Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ankaradan sülh çağırışı

Ankaradan sülh çağırışı

22.05.2024 [10:30]

Ermənistan adekvat münasibət göstərməlidir

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib - sevincimiz də, kədərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə söykənir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim güclənməkdədir.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsində aparıcı amillərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlığa söykənən şəxsi münasibətlərdir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə, qarşılıqlı məsələlərdə, o cümlədən qlobal arenada qarşılıqlı dəstəyin əsl örnəyini nümayiş etdirirlər. Xüsusilə, Qarabağın işğaldan azad edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Türkiyənin tutduğu mövqe yüksək dəyərləndirilməlidir. O baxımdan ki, hətta rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prinsipinə də Azərbaycanın maraqları çərçivəsində yanaşmaqla növbəti qardaşlıq nümunəsi göstərib. İndiki halda isə sülhün yaxınlaşması regionda yeni siyasi situasiya yarada bilər - sülh bölgənin yeni inkişaf mərhələsinə qədəm qoymasında əsaslı şərtə çevrilə bilər.

Ərdoğan: “Biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik”

Ümumiyyətlə, Türkiyə hər zaman dünyada sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Bu istiqamətdə rəsmi Ankara daim qlobal təşəbbüslər ortaya qoyub. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə Cənubi Qafqazda sülh imkanları ilə bağlı fikirlərini bildirib. Türkiyə lideri deyib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək: “Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir. Azərbaycanın sülh istəyən tərəf olduğunu dəfələrlə nümayiş etdirdiyini deyən Prezident Ərdoğan “biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik” söyləyərək İrəvana mesaj göndərib. Eyni zamanda, Türkiyə Prezidenti Ermənistanın işğalı altında  olan 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.

Məlumdur ki, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük  erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı  Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq, birlik nümayiş etdirdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq bütün siyasi qüvvələr mənəvi cəhətdən Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyənin siyasi dəstəyi sayəsində bir çox dövlətlər prosesə müdaxilə etməkdən çəkindi - bu amil bizim qələbə qazanmağımızda təsirsiz ötüşmədi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Birliyimiz düşmənlərimizə göz dağı verdi.

Türkiyə daim Azərbaycanın yanındadır

Xatırladaq ki, 19-20 sentyabrda ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Antiterror tədbirlərinin başladığı gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət - iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik” bəyanatını səsləndirmişdi.

Göründüyü kimi, regionda baş verən proseslər daim Türkiyənin diqqətindədir və qardaş ölkə hər zaman birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir.

Ermənistan öz gələcəyini düşünürsə...

Onu da qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Ermənistana Zəngəzur dəhlizi ilə bağlı da dəfələrlə çağırış edib. Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməklə yanaşı, Avrasiyanın yeni nəqliyyat xəritəsində çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Ermənistan da bu dəhliz vasitəsilə iqtisadi fayda götürəcək. 

Ermənistan Azərbaycan və Türkiyənin çağırışlarına əməl edərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Rəsmi İrəvan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və  Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur.

Nardar BAYRAMLI 

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30