Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hərbçilərimiz “EFES-2024” hərbi təlimində

Hərbçilərimiz “EFES-2024” hərbi təlimində

22.05.2024 [10:20]

Azərbaycan və Türkiyə hərbi sahədə fəal əməkdaşlıq edir

Məlum olduğu kimi, Azərbaycan qarşılıqlı razılaşmalar əsasında dost və tərəfdaş ölkələrlə davamlı birgə hərbi təlimlər keçirir. Buna nümunə kimi Azərbaycanın və Türkiyənin “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq”, eləcə də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” və s. hərbi təlimlərini göstərmək olar.

Xüsusilə, əbədi dostluq, qardaşlıq, qarşılıqlı etimad, etibar, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan, hərtərəfli mahiyyət daşıyan  Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etdirilir. İqtisadi, ticari, siyasi, mədəni, humanitar və bütün digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, möhkəmləndirilməsi hər iki ölkə tərəfindən prioritet istiqamət olaraq müəyyənləşdirilib. Hərb sahəsində də ikitərəfli əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etdirilməkdədir. Məhz bu məqsədlə hər iki ölkənin ordu quruculuğunun, kadr potensialının təkmilləşdirilməsi, müasirləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq birgə hərbi təlimlər təşkil olunur. Bu təlimlər hazırda da davam etdirilir. 

Belə ki, Türkiyənin İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir. Azərbaycan Ordusunun hərbçiləri bu təlimdə iştirak edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub. Təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər. 

Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib. Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-dək davam edəcək.

Bu hərbi təlim Azərbaycan və Türkiyə orduları arasında fəal əməkdaşlığın növbəti nümunəsidir. Ümumiyyətlə, Azərbaycanda müasir ordu quruculuğu işləri davam edir və yeni mərhələdə Silahlı Qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır. Fevralın 19-da Türkiyəyə rəsmi səfəri çərçivəsində prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev bildirib ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri hərbi sahədə işbirliyidir: “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra, düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”.

Məsələ ilə bağlı fikirlərini “ Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uğun olaraq Silahlı Qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb. Xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda, xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bir çox istiqamətlərdə, o cümlədən hərbi  sahədə əməkdaşlığı dərinləşdirib: “Türkiyə ordusu ilə ayrı-ayrı qoşun birliklərimiz fəal əməkdaşlıq edir. Eləcə də, antiterror əməliyyatlarının keçirilməsi, dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə birgə təlimlər keçirilib. Birgə hərbi təlimlərin keçirilməsi hərbi sahədə əməkdaşlığın vacib elementlərindən biridir. Eyni zamanda, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı regionda və beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin qorunması üçün önəmlidir. Qarşılıqlı təcrübə mübadiləsi üçün də təşkil olunan təlimlərin böyük önəmi var. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir. Bundan başqa, Azərbaycan ordusunun tərkibində “Komando” birliklərinin yaradılması da Türkiyə təcrübəsinin nümunəsidir”.

Həmsöhbətimiz diqqətə çatdırıb  ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir. Hazırda  yeni proqramlarla hərbi təhsil aparılır. Bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, Vətənə sevgi, dövlətə sədaqətli olmaqdır. Ekspert qeyd edib ki, Azərbaycan mühüm geosiyasi regionda yerləşir. Ona görə də, ordu quruculuğu daim xüsusi diqqət mərkəzindədir. “Ordumuz hər zaman peşəkar olmalıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə öz üzərinə düşəni edir. Azərbaycan Ordusu daha da peşəkarlaşır, təkmilləşir və hər an istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Türkiyə ordusu dünyanın ən güclü, ən müasir ordularından biridir. Azərbaycan Ordusunun da peşəkarlığı yüksək səviyyədədir. Vətən müharibəsi bunu sübut edib.  Ordumuzun daim yüksək səviyyədə olması üçün dövlət hərtərəfli diqqət və qayğısını göstərir. Bu sahədə Türkiyə ilə əməkdaşlıq bundan sonra da davam edəcək”, - deyə E.Həsənli vurğulayıb.

N. BAYRAMLI

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30