Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hədəfimiz Qərbi Azərbaycandır!

Hədəfimiz Qərbi Azərbaycandır!

23.10.2024 [10:12]

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Azərbaycanın əsas ümummilli ideyalarından biri zamanında tarixi yurd yerlərindən - indiki Ermənistan ərazisindən qoyulmuş soydaşlarımızın geri dönüşünü təmin etməkdən ibarətdir. Onilliklər boyunca ağır məhrumiyyətlərə dözmüş insanların Qərbi Azərbaycana qayıdışı ləyaqətli şəkildə həyata keçirilməlidir. Artıq bu istiqamətdə inamlı addımlar atılır və biz addım-addım qayıdış hədəfimizə doğru irəliləyirik. Son olaraq Milli Məclisdə (MM) Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Bununla bağlı MM-in sədrə Sahibə Qafarova sərəncam imzalayıb.

Ermənilərin mono-etnik dövlət qurmaq siyasəti

Qərbi Azərbaycana qayıdış özündə bir neçə mühüm  məqamı ehtiva edir. Burada söhbət həm beynəlxalq hüququn, həm tarixi ədalətin bərpasından, həm də insan haqlarının təmin edilməsindən gedir. Qərbi Azərbaycan icması böyük bir toplumdur. Bu icma doğma yurd yerlərini zorla qaydada tərk etmək məcburiyyətində qalan  yüz minlərlə soydaşımızı və onların qanuni varislərini əhatə edir. Bu icmanın adı zamanında soydaşlarımızın yaşadıqları tarixi ərazilərimizin adından götürülüb. Yəni zamanında imperialist güc mərkəzləri Azərbaycanın Qərb bölgələrində saxta Ermənistan dövləti yaradıblar və həmin ərazilərin milli-etnik tərkibini dəyişiblər. Aborigen sakinlər olan azərbaycanlılar oradan qovulublar və həmin ərazilərdə digər ölkələrdən gətirilən ermənilər məskunlaşdırılıblar.  Müxtəlif dövrlərdə çap edilmiş xəritələr və digər sənədlər Ermənistan yaradılarkən  böyük saxtakarlıqlara  yol verildiyini təsdiqləyir. İndiki Ermənistanın ərazisində tarix boyunca azərbaycanlılar yaşayıblar. Bəhs olunan xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Təəssüf ki, sonradan yeni bir saxtakarlıq edilərək tarixi toponimlərimiz eybəcər adlarla əvəzlənib. Erməni saxtakarlıqları yalnız toponimlərin dəyişdirilməsi ilə bitmir. Burada ermənilər özlərinə xas olan tərzdə yerin altına xaçlar basdırıblar. Sonradan təlimatlar əsasında yaradılan ekspedisiyalar “arxeoloji” qazıntılar aparıblar və necə deyərlər, evrika kəşf ediblər. Belə ki, onlar bəlli yerlərdə qazıntılar aparmaqla torpağa basdırılmış xaçları “tapıblar” və bununla da həmin ərazilərin ermənilərə aid olduğunu “sübut ediblər”...

Soydaşlarımızın tarixi yurd yerlərindən qovulması bir neçə mərhələdə reallaşdırılıb. Bu baxımdan XX yüzillik xüsusilə faciəvi olub.  Belə ki, bir əsrdə 4 dəfə - 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Bu deportasiyalar və soyqırımları bizim tariximizin bir hissəsidir və gələcəkdə də belə faciələrlə üzləşməmək üçün tariximizi yaxşı öyrənməliyik. Beləliklə, bəzi ştrixlərə diqqət çəkmək yerinə düşər. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu çox doğru olaraq bağışlanmaz bir addım,  xəyanət və cinayət kimi səciyyələndirib. Tarix təhrif olunmamalıdır. Baş verənləri hər kəs bilməlidir. Bəziləri AXC-nin İrəvanın ermənilərə verilməsi ilə bağlı qərarının üstündən sükutla keçməyə çalışırlar. Ancaq yox! Bəli, AXC-nin yaradılması xalqımızın tarixi nailiyyətidir və dövlətçilik yolunda atılan çox mühüm bir addımdır. Biz bütövlükdə AXC-nin fəaliyyətini yüksək dəyərləndiririk. Bununla belə, gələcək naminə tariximizdəki qara səhiifələri də unutmamalıyıq, səhvlərimizdən nəticə çıxarmalıyıq.

 Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Ancaq unutmamalıyıq ki, söhbət ermənilərdən - bütün düşüncələri və ruhları ilə “dənizdən-dənizə Ermənistan” mifinə uyan bir toplumdan gedir. Əlavə edək ki, bu toplumun iliyinə həm də “türkə nifrət” ideologiyası yeridilib, hər bir erməni körpəsinin ana laylası məhz bunu təlqin edir.

Beləliklə, ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız  olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da səbəbləri və məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə yerləşmişdilər və siyasi qərarlar verilməsinə təsir göstərmək imkanlarına malik idilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Bu, keçmiş sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi.

Tarixi ərazilərimizdən soydaşlarımızın zorla çıxarılması ilə paralel şəkildə, həm də tarixi-mədəni irsimizə qəsd edilib. Belə ki, bəhs olunan ərazilərdən azərbaycanlıların didərgin salınmaları, müxtəlif adlar altında sürgünə göndərilmələri dini-mədəni abidələrimizin dağıdılması, qədim toponimlərimizin dəyişdir?lib eybəcər adlarla əvəzlənməsi, hətta qəbiristanlıqların belə təhqirlərə məruz qalması ilə müşayiət olunub. Bu, əslində ermənilərin etnik təmizləmə, mono-etnik dövlət qurmaq siyasəti idi.

