Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İctimai, humanitar elmlərdə problemlər və onların həlli ətrafında düşüncələr

İctimai, humanitar elmlərdə problemlər və onların həlli ətrafında düşüncələr

26.12.2009 [09:49]

ölkəmiz demokratik cəmiyyət quruculuğu, iqtisadi islahatlar və bazar iqtisadiyyatına keçid istiqamətində sürətlə irəliləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki tarixi nitqində müstəqillik illərində respublikamızın iqtisadi islahatlar və bazar iqtisadiyyatına keçid istiqamətində keçdiyi yolu və əldə etdiyi nailiyyətləri ümumiləşdirərək deyib: “Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq”.
Prezident öz nitqində bu fikri bir qədər də konkretləşdirərək bildirib: “Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır”.
Prezidentin bu fikirləri əslində, elm və təhsil müəssisələrinə, tədqiqatçı alimlərə ölkəmizin hazırkı inkişaf səviyyəsi və gələcək inkişaf istiqamətləri ətrafında düşünmək və axtarış aparmaq üçün bir məsləhət, bir sifariş və tapşırıqdır. Bu bəyanat cəmiyyətin təşkilatçılıq missiyasını öz üzərinə götürən qüvvələrin və düşünən beyinlərinin üzərinə yerinə yetirilməsi vacib olan yeni vəzifələr qoyur.
Məlumdur ki, keçid dövrü təkcə iqtisadi sahədə deyil, həm də cəmiyyət həyatının digər sahələrində - sosial, siyasi, mədəni, elm, təhsil, mənəvi-əxlaqi və i.a. sahələrdə təmin edilməlidir. Bəs, bu sahələrdə vəziyyət necədir? Bu sahələrdə keçid dövrü başa çatıbmı? ümumiyyətlə, cəmiyyətimizin indiki durumunu bütövlükdə necə qiymətləndirmək olar? Bütün bu və ya digər suallara kifayət qədər düzgün, elmi cəhətdən əsaslandırılmış cavablar vermək birinci növbədə biz alimlərin, xüsusilə, elmi-tədqiqat sahəsində çalışan alimlərin vəzifəsidir.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev bu fikirləri Azərbaycanın ən böyük elm və təhsil potensialının cəmləşdiyi, elm və təhsil sahəsində zəngin təcrübəyə malik olan Bakı Dövlət Universitetində səsləndirib.
Bu da təsadüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev son vaxtlar nəşr olunan məqalələrində cəmiyyətimizin bütün sahələrdə (iqtisadi, sosial, siyasi-mədəni) modernləşməsinin vacibliyini göstərib və əsas istiqamətlərini müəyyən edib. Prezidentin iqtisadi sahədə keçid dövrünün başa çatması haqqında elmi ictimaiyyət və xalq qarşısındakı çıxışından sonra akademik Ramiz Mehdiyev humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirədəki məruzəsində, daha sonra “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” proqram xarakterli məqaləsində ictimai və humanitar elmlər sahəsində çalışan alimlərin, elmi-tədqiqat institutları və ali məktəblərin elmi fəaliyyətindəki çatışmazlıqları aşkara çıxarıb, cəmiyyətin modernləşməsi istiqamətində gələcək fəaliyyətin strateji istiqamətlərini müəyyənləşdirib. Həm də bütün bu məsələlərdə alimin, elm və təhsil işçilərinin rolunun, məsuliyyətinin artdığını ön plana çəkib.
Bəs, görəsən nə üçün məhz indi alimlərin, elm və təhsil işçilərinin qarşısına daha ciddi vəzifələr qoyulur, alimlərin məsuliyyətinin artdığı göstərilir. Bunun səbəbləri çoxdur. Bu gün elmi-tədqiqat işlərinin təşkili və elmi dərəcəsi olan kadr hazırlığı məsələsi açıq şəkildə elmi ictimaiyyətin müzakirə obyektinə çevrilib. Burada, bir tərəfdən, cəmiyyətimizin inkişafından, tərəqqidən, yenidən qurulmasından obyektiv olaraq irəli gələn problemlər, digər tərəfdən, bu işlərin təşkilində yol verdiyimiz nöqsanlardan qaynaqlanan problemlər yaranıb. Bunlar haqqında akademik Ramiz Mehdiyevin məqaləsində ətraflı bəhs edilib. Bunların bir neçəsi üzərində dayanaq. Əvvəla, respublikamız tədricən öz inkişafının bir dövründən mahiyyətinə, məqsəd və vəzifələrinə görə ondan tamamilə fərqlənən digər dövrünə - elmi əsaslar üzərində bütün sahələrin (iqtisadi, sosial, siyasi-mədəni, mənəvi-əxlaqi) modernləşdirilməsi dövrünə daxil olur. Eyni zamanda, daxil olduğumuz modernləşmə dövründə keçid dövründə olduğuna nisbətən düşünən, cəmiyyətin qarşısına çıxan yeni problemləri görən və onun həlli istiqamətlərini verə bilən beyinlərə tələbat artır. Biz elm və təhsil işçiləri isə öz fəaliyyətimizi yaxşılaşdırmalı və bu tələbatı ödəməliyik. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: “Cəmiyyətin həyatında elmin rolunun artması alimin məsuliyyətini artırır”.
