Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Davam edən mina terroru...

Davam edən mina terroru...

16.10.2024 [09:52]

Vətən müharibəsi başa çatandan sonra 381 nəfər mina partlayışının qurbanı olub

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terror hələ də davam edir. Belə ki, oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. Azərbaycanın Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Ombudsman: Beynəlxalq ictimaiyyət sərt reaksiya verməlidir

Mina partlayışı hadisəsi ilə bağlı Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da açıqlama verib. O bildirib ki, Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir. Ombudsman deyib: “Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə, ekoloji böhranın yaranması ilə də nəticələnir. Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir”.

Ermənistanın imtina etməsi...

Azərbaycanın Xarici İşlər Nazirliyi də Qazaxda mina partlayışı nəticəsində 23 yaşlı şəxsin xəsarət almasına münasibət bildirib. Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. Qeyd edilib ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub. Paylaşımda, həmçinin Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsinin adıçəkilən ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.

Ümumiyyətlə, ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına ciddi maneə törədir. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir. Xüsusilə, mina qurbanlarının sayının artmasının əsas səbəblərindən biri  Ermənistanın üzərinə götürdüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəmizə verməməsidir. Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın minaları təmas xəttindən kənarda basdırmasının məqsədi də mülki insanların daha çox itki verməsi məqsədi daşıyır. Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.

Dünya birliyindən fəal dəstək gözləyirik

Eyni zamanda, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Doğrudur, Avropa İttifaqı və ABŞ bu məqsədlə müəyyən maliyyə dəstəyi ayırıb. Amma qeyd etdiyimiz kimi, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır. Onlar Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30