləri, özünün şəxsi maraqları həyata keçməyibsə, bu, o demək deyil ki, partiyanın vəziyyəti tamam başqa cürdür. Bu gün YAP-ın 600 mindən artıq üzvü var, təkcə ölkədə yox, regionda ən aparıcı partiyadır. Kimin xidməti nə qədərdirsə, hamısı qiymətləndirilir. Kimsə özünün xidmətlərini şişirdir, ölülərin adından istifadə edir, kimsə “filankəs mənə belə dedi, filan dedi” deyir. Onların içərisində canlı olan mənəm. Biri gəlsin mənimlə söhbət eləsin, çünki birinci gündən burdayam.
- Bu da faktdır ki, Sirus Təbrizli 20 il öncə “Heydər Əliyevi biz çağırmalıyıq” yazmışdı...
- O olub sentyabr ayında. Sentyabr ayına qədər dörd dəfə Heydər Əliyevin yanına nümayəndə heyəti gedib. 28 mayda Naxçıvanda “Ümid” körpüsünün açılışında Ümummilli liderin yanında rəhmətlik Murtuz Ələsgərov, Ziyafət Əsgərov, mən, Munis Bayramov olmuşuq. Orda söhbət olub. Daha sonra Əli Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti gedib. Ondan sonra iyul ayında bir başqa nümayəndə heyəti gedib. Ondan sonra Sirus Təbrizli Heydər Əliyevin yanına gedib.
- Deyirsiniz yəni ona qədər məsələlər həll olunmuşdu?
- Təbii. Sonra bir dəfə nümayəndə heyəti gedəndə Ümummilli lider dedi ki, Sirus da gəlmişdi, o da nəsə istəyirdi, onu da bu işə cəlb eləyin. Biz bu işin içindəyik, hamımız orda olmuşuq, yaşamışıq. Kimsə özündən dastan qoşur, hekayə yazır, Dədə Qorqudluq etmək istəyirsə, partiya tarixi elə deyil.
- Bəs Sirus Təbrizlinin Heydər Əliyevin yanında 45 gün Naxçıvanda qalması barədə dediklərinə nə sözünüz?
- Çünki İsgəndər Həmidov onu burda tutmaq istəyirdi, Sirus Təbrizli də gedib 34 gün Naxçıvanda qaldı.
- 2007-ci ilin martında hakimiyyətə islahatlarla bağlı çağırış etdi, əvəzində YAP-dan çıxarıldı. Bu, ədalətliydimi?
- Hər bir adamın partiyada vəzifəsi var və öz vəzifəsini yerinə yetirməlidir. Söhbət çıxışdan, filandan yox, partiya münasibətlərindən, partiya işindən gedir. Bu gün rayonlarda tədbir keçirilir. YAP-ın İdarə Heyətinin bütün üzvləri, Siyasi Şuranın üzvləri, “91-lər” hamısı səfərbər olunub, iştirak edir, partiya tarixindən danışırlar. Partiyanın hər kəsin qarşısına qoyduğu vəzifə də var. O demək deyil ki, mən partiyadan bəhrələnməliyəm, qarşıya qoyulan vəzifə yerinə yetirilməlidir. Təbii ki, Sirus Təbrizli bu vəzifələri yerinə yetirmədi. Partiya ilə əlaqələri kəsdi, bununla bağlı da YAP-dan xaric olundu.
- 20 illik yubiley tədbirlərinə YAP-ın quruculuğunda iştirak etmiş şəxslər, o cümlədən Sirus Təbrizli dəvət oluna bilərmi?
- Sirus Təbrizli partiya sıralarından xaric olunub. Partiyanın “91-lər”i bütün partiyanın tədbirlərində iştirak edəcəklər və dəvətlidirlər. Amma bəzi adamlar var ki, - məsələn, həbs olunanlar, o cümlədən YAP sıralarından xaric olunanlar var - onlar partiya tədbirində iştirak edə bilməz.