İkincisi, müstəqillik illərində cəmiyyətimizin iqtisadi, sosial, siyasi-mədəni sahələri kimi elmin, təhsilin və elmi tədqiqat işlərinin demokratik əsaslarla təşkili və inkişafında da böyük nailiyyətlərimiz var, bunlar göz qabağındadır və inkaredilməzdir. Alimlərimizin aktual problemlərə həsr olunmuş çoxsaylı əsərləri Azərbaycanda və xarici ölkələrdə nəşr olunub. Elmi potensial 2002-2003-cü illərdə sabitləşib, 2004-cü ildən bütün sahələrdə artmağa başlayıb. 2004-cü ilə nisbətən 2009-cu ilin əvvəlində elm və tədris sahələrində işləyənlərin sayı 1135 nəfər, o cümlədən, elmi dərəcəsi olanların sayı 675 nəfər (elmlər doktoru 294 nəfər, elmlər namizədi 381 nəfər) artıb. Elmə çəkilən xərclər 2004-cü ilə nisbətən 2008-ci ildə 1,9 dəfə artıb. Göründüyü kimi, kifayət qədər artım və inkişaf var.
Akademik Ramiz Mehdiyev ictimai və humanitar elmlər sahəsində alimlərimizin böyük xidmətlərilə yanaşı, bu elm sahələrində elmi-tədqiqat işlərinin təşkilində, elmi dərəcəsi olan kadr hazırlığı sahəsində çoxsaylı nöqsan və çatışmazlıqların olduğunu, yazılan dissertasiyaların, çap olunan monoqrafiya və elmi məqalələrin bir hissəsinin səviyyəsinin aşağı olduğunu, elmi dərəcəsi olan kadr hazırlığında nöqsanlara yol verildiyini xüsusi qeyd edib. Elm və təhsil müəssisələri onları aradan qaldırmadan cəmiyyətin modernləşdirilməsi prosesində fəal iştirak edə bilməzlər.
üçüncüsü və başlıcası, modernləşmənin həyata keçirilməsində alimlərin rolunun və məsuliyyətinin artması onların cəmiyyətdə tutduğu mövqedən, alimliyin öz təbiətindən irəli gəlir. Alimlər öz təbiətlərinə görə ümumxalq mənafeyinin təmsilçiləridirlər. Onlar ümumxalq mənafeyini əldə rəhbər tutaraq yaşadığı ölkənin daxili və xarici siyasətinin, sosial-iqtisadi inkişafın əsas müddəalarının, strateji plan və proqramların işlənib hazırlanmasında fəal iştirak edir, öz töhfələrini verirlər. Bu proqramları öz düşüncə tərzilə zənginləşdirir, öz əsərləri, çıxışları, zəhmətkeşlərlə görüşləri vasitəsilə xalqa çatdırır. Beləliklə, alimlər dövlət siyasətinin, buradakı ideyaların, məqsəd və vəzifələrin, yerinə yetirilməsi istiqamətində xalqın səfərbər edilməsində müstəsna rol oynayırlar.
Eyni zamanda, xalqla təmasda olan alim özü də zənginləşir. Onda sözügedən proqramların əsas müddəalarının xalqın mənafeyinə nə dərəcədə uyğun olmamasına aid yeni fikirlər, yeni münasibət əmələ gəlir. O, bu münasibəti öz tədqiqatlarında nəzərə alır, çıxardığı nəticə və təklifləri öz əsərləri, çıxışları, dövlət siyasətinin hazırlanmasında yaradıcı iştirakı yolu ilə müvafiq instansiyalara çatdırır. Bununla da, elm adamlarımız proqramların hazırlanması və qəbuluna fəal surətdə təsir göstərirlər.
