Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aİ eniş xəttində...

Aİ eniş xəttində...

15.10.2024 [08:52]

Qərb iqtisadi - siyasi problemlərin içində “əriyir”

Ötən onilliyin sonuna qədər istər siyasi, istərsə də iqtisadi sferada hegemon üstünlüyə malik Avropa İttifaqı özünün “qürubunu” yaşamaqdadır. Son illərdə hədəflərini və hesablamalarını düzgün qura bilməyən, yeni çağırışlarla ayaqlaşmayan Aİ-də işlərin yolunda getmədiyi bütün komponentlər üzrə ortadadır. Bir zamanlar qurumun yenilənməyə ehtiyac duyduğunu səsləndirənlər artıq onun imicini müzakirə edir, reallıqlardan danışmaq məcburiyyətində qalırlar.  Aİ ilk növbədə cəlbediciliyini itirib. İqtisadi-siyasi problemlərini həll edə bilməyən qurum geriyə doğru sürətlə eniş etməkdədir.

Etiraf edir...

Bu fakt Qərbin sosioloji mərkəzləri, siyasi institutları və ən əsası KİV tərəfindən təsdiqlənir. Məsələn, “Bloomberg” agentliyinin dərc etdiyi materialda bildirilir ki, Avropa İttifaqının üzləşdiyi çətin iqtisadi və siyasi vəziyyət onun beynəlxalq səhnədəki mövqeyinə ciddi zərbə vura və Brüsselin müstəqil qlobal gücə çevrilmək istəklərinə son qoya bilər. Agentlik qeyd edir ki, Avropa “dönmə nöqtəsinə” yaxınlaşmaqdadır. “Siyasi iflic, xarici təhdidlər və iqtisadi çətinliklərin” birləşməsi Aİ ölkələrini diqqəti ümum-Avropa mənafeyinə yönəltməyə deyil, öz maraqlarını qorumağa sövq edir. Çünki Avropa elitaları tənəzzülün artıq qaçılmaz olduğuna dair çoxlu dəlillərlə qarşılaşıblar. “Bloomberg” həmin dəlillər arasında Fransada sağçı siyasi qüvvələrin və avroskeptiklərin güclənməsini, “Volkswagen” zavodlarının görünməmiş şəkildə bağlanmasını, həmçinin Aİ-nin süni intellekt texnologiyaları sferasında tənzimləyici məhdudiyyətlərin tətbiqi ilə əlaqədar ABŞ texnoloji nəhənglərinin Avropa bazarını tərk etməsini vurğulayır.

“Bloomberg” yazır ki, bütün bunlar “Aİ-nin vahid və dinamik iqtisadi blok kimi fəaliyyət göstərə bilmədiyini” sübut etməklə, onun beynəlxalq statusunu sarsıdır və xarici təhdidlərə cavab vermək imkanlarını məhdudlaşdırır. Avropa iqlim dəyişikliyi, demoqrafik böhran və postsənaye iqtisadiyyatına keçid daxil olmaqla, bir çox qlobal problemlərə “cavab verə bilmir”. Buna görə də bəzi Aİ ölkələrinin hakimiyyətləri çıxış yolunu ittifaq xaricindəki dövlətlərlə yaxınlaşma və inteqrasiyada görürlər.

Ayrı-seçkilik, hüquqa hörmətsizlik...

Son fraza xüsusilə diqqəti cəlb edir - son illərdə BRICS-in daha yüksək populyarlıq qazanması, iqtisadi cəlbediciliyini artırması, siyasi münasibətlər sistemində uğurla və sürətlə irəliləməsi məhz Aİ-nin enişində daha qabarıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, müasir dünyanın ən öndə gedən iqtisadiyyatına malik, eyni zamanda haqqında yüksək proqnozlar səsləndirilən inkişaf etməkdə olan dövlətlərin seçimi Aİ olmur - daha çox BRICS-ə can atılır. Artıq Aİ arzulanan hədəf statusu daşımır.