Heydər Əliyev məkrli prosesləri dayandırsa da...

1970-1980-ci illərdə - böyük siyasətçi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə məkrli proseslərin qarşısı alınıb, xalqımız Ermənistan ərazisində növbəti deportasiya və etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindən uzaqlaşması ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti qara günləri başlayıb. Belə ki, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu mərhələsi həyata keçirilib. Ağır işgəncələrlə, çoxlu sayda insanın məqsədli şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan sonuncu deportasiya tariximizə ən amansız deportasiya kimi düşüb. Xatırladaq ki, həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar. Verilən məlumatlara əsasən, azərbaycanlıların Ermənistan ərazisində yerləşən ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən təxminən 300 min soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar isə ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 37 ildən sonra bu gün həmin rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Bu itkilərin üzərinə  soydaşlarımıza dəyən mənəvi ziyanı, onların keçirdikləri stresləri də əlavə etsək, mənzərə barədə konkret təsəvvür yaranar.

İndiki Ermənistan ərazisində soydaşlarımızın sonuncu deportasiyası 1991-ci ilin avqustinda azərbaycanlıların Nüvədi kəndindən qovulması ilə yekunlaşıb. Həmçinin XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Sonuncu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Vətən müharibəsindən sonra soydaşlarımızın Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı uğurla reallaşdırılır.

Tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan qayıdış konsepsiyası

Qeyd etdiyimiz kimi, soydaşlarımızın tarixi yurd yerlərinə qayıdışı yeni mərhələdə Azərbaycanın əsas ümummilli ideyalarından birinə çevrilib. Soydaşlarımızın qədim yurd yerlərimizdən zorla çıxarılması kimi  tarixi ədalətsizliyə, faciələrə ilk dəfə böyük siyasətçi Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Sabiq Prezident  bununla bağlı 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalayıb.

Sonrakı mərhələdə bu siyasəti eyni ardıcıllıqla Prezident İlham Əliyev davam etdirib. Soydaşlarımızın Qərbi Azərbaycana qayıdış ideyası məhz dövlətimizin başçısı tərəfindən gündəmə gətirilib. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz fikirlərini ifadə edib. Son 20 ildə dövlətimizin başçısının imzaladığı bir sıra sənədlər, o cümlədən Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yubileyinin keçirilməsi, Bakıda onun abidəsinin ucaldılması  soydaşlarımızın Qərbi Azərbaycana qaydışı üçün mənəvi zəmin formalaşdırır.

 Azərbaycan Prezidenti sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan siyasət həyata keçirir.  Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunması Qayıdış Konsepsiyasının əsas hədəfini təşkil edir. Qayıdış Konsepsiyası beynəlxalq hüquqa və təcrübəyə əsaslanır. Ermənistan hakimiyyəti respublikamızda Qərbi Azərbaycan icmasının tarixi torpaqlarımıza qayıdışı ilə bağlı müzakirələrin aparılmasını Azərbaycanın bu dövlətə qarşı ərazi iddiaları irəli sürməsi anlamında təqdim edir. Bu, kökündən yanlışdır və Ermənistanın siyasi rəhbərliyinin növbəti dəfə  məsuliyyətdən yayınmaq, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir.  Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır .

Daha sistemli iş aparılmalıdır

Ermənistan dövləti azərbaycanlıların doğma yurd yerlərinə ləyaqətli şəkildə qayıdışını təmin etmək üçün öz üzərinə öhdəliklər götürməlidir. Ancaq görünən odur ki, Ermənistanın rəhbərliyi adekvat davranışlar sərgiləmir. Buna görə də soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı daha sistemli fəaliyyətlər həyata keçirilməlidir. Bu yöndə Qərbi Azərbaycan İcmasının (QAİ) genişmiqyaslı fəaliyyəti təqdirə layiqdir. Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq gündəliyə çıxarılması mühüm hadisədir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin verdiyi məlumata əsasən, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 220-dən çox bəyanatı qəbul edilib. Bu gün Qərbi Azərbaycan İcmasının yeddi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. QAİ-nin səmərəli fəaliyyəti nəticəsində soydaşlarımızda ləyaqətli geri dönüşə inam yaranıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bütün bunlar onu deməyə əsas verir ki, biz Qərbi Azərbaycana qayıdışa doğru addım-addım irəliləyirik. Artıq QAİ tərəfindən mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması ideyası da gündəmə gətirilib.

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması da QAİ-nin bugünlərdə Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı müraciət əsasında baş tutub. Müraciətdə deyilir ki, Qərbi Azərbaycan İcması fəal beynəlxalq fəaliyyət həyata keçirərək beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə tərəf kimi iştirak edir və Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini davamlı olaraq qaldırır. Ölkəmizə qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə, bu məsələni insan hüquqları müstəvisində tutarlı arqument kimi qəbul etməli olurlar.

Məktubda Azərbaycan Respublikasının Milli Məclisində Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Qeyd olunub ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə, sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək. Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı sərəncama əsasən, parlamentdə müvafiq Təşəbbüs Qrupunun yaradılması Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədi daşıyır. Təşəbbüs Qrupu parlamentin  deputat Əziz Ələkbərovun rəhbərliyi ilə yaradılıb. Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30