Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh prosesi beynəlxalq miqyasda diqqətlə izlənir...

Sülh prosesi beynəlxalq miqyasda diqqətlə izlənir...

23.05.2024 [10:30]

Cənubi Qafqazda davamlı sabitlik yeni siyasi-iqtisadi mühit formalaşdıracaq

Azərbaycanın apardığı siyasət bölgəyə sülh və inkişaf vəd edir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin ardından regionda davamlı sülhün əldə edilməsi, genişmiqyaslı və qlobal layihələrin təşəkkül tapması üçün atılan addımlar səmərə verir - bir zamanlar kataklizmlərlə, münaqişələrlə xarakterizə edilən Cənubi Qafqaz bu gün əməkdaşlıq məkanı, sabitlik adası hesab oluunur. Bu mənada, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses bütövlükdə, qlobal miqyasda diqqət mərkəzindədir. Bunu istər region üçün perspektivdə gözlənilən əməkdaşlıq platformalarına münasibət, istər bölgənin siyasi-hərbi reallıqlarına qarşı yanaşmalar, istərsə də danışıqlar prosesinə olan maraq, eyni zamanda, ortaya qoyulan mövqelər də təsdiqləyir. 

Artıq aylardır ki, vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - ötən ilin dekabrında bəyan edilmiş ikitərəflli açıqlama və orada əksini tapan müddəalar, bu ilin aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması, Almatıda keçirilən ikitərəfli görüş sülhə olan inamı artırır. Xüsusilə, ikitərəfli müzakirələrin Qazaxıstanda davam etdirilməsi yeni siyasi situasiyanın yaranması ehtimalını gücləndirir. Bu məqam onu təsdiqləyir ki, artıq beynəlxalq aləm bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olunmasını istəyir - bu istiqamətdə atılan addımlar isə yetərincə effektiv hesab olunur. 

Sərhədlərlə bağlı əldə olunan razılıq ümidvericidir...

Yeri gəlmişkən, ABŞ-da yayımlanan “International Policy Digest” nəşrində sülhməramlıların bölgəni tərk etməsindən sonra Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün yeni imkanların yaranmasından bəhs edən məqalə dərc olunub. Məqalədə 2020-ci ildə əldə edilmiş atəşkəs şərtlərinə əsasən, 1960 rus əsgərinin, yüzlərlə zirehli transportyorun və digər hərbi texnikanın bölgədə yerləşdirildiyi vurğulanıb. Qeyd edilib ki, sülhməramlı kontingentin missiyası 2025-ci ilin noyabrında başa çatmalı olsa da, Rusiya sülhməramlıları bölgədən çıxarıb. Yazıda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı diqqətə çatdırılıb. Bildirilib ki, Qarabağ bölgəsi Sovet İttifaqının süqut etdiyi dövrlərdə başlayan Birinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən təxminən otuz il işğal altında saxlanılıb: “Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında əraziyə nəzarəti bərpa edib. Altı ay sonra Rusiya Qarabağdan sülhməramlılarını çıxarıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib”.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu barədə açıqlamasından sitat gətirilib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Eyni zamanda, yazıda iki ölkə arasında Almata Protokolları əsasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan razılığın və atılan addımların xüsusilə ümidverici olduğu bildirilib. Həmçinin Zəngəzur dəhlizi haqqında da məlumat verilib, bu məsələnin hələ də həllini tapmadığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan 2020-ci ildə imzalanmış Bəyanatda nəzərdə tutulduğu kimi, Naxçıvanla əlaqəsinin bərpa olunması üçün Ermənistan ərazisində 34 kilometrlik yolun və dəmir yolunun tikintisini dəstəkləyir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsindən də sitat gətirilib: “Ermənistan təcrid vəziyyətini aşa, tranzit gəlirləri əldə edə və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”. O qeyd edib ki, Ermənistan bu təklifi rədd edərsə, Azərbaycan yolu və dəmir yolunu İran vasitəsilə daha cənubda da inşa edə bilər ki, bu da yalnız on kilometr uzun olacaq.

Nəşrdən Azərbaycanın COP29-a ev sahibliyi haqqında da məlumat verilərək bildirilib: “Keçən ilin dekabrında əhəmiyyətli əməkdaşlıq göstəricisi olaraq, Ermənistan Azərbaycanın bu il Bakıda keçiriləcək COP29 tədbirinə ev sahibliyi təklifini dəstəklədi. İki qonşu arasında ilk beynəlxalq dəstək jesti olan bu addım xarici güclər geopolitik maraqlarını güdməkdən əl çəkərsə, regionda əməkdaşlığın mümkün olduğunu göstərir”.

Gələcək əməkdaşlıq üçün mühüm perspektiv

Vurğulandığı kimi, qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqətindədir. Təsadüfi deyil ki, ayrı-ayrı dövlətlərin, təşkilatların rəhbərləri, məsul şəxsləri, rəsmi nümayəndələri vaxtaşırı bölgəyə səfərlər və ya telefon zəngi edirlər. Demək ki, prosesin nəticəsi hamı üçün maraqlıdır - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün tərəflər üçün müsbət imkanlar vəd edir. Şərq-Qərb ticari xəttinin digər tərəfi sayılan Qərb məkanının bu mənada, baxışları xüsusi təhlil tələb edir.  

Bəli, 2020-ci il Vətən müharibəsinin və 2023-cü il atiterror tədbirlərinin yekunları regionda yeni geosiyasi reallıqlar formalaşdırıb ki, bu reallıqlardan ən əsası da Cənubi Qafqazda davamlı sülhə nail olunması şərtidir. Ötən dövrdə isə Azərbaycan prosesin irəliyə daşınması üçün kifayət qədər mühüm addımları ilə seçilib. Almatıda baş tutan  görüş isə regionun gələcək sabit inkişafı üçün başlanğıc nöqtəsinə, sülh prosesində mühüm mərhələyə çevrilmək imkanındadır - prosesin uğurla nəticələnməsi Orta Dəhliz seqmentində yeni mərhələ başlada bilər. 

BMT Baş katibi prosesi yaxından izləyir...

Təsadüfi deyil ki, BMT-nin Baş katibi Antonio Quterreş aprelin 19-da sərhədlərin delimitasiyasına dair əldə olunmuş razılaşmanı alqışlayıb. Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izlədiyini bildirib. BMT-nin mətbuat xidmətinin AZƏRTAC-ın ABŞ bürosunun sorğusuna cavabında deyilir ki, Baş katib Quterreş tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb: “Hazırda Azərbaycanın və Ermənistanın sülh sazişi üzərində işləməyə davam etməsi ümidvericidir. Biz ümid edirik ki, xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilmiş görüşü yerdə qalan məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslarla davam edəcək”.

Bəli, sülh üçün üfüqlər yaxındır - Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın təqdim etdiyi məsələlər bu gün müzakirə predmetləri ilə üst-üstə düşür. Bu məsələlərdən biri dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması idi. Artıq hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb - bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Digər əsas məsələlər isə dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması idi ki, bu da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alırdı.  Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Yəni bu gün Ermənistanın delimitasiya ilə bağlı ilkin addımı atması, eyni zamanda, bu ölkənin siyasi rəhbərlyinin kommunikasiyaların açılması perspetkivi ilə bağlı müsbət fikirlər söyləməsi prosesin uğurlu nəticəsini yaxınlaşdıran amillər kimi çıxış edir. 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30