Hətta daxili situasiyalar belə yeni siyasi münasibətlərin əleyhinə köklənib - vurğulandığı kimi, Fransada sağçı siyasi qüvvələrin daha yüksək etimad qazanması fonunda Qərbin millətçilik xətti yenidən “revanş” götürə bilər. Bu məsələnin xüsusilə Fransada reallaşması özü başqa bir nüansdır - Avropanı deyilən çağırışlarla üz-üzə qoyan səbəbləri araşdıran zaman ortaya çıxan və diqqəti cəlb edən ən əsas predmet məhz neokolonializm meyillərinin, islamafobiyanın, irqi ayrı-seçkiliyin ildən ilə artmasından qaynaqlanır. Konkret olaraq bir misala müraciət etsək, bu gün SOS səsləndirən Fransanın nəinki Afrika və ya dəniz aşırılarında, Avropanın sərhəddində - Cənubi Qafqazda neokolonializm meyilləri formalaşdırmaq istəyində olduğunu görə bilərik. Ermənistanda oynanılan siyasi oyunlar, Gürcüstanı qarışdıran “fransız əli” istisna edilmir.

Yaşanan sosial böhranların mühüm əksəriyyəti Aİ-nin daha çox hərbi statuslu xəttə meyillənməsindən doğur - əgər vaxtilə Aİ iqtisadi birlik, ölkələrdəki sosial problemlərin həlli üçün birgə fəaliyyət mexanizmi kimi təsəvvür edilirdisə, artıq Brüssel təzyiq mexanizmləri axtarır, separatizmi dəstəkləyir, fərqli ölkələrin silahlandırılmasına haqq qazandırır. Beləliklə, bu kimi davranışlar bütövlükdə dəyərlərin aşınmasına yol açır. Bu isə öz növbəsində kollektiv düşüncədən fərdi düşüncəyə transformasiyanı gerçəkləşdirir.

Korrupsiya, pul maxinasiyaları...

Aİ-nin iqtisadi böhranlara doğru irəliləməsi siyasi bitərəfliyini, ədalət hissini itirməsi ilə də düz-mütənasiblik təşkil edir. Ukrayna - Rusiya müharibəsində tutduğu birtərəfli mövqe, hətta özünün milli maraqlarını və ümumilikdə Avropanın iqtisadi mənafeyini qorumağa çalışan Macarıstana qarşı ayrı-seçkiliyin yaşanması qurum üçün heç də başucalığı gətirmədi - tam əksinə, dünənə qədər Aİ-yə inanan, etimad göstərən dövlətlər ondan üz çevirdilər. Oynanılan oyunlar ifşa olunduqca Aİ özünün siyasi-iqtisadi nüfuzunu itirdi. Bu sıraya Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesi də daxildir. Sülhə tərəfdar olduğunu bildirən Aİ bir sıra addımları ilə sülhün gecikməsinə səbəb olur - bu isə təşkilatın üzvləri tərəfindən, bütövlükdə dünya ictimaiyyəti tərəfindən müşahidə edilir.

Digər bir məsələ son aylarda, hətta son illərdə atan xəttlə müşahidə olunan korrupsiya qalmaqalları, pul maxinasiyaları məsələsidir. Avropa Parlamentində Eva Kaini qalmaqalı, ardından digər rüşvət və korrupsiya faktları Aİ haqdakı “yüksək fikirləri” birmənalı şəkildə dəyişir. Hətta bir müddət öncə ikinci dəfə AP rəhbəri seçilən Fon der Leyenin adının “vaksin qalmaqalında” hallanması burada mühüm əhəmiyyət daşıyır. Demək ki,  Aİ heç də iddia edildiyi kimi, ədalətli və bitərəf təşkilat deyil - bu qurumun ayrı-ayrı strukturlarının fəaliyyəti kompleks şəkildə İttifaqın çöküşünü rəsmiləşdirir...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30