- Amma Sirus Təbrizlinin sonuncu videoqalmaqal məsələsindən sonra YAP-ın taleyi sarıdan narahatçılığı daha da artıb. Ondan əvvəl də dəfələrlə deyib ki, mən YAP-ın bu vəziyyətə düşməməsi üçün xəbərdarlıqlar edirdim.
- Partiyanın durumu çox yaxşıdır. Ola bilər ki, bu durum kiməsə sərf eləmir. Ona görə də, yəqin, kimsə narahat olur.
- Rusiyada yaradılan “Milyarderlər ittifaqı” ilə bağlı müəmmalara aydınlıq gətirə bildinizmi?
- O təşkilatın yaranması və ya yaranmamasının mənası yoxdur. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və hakimiyyəti Azərbaycan xalqı müəyyənləşdirir. Kimlər nə təşkilat yaradır, hansı məqsədləri var, nə etmək istəyirlərsə, artıq özləri bilər. Mən o adamların əksəriyyətini tanımıram, heç tanımaq da istəmirəm. Yerdə qalanlarını isə tanıyırıq, görmüşük, burda işləyiblər, fəaliyyət göstəriblər, vəssalam.
- Ən azı Abbas Abbasovu yaxşı tanıyırsınız. Dedilər bu arada iki dəfə Bakıda olub...
- Yaxşı tanıyıram. Amma mən onun səfərlərini izləmirəm, məlumatım yoxdur.
- Hakimiyyət partiyası bu projedən nə dərəcədə narahatdır?
- Qəti şəkildə narahatçılıq yoxdur. Heç nədən narahat deyilik. Çünki biz xalqla birik, həmrəyik.
- Amma xarici amillər də öz sözünü deyir. Elə müasir dünyada bunun şahidiyik...
- O baxır hansı ölkədə. Azərbaycanda hakimiyyətlə xalq bir yerdədir.
- 2013 seçkisində Rusiyanın burada dəstəkləyəcəyi başqa bir adam ola bilərmi?
- Kim olur-olsun, o adamın özünə yazığı gəlsin.
- YAP-ın seçki ilə bağlı planlarında ciddi dəyişiklik gözləniləndirmi?
- Heç bir dəyişiklik yoxdur. Bizim namizədimiz bəllidir.
- 2013 seçkilərini necə görürsünüz?
- Çox gözəl görürəm. Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçiriləcək. YAP-ın da namizədi qalib gələcək və Azərbaycan iqtisadi cəhətdən daha da çiçəklənəcək.
- Bəs normal seçki mühiti yaratmaq baxımından ölkə müxalifəti ilə müzakirələr gözləniləndirmi?
- Müxalifət yavaş-yavaş öz tərkibində islahat aparmalıdır, uyğunlaşmalı, normal bir vəziyyətə gəlməlidir. Biz öz tərəfimizdən də çalışırıq, səylər göstəririk.
- Səy dedikdə nəyi nəzərdə tutursunuz?
- Çalışırıq ki, Azərbaycanda doğrudan da normal bir müxalifət mühiti formalaşsın. Düzdür, bir hissəsi belədir, digər hissəsi də normal vəziyyətə gəlsin.
- Yəni YAP-ın qəlibinə düşsün?
- YAP-ın qəlibinə yox. Ümumiyyətlə, müxalifətçilik anlayışını dərk eləsin və o anlayışın nədən ibarət olduğunu ortaya qoysun.
- Sentyabrda müxalifətlə ən azı milli məsələ ilə bağlı yaxınlaşma olsa da, sonrakı mərhələdə yenə “mövqe döyüşləri” başladı. Seçkiyə bu münasibətlər sistemi ilə getmək nə dərəcədə normaldır?
- Görürsən bir adam girir ortaya bir söz deyir. Məsələn, elə sizin dostunuz AXCP ilə bağlı elə məsələlər var ki, oxuyanda görürsən ki, dostluqdan üfüqdə də əlamət görünmür. Ona görə də olur da. Amma ümummilli məsələlərdə biz hər zaman müzakirələrə hazırıq.
- 101 yaşlı Müsavatın öz qurultayını Azərbaycanda keçirməyə icazə verilmirsə, buna nə ad vermək olar?
