Milli Məclisin iclasında...
19.10.2024 [11:52]
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb
Oktyabrın 18-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib. Çıxış edən spiker Sahibə Qafarova bildirib ki, bu iclas Azərbaycan tarixində taleyüklü rol oynamış bir hadisənin ildönümünə təsadüf edir. Onun sözlərinə görə, 33 il öncə bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması xalqımızın dövlətçilik potensialının yenidən təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi: “Son yüz ildən artıq dövrdə Azərbaycan xalqına siyasi müstəqillik imkanı iki dəfə nəsib olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli inkişaf tariximizin son dərəcə önəmli hadisəsidir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı.
Təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövləti cəmi 23 ay yaşaya bildi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Hamımız yaxşı xatırlayırıq, hörmətli həmkarlar, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır problemlər qarşısında qalaraq dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə düşmüşdü. Dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Ölkə həyatının bütün sahələrini bürüyən hərc-mərclik və özbaşınalıq real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Belə bir şəraitdə Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirir, bu isə destruktiv prosesləri daha da sürətləndirirdi”.
“Birlik və həmrəyliyimiz dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək”
S.Qafarova qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev misilsiz idarəçilik məharəti və siyasi uzaqgörənliyi, əzmkarlığı və yorulmaz səyləri nəticəsində Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almağı, dövlətin qarşısında dayanan ağır problemləri həll etməyi bacardı.
Spiker deyib ki, Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı zirvələrə yüksəldib: “Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq”. Spikerin təklifi əsasında Milli Məclis adından Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlanıb.
Spiker, həmçinin Milli Məclisin nümayəndə heyətinin Tacikistan Respublikasına və İsveçrə Konfederasiyasına işgüzar səfərləri barədə də məlumat verib.
“Azərbaycan kimi az sayda ölkələr var ki, tam müstəqil siyasət həyata keçirir”
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq bundan da çətindir. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edib. Birinci vitse-spiker deyib ki, bu gün ölkəmizə xaricdən təhdidlərin edilməsi Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir.
Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini söyləyən Əli Əhmədov əlavə edib ki, bu fakt Azərbaycan xalqının birliyini önəmli amilə çevirib: “Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Ölkəmiz kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq sülh siyasətini həyata keçirməkdə davam edir”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, dünyada təxminən 5 min xalq olsa da, onların 200-nün müstəqil dövləti var: “Bu dövlətlərin bir çoxu Ermənistan kimi kimlərinsə yedəyində gedir. Lakin Azərbaycan kimi az sayda ölkələr var ki, tam müstəqil siyasət həyata keçirir”.
İclasda həmçinin vitse-spikerlər Rafael Hüseynov və Musa Qasımlı, komitə sədri Zahid Oruc, deputatlar Elman Nəsirov, Kamal Cəfərov, Aqil Abbas, Vüqar Bayramov, Ceyhun Məmmədov, Razi Nurullayev, Sahib Alıyev və İlham Məmmədov çıxış edərək müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs ediblər.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda (üçüncü oxunuş) dəyişiklik edilməsi barədə məlumat verib. Sonra qanun qəbul edilib.
Azərbaycanda 1400 bələdiyyə birləşəcək
“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun barəsində də komitə sədri Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda 1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 685-ə düşəcək. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Millət vəkilləri həmçinin, “Turizm haqqında” qanunda, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və gündəlikdə olan digər qanunlarda dəyişikliklər ediblər.
İclasda ən son “Torpaq icarəsi haqqında” qanuna dəyişikliklərin edilməsi müzakirə olunub. Bu qanun layihə haqqında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək. Layihəyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Müzakirələr zamanı çıxış edən millət vəkili Bəxtiyar Əliyev bu qanunun işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin qeyd edib ki, həmin ərazilərə qayıdan əhaliyə “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq gələcəkdə pay torpaqları da veriləcək. Millət vəkilləri Fazil Mustafa və Bəhruz Məhərrəmovun çıxışlarından sonra sənəd səəs qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının oktyabrın 22-də keçiriləcəyini deyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 15:26
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28