Beləliklə, dövlət siyasətinin, strateji plan və proqramların hazırlanma səviyyəsi və reallığı, həm də onların xalq tərəfindən nə dərəcədə düzgün başa düşülməsi və icra olunması alimlərin bu iştirak və vasitəçilik funksiyasını nə dərəcədə düzgün icra etməsindən çox asılıdır.
Məhz bu səbəbdən akademik Ramiz Mehdiyev bizə xatırladır ki, alimlər dövlətin, cəmiyyətin maraq dairəsinə xidmət edən elmi araşdırmalar aparmalı, bu araşdırmalardan çıxan nəticələr, ideyalar siyasi qərarlarının qəbul edilməsinə qədər olmalı və bu qərarların elmi əsasına çevrilməlidir.
Halbuki, bu gün akademik Ramiz Mehdiyevin haqlı olaraq göstərdiyi kimi dövlətin iqtisadi siyasətinin olduğu kimi kütləyə çatdırılması və beləliklə də, siyasətin xalqı səfərbərliyə alan maddi qüvvəyə çevrilməsində alimlərin rolu kifayət qədər deyil. Alimlərin öz elmi tədqiqatlarının nəticələri, verilmiş nəzəri ümumiləşdirmə və təkliflərlə dövlət siyasətinin hazırlanması, qərarların, proqramların qəbulunda iştirakı gücləndirilməlidir. Bütün bunların həyata keçirilməsi imkanları elmi-tədqiqat işlərinin və elmi dərəcəsi olan kadr hazırlığının səviyyəsindən asılı olduğuna görə, birinci növbədə, bu sahədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına diqqət yetirilməlidir.
Respublikamızda elmi kadrların hazırlıq səviyyəsinin, elmi-tədqiqat işləri və elmi əsərlərin keyfiyyətinin yüksəlməsi bu fəaliyyət sahələrinə qarşılıqlı əlaqədə yanaşmağı və onun bütün mərhələlərində işi yaxşılaşdırmağı tələb edir. Burada elmi dərəcəsi olan kadr hazırlığı xüsusi yer tutur. çünki elmi-tədqiqat işlərinin və elmi əsərlərin səviyyəsi kadrlardan, onların hazırlıq səviyyəsindən, işə nə dərəcədə həvəs və məsuliyyətlə yanaşmasından asılıdır.
Bunun üçün biz ali məktəblərdə və elmi-tədqiqat institutlarında nəinki beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı mütəxəssis, həm də öz xalqını, vətənini sevən əsl vətəndaş və hərtərəfli dünya görüşünə malik insan hazırlamalıyıq. Məhz bu keyfiyyətlərə malik mütəxəssislər öz elmi fəaliyyətinə və əsərlərinə məsuliyyətlə yanaşa bilərlər.
Elmi dərəcəsi olan kadr hazırlığı elə prinsiplər üzərində qurulmalıdır ki, respublikamızın bütün aparıcı, nüfuzlu alimlərinin bacarıq və qabiliyyətindən elmimizin inkişafı üçün səmərəli istifadə olunsun. Aparıcı alimlərdə elmimizin taleyi üçün məsuliyyət hissi artırılsın.
Əlbəttə, elmi tədqiqat işlərinin təşkili və kadr hazırlığında əsaslı dönüş yaratmağın ən mühüm şərtlərindən biri bu sahədə maddi maraq prinsipinin təmin edilməsi, elmi-tədqiqat işçilərinin maaşlarının artırılmasıdır. Təcrübə göstərir ki, bu məsələnin həlli həmişə elmi-tədqiqat işlərinin, kadr hazırlığı və elmi əsərlərin səviyyəsinin yüksəlməsinə, bu sahələrdə çalışan işçilərin məsuliyyətinin artmasına əsaslı sürətdə müsbət təsir edir. Məhz bu səbəbdən dövlətimiz elm və təhsil sistemində işləyənlərin maaşlarının artırılmasına həmişə qayğı ilə yanaşır.
