Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 17 gərgin raunddan sonra...

17 gərgin raunddan sonra...

24.10.2024 [09:25]

Azərbaycan 2011-ci ilin 24 oktyabrında BMT TŞ-nin qeyri-daimi üzvü seçilmişdi

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi şöhrət qazanıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş qələbə nəticəsində Cənubi Qafqazda yeni münasibətlər sisteminin əsası, bölgənin təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı qoyuldu. Beləliklə, geosiyasi məkanın lider dövləti qismində Azərbaycanın yaratdığı reallıqlar beynəlxalq səviyyədə qəbul olundu.

Ümumiyyətlə, Azərbaycanın yürütdüyü xarici siyasət kursu daim qlobal birlik tərəfindən yüksək dəyərləndirilib - özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasında ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər kontekstində mühüm uğurlar qazanıb. Bu isə, regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Bu isə nəticə etibarı ilə Azərbaycanı regional aktordan qlobal strateji tərəfdaşa çevirib. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi, eləcə də dünya siyasətinin nüfuz və güc iyerarxiyasında özünəməxsus yer qazanıb.

Uğurlu xarici siyasətin nəticəsi...

Gənc müstəqil respublikamızın xarici stiyasət uğurlarının ən mühüm ştrixlərinə nəzər salarkən, təbii olaraq, göz önündə 2011-ci ilin oktyabrın 24-ü canlanır. Məhz həmin gün - 13 il öncə bu gün BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçildi. Azərbaycanın bu məsuliyyətli və ciddi etimada layiq görülməsi isə təsadüfi deyildi. Bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyası idi. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdə idi, qısa zamanda beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşa çevrilmişdi. Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış edirdi. Çünki üzvlüyün əldə edilməsi olduqca çətin prosedurlara söykənirdi...

Çətin keçən seçki prosesi - 155 səslik qələbə...

Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzvlüyə 17 raundluq gərgin səsvermədən sonra seçildi. Səsvermənin ilk raundu 21 oktyabrda baş tutdu - həmin səsvermədə Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs topladı. Yetərsay olmadığı üçün (129 səs) Azərbaycanla Sloveniya növbəti raunda qatıldı. İkinci raundda da yetərsay əldə olunmadı - səsvermə 24 oktyabra qədər davam etdirildi. 24 oktyabrda keçirilən növbəti səsvermədə isə  Azərbaycan 110, Sloveniya isə 83 səs topladı. Sloveniyanın 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi son səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq növbəti iki il ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazandı. Azərbaycanın Şuraya üzvlüyü 2012-ci il yanvar ayından başladı.

BMT TŞ beş daimi üzvdən-ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. “Böyük beşlik”dən fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər. BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır. Qeyd edildiyi kimi, ölkəmizin bu uğura imza atmasının kökündə dövlətimizin beynəlxalq təşkilatlarla və dövlətlərlə münasibətlərini düzgün qurması və balanslaşdırılmış xarici siyasət yürütməsi dayanırdı. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə verdiyi bəyanatda qeyd olunduğu kimi Azərbaycanın xarici siyasəti əməkdaşlığı genişləndirməyə hədəflənib: “Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir”.

Azərbaycan BMT TŞ-nin sədri kimi...

 2012-2013-cü llər ərzində BMT TŞ-yə iki dəfə sədrlik edən Azərbaycan qurumun işinə mühüm töhfələri ilə yadda qaldı. 2012-ci ilin mayında həyata keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə mayın 4-də “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli iclas keçirildi. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparıldı.

Azərbaycanın 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirildi. İclasın məqsədi BMT ilə üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyətlə bağlı müzakirələrin aparılması oldu. Beləliklə, hər iki sədrlik dönəmimizdə qurumun gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etdi.

Tarixi qələbə...

Azərbaycanın BMT TŞ-də 155 ölkə tərəifndən dəstəklənərək qeyri-daimi üzv seçilməsi həm də rəsmi Bakının siyasətə, yürütdüyü qlobal tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə münasibət xarakteri daşıdı. Bu bir daha onu təsdiqlədi ki, Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməklə yanaşı, beynəlxalq müstəvidə mühüm təşəbbüslər irəli sürür, onların həlli uğrunda mübarizə aparır. Bütün bunlar ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edən fakta çevrilir. Həmin ərəfədə Prezident İlham Əliyev beynəlxalq KİV-ə müsahibəsində bildirmişdi ki, bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində, bəlkə də, ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir: “Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, sizin dediyiniz kimi, gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Lakin deməliyəm ki, Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdi və bütün mərhələlərdə böyük fərqlə irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin - çünki yalnız bu cür format elə dünya birliyi, beynəlxalq birlik deməkdir. Bu, çox böyük siyasi qələbə, diplomatik qələbə, çox böyük məsuliyyət, həm də ölkəmizə, siyasətimizə hörmətin ifadəsidir”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30