- O, şoudur. Birincisi, 101 yaşlı partiyanın indiki Müsavata heç bir aidiyyəti yoxdur. Biri Cavid adını götürürsə, o, Hüseyn Cavid olmur ki.
- Deyirsiniz yəni Müsavatın qurucuları bu günədək yaşamalı idilər ki, sizə sübut eləsinlər?
- Yox. Onlar dirilsəydi, bunların hamısını partiyadan qovardılar. Vaxtilə Atatürk CHP-ni yaratmışdı, iqtidar partiyası idi, indi parlamentdə ən azlıqda olan partiyadır.
- Müsavat ideyaları yaşadılırsa, nizamnamə, məramnamə, proqramda sapma yoxdursa, siz çağdaş müsavatçılardan başqa nə gözləyirsiniz?
- Müsavat adını götürməklə o Müsavatı kimsə özəlləşdirə bilməz. O Müsavatla bu Müsavat tamam başqa şeylərdir.
- Qurultaya problem yaradılması bununla bağlıdır?
- Qurultay üçün yer ayrılıb, ayrılmış yerlərdə qurultaylarını keçirtsinlər. Gürcüstanda, Ərəbistanda, Ərdəbildə qurultay keçirmək məsələsi şoudur.
- Niyə YAP 20 illiyini Müsavata təklif olunan həmin yerlərdə keçirmir?
- Biz hər yerlə müqavilə bağlayırıq, pulumuzu köçürürük, tədbirimizi keçiririk. Özü də çox vaxt dövlət yerlərini yox, özəl yerləri götürürük. Yaxşı şadlıq evləri, restoranlar var. Bir çox tədbirlər də YAP qərargahlarında keçirilir.
- Aparıcı müxalifət partiyasının dövlət maliyyələşməsindən kənarda qoyulması nə qədər məntiqlidir?
- Müsavat Partiyası, digərləri hazırlaşsınlar, növbəti seçkilərdə uğur qazansınlar, həm deputatların sayına, həm aldıqları səsə görə maliyyə dəstəyi verilər. Biz isə üzvlük haqları hesabına partiyamızı saxlayırıq. Həmişə də xərclərimizi açıqlayırıq. Başqa partiyalar isə deyirlər əmək haqqı da almırıq, hava ilə dolanırıq.
- Hava demişkən, cərimələrin artmasından sonra xalq arasında belə söhbətlər gəzir ki, belə getsə, hökumət havaya da sayğac qoyacaq...
- Ola bilər. Məsələn, Azərbaycanda elə adamlar var ki, mən onlarla eyni atmosferdən hava udduğuma görə xəcalət çəkirəm.
- 25 deputatın məhkəməyə müraciət etməsi doğrudanmı yeganə çıxış yolu idi?
- Birincisi, 25 deyil, çoxdur. Milli Məclisin yarısından çoxu bu məsələyə qoşulub və hər biri zəng edib xahiş edir ki, adı qeyd olunsun. Digər tərəfdən, neçə illərdir siyasətdəyəm, bir dəfə kiminsə şəxsi həyatına, özünə qarşı təhqiramiz ifadə işlətməmişəm. Hər insanın şəxsiyyəti var. Parlamentdə İlqar Məmmədovun valideynlərindən yaşlı insanlar oturub, akademiki, rektoru, həkimi, müəllimi, professoru, bəlkə ona dərs deyən insan var. Başa düşürəm, bu, özünə siyasi sığınacaq axtarır, gündəmə gəlmək istəyir. Biz də qanunun aliliyindən istifadə edib məhkəməyə müraciət etdik. Digər iki nəfər də cəlb olunacaq. İddia ərizəsi hazırlanıb, ayın 14-ü sənədlər məhkəməyə təqdim olunacaq, qoy cavab versinlər.
- Bəs bunun yaradacağı beynəlxalq rezonans sizi narahat etmir?
- Qəti şəkildə. Beynəlxalq aləmdən gəlsinlər, deyərəm sənə “meymun” deyirəm, xoşuna gəlir...
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