Son illər ali məktəb işçilərilə elmi-tədqiqat sahəsində çalışan işçilərin ümumi artım sürətində elə bir əsaslı fərq olmayıb. Misal üçün, 2001-ci ilə nisbətən 2009-cu ilin əvvəlinə respublikamızda elmi-tədqiqat işçilərinin sayı 13,5 faiz, ali məktəbdə elmi-pedaqoji fəaliyyət sahəsində məşğul olan işçilər 12,32 faiz artıb. Halbuki, bu müddətdə elmi-tədqiqatla məşğul olan elmlər doktoru 72 nəfər, elmi-pedaqoji fəaliyyət sahəsində məşğul olanlar 230 nəfər, elmlər namizədi müvafiq olaraq 17 nəfər və 367 nəfər artıb. Beləliklə, elmi dərəcəsi olan kadrların ali məktəblərdə nisbətən sürətlə artması müşahidə olunur.
Ləyaqətli, istedadlı, elmimiz və təhsilimiz üçün narahat olan, məsuliyyət daşımağı bacaran tədqiqatçı alim hazırlamaq, dövrün tələblərinə cavab verən əsərlər yazmaq üçün gənclərə münasibətə, onların biliyinin qiymətləndirilməsinə obyektiv yanaşmaq, kifayət qədər istedada, qabiliyyətə malik olanları və özünü elmə, təhsilə həsr etmək istəyənləri seçib bu sahəyə gətirmək lazımdır. Bu isə ali məktəblərdən başlanır. Məlumdur ki, dövlətimiz bu sahələrə həmişə diqqət və qayğı göstərib, son illər isə bu qayğını xüsusilə artırıb.
Ali məktəblərdə tələbələrə qarşı diqqətli olmaq, onların biliyini, maraq dairəsini düzgün qiymətlərdirməyə çalışmaq lazımdır. Indi tədris prosesində yaranmış xoşagəlməz hallardan biri ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərə qarşı tələbkarlığın azalmasıdır. Bu, bizim nə elmimizə, nə də xalqımıza və gələcəyimizə müsbət mənada heç nə vermir, əksinə, gənc istedadlı kadrların seçilib elmə gətirilməsində müəyyən çətinlik yaradır. Fərqlənmə diplomu yalnız öz bilik səviyyəsinə, öz biliyini müəllimə, tələbələrə çatdırmaq qabiliyyətinə görə başqalarından müsbət mənada seçilən, həqiqətən tələbələr arasında onun əlaçı olduğu etiraf olunan, ali məktəbin həyatında fəal iştirak edən tələbəyə verilməlidir. Belə kadrlara işləmək üçün ali məktəblərin və ya elmi-tədqiqat institutlarının qapısı açıq olmalıdır.
Dissertasiyaların müzakirə və müdafiəsinin təşkili forma və qaydalarını təkmiləşdirməyə ciddi ehtiyac yaranıb. Fikrimizcə, dissertasiyaların hazırlanması və müdafiəyə təqdim olunmasında elmi-tədqiqat institutlarında şöbələrin, ali məktəblərdə kafedraların, hüquq və məsuliyyəti artırılmalıdır. Elmi-tədqiqat institutlarında şöbələrin sayının nisbətən azaldılması, lakin onların daxilində qruplar təşkil olunmaqla, şöbədə işləyən əsas işçilərin məsuliyyətinin artırılması da məqsədəuyğun olardı. Dissertasiyalar iki şöbənin birlikdə iclasında iki dəfə: ilkin və yekun müzakirə olunmalıdır. Avtoreferatda dissertasiya müzakirə olunub, müdafiəyə təqdim olunduğu şöbənin (əsas şöbə) və ona qoşulmuş şöbənin adı göstərilməlidir.
Dissertantlara qarşı tələbkarlıq artırılmalıdır. Yalnız ali məktəbi fərqlənmə diplomu ilə, yaxud da əla və yaxşı qiymətlərlə bitirənlərə, dissertant olana qədər məqaləsi nəşr edilmiş olanlara, müstəsna hal kimi, dissertasiya yazmağa icazə verilməlidir. Dissertantların yalnız istədiyi sahəyə aid, həm də həmin sahədə təşkilati işlər aparmağa, sanballı elmi təkliflər verməyə ehtiyac olduğu hallarda mövzular götürüb tədqiq etmələri daha məqsədəuyğun olar.
Fikrimizcə, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinə hüquq verən elmi məqalə, kitab, konfransların tezislərinin və ya materiallarının nəşrinə qarşı tələbkarlığı artırmaq lazımdır. Əvvəla, məqalələr və monoqrafiyalar yalnız seminarlarda, yaxud elmi şuralarda müzakirə olunduqdan, həqiqətən oxunub rəy verildikdən və rəy verənlərin, redaktorun məsuliyyəti nəzərə alınmaqla nəşr olunmalıdır. Yaddan çıxartmaq olmaz ki, elmlər namizədi, elmlər doktoru olandan sonra fərdi, müstəqil yaradıcılıqla, müstəqil əsərlər nəşr etdirməklə, elmi dərəcə almaq üçün yazılan kitabları, elmi məqalələri, plan üzrə elmi-tədqiqat işinin nəticəsi kimi nəşr olunan əsərləri bir-birilə eyniləşdirmək, onlara eyni məsuliyyətlə yanaşmaq düzgün deyil. Elmi dərəcə almaq üçün və plan üzrə yerinə yetirilmiş elmi-tədqiqat işinin nəticəsi olmaqla yazılan elmi məqalə və kitablara daha məsuliyyətlə yanaşmaq və onların lazımi tələblərə cavab verməsini təmin etmək lazımdır.
Konfranslara, konfrans materiallarına və tezislərə də eyni dərəcədə məsuliyyətlə yanaşılmalıdır.
Aspirant və dissertantların dissertasiyaların üzərində işi azı 3 il davam etdirməsi vacibdir. Müşahidələrimiz nəticəsində belə qənaətə gəlmişik ki, kənardan müdaxilə olmasa heç bir dissertant özü yeni mövzu üzərində işini 3 ildən tez hazırlayıb müdafiəyə təqdim edə bilməz. Əlbəttə, məqalələrin çap olunmasını da nəzərə almaqla yalnız 3 ildən az olmayan müddətə bu işin öhdəsindən gəlmək, həm də dissertasiyanın yazılmasına vərdiş etmək olar. Fikrimizcə, əyani aspirantların azı 3 il müddətində, qiyabi aspirant və dissertantların isə, azı 4 il müddətində nəşr olunmuş əsərləri məqbul sayıla bilər. Bunlarla yanaşı, alimlərimizin yaradıcılığına, əsərlərinə qarşı tələbkarlıq da artırılmalıdır. Indi sözün həqiqi mənasında hər kəs çalışır ki, onun əsərlərinin sayı çox olsun, keyfiyyət məsələsi isə demək olar ki, unudulur.
Kadr hazırlığının və elmi-tədqiqat işlərinin səmərəli təşkilinin vacib məsələlərindən biri elmi-tədqiqat işlərinin koordinasiyası, elmi-tədqiqat işlərində və dissertasiya mövzularında təkrarçılığa, aktual olmayan mövzuların işlənməsinə yol verməməkdir. Hazırda bunun qarşısını almaq üçün elmi-tədqiqat institutlarında Respublika Koordinasiya Şurasının bölmələri və onların sədrləri fəaliyyət göstərir. Bunlar müəyyən qədər müsbət rol oynasa da, problemi həll etmək üçün kifayət etmir. Nəticədə dissertasiya mövzuları içərisində aktual olmayanlara, işlənmiş mövzunun təkrar işlənməsinə rast gəlinir. Fikrimizcə, Koordinasiya Şurası nəzdində ali məktəblərdə və elmi-tədqiqat institutlarında işləyən təcrübəli alimlərdən bir qrup yaratmaq (onlara verilən əməkhaqqı işlədikləri müəssisədən ödənilə bilər) və bu işlərlə daimi məşğul olmağı onlara həvalə etmək lazımdır.
Bu təşkilati qurum avtoreferatları nəzərdən keçirmək və müşahidələrini ümumiləşdirməklə tədqiq olunmuş mövzuları və tədqiqi vacib olan mövzuları müəyyənləşdirə, tədqiqi vacib olan mövzular haqqında tabe olduqları yuxarı təşkilata və müvafiq elm və təhsil müəssisəsinə ildə bir dəfə öz tövsiyələrini verə bilərlər. Belə olduqda aktual olmayan, təkrar olunan dissertasiya mövzularının götürülməsi aradan qalxar, mövzuların seçilməsində məsuliyyət hissi artar.
Məlumdur ki, dissertasiya işlərini müdafiə etmək üçün avtoreferatlar buraxırlar. Ayrı-ayrı elm və təhsil müəssisələrində buraxılan avtoreferatlar öz yazılış üslubuna və məzmununa görə bir-birindən fərqlənir. Xüsusilə, ali məktəblərdə buraxılan avtoreferatlarla AMEA sistemində buraxılan avtoreferatlar özünün strukturuna və dissertasiyanın məzmununu əhatə etməsinə görə fərqlənirlər. Burada vahid qayda yaratmaq vacibdir.
Fikrimizcə, avtoreferat dissertasiyanın xülasəsi formasında olmalı və onu oxuyan dissertasiyanın məzmunu haqqında tam təsəvvürə malik ola bilməlidir. Bunun üçün avtoreferatda məsələlərin şərhi ardıcıllığı dissertasiyadakına tamamilə uyğun olmalıdır. Yəni, hər fəslin, o cümlədən, hər yarımfəslin şərhi, oradakı elmi yeniliklər və əsas nəticələr ardıcıl olaraq öz əksini tapmalıdır. Avtoreferatın həcmi dissertasiyanın həcmindən və orada qoyulan məsələrin sayından, mürəkkəbliyindən asılıdır. Hər halda namizədlik dissertasiyaları avtoreferatlarının həcmi 1,5-2, doktorluq disseratsiyası 3 çap vərəqi həcmində optimal hesab oluna bilər.
Ən mühüm məsələlərdən biri dissertasiyanın müdafiəsindən sonra elmi dərəcə və elmi adların verilməsidir. Son illər bunu təkmilləşdirmək və daha ədalətli prinsiplərə əsaslanması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası bir sıra tədbirlər görüb, mövcud qaydaları xeyli təkmilləşdirib.
Qeyd etmək yerinə düşər ki, ıctimai elmlərdə, xüsusilə də, iqtisad elmində tədqiqat obyektilə təmasda olmaq, onun bütün xüsusiyyətlərini müşahidə etmək və öyrənmək həqiqi tədqiqatçı üçün vacibdir.
Eyni zamanda elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi məsələsinə diqqət daha da artırılmalıdır.
Həqiqi elm peşəkarlıq sevir, bu isə çatışmır.
Bunun qarşısını almaq üçün elmə şöhrət mənbəyi, gələcəkdə hazırkı fəaliyyət sahəsində uğursuzluğa düçar olarsa ehtiyat dolanışıq mənbəyi kimi yanaşanlara imkan verməməliyik.
Elmi-tədqiqat institutlarında, elmi mərkəzlərdə işçilərin keyfiyyət tərkibinə, ixtisas baxımından strukturuna diqqətin artırılması, imkan daxilində optimallaşdırılması vacibdir. Yaşlı nəslin zəngin təcrübəsini və elmdə nüfuzunu, orta nəslin işgüzarlığı və məqsədyönlülüyünü gənc nəslin yaradıcılıq həvəsi və çalışqanlığı ilə birləşdirmədən elmi-tədqiqat institutlarında, elm mərkəzlərində fasiləsiz və əhəmiyyətli müvəffəqiyyət qazanmaq çətindir. Eyni zamanda, elmi-tədqiqat institutlarında elmi işçilər, o cümlədən, elmi dərəcəsi olan elmi işçilərlə xidmətedici heyət arasında optimal nisbət formalaşması da vacib məsələdir.
Elmi-tədqiqat institutları və ali məktəblərdə elmi-nəzəri və ya elmi-metodoloji xarakterli seminarların keçirilməsinə diqqət artırılmalıdır. Bu seminarlar elm və tədris sahəsində çalışanların hazırlıq səviyyəsini yüksəldir, kollektiv qarşısında məsuliyyətini artırır və kollektivlərdə obyektiv elmi mühitin formalaşmasına və sanballı əsərlər yazılmasına kömək edir. Lakin bəzən belə hallar müşahidə olunur ki, bu seminarlar əsasən konkret dissertasiyaların müzakirəsinə həsr olunur.
Əlbəttə, elmi dərəcəsi olan kadr hazırlığının, dissertasiyaların, elmi əsərlərin səviyyəsini yüksəltmək üçün həm təhsil, həm də elmi-tədqiqat institutlarında görülməli olan tədbirlər yalnız bunlarla məhdudlaşmır. Biz hamımız görülməsi vacib olan çoxsaylı əlavə tədbirləri birlikdə düşünüb tapmalı və icrasını təmin etməliyik.

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30