Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

18.02.2020 [10:01]

Prezident İlham Əliyev: Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub
Müstəqil Azərbaycanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz qazandırıb. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanındığı xüsusi olaraq nəzərə çatdırılıb. Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Son bir neçə ildə uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi deyilənlərə yaxşı nümunədir. Mütəxəssislərin yekdil qənaəti belədir ki, “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması ilə ölkəmizin “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq.
Cənub Qaz Dəhlizi regional və qlobal əhəmiyyət daşıyan mühüm infrastruktur layihəsidir
Məlumdur ki, hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur.
İndiyədək Xəzərin Azərbaycan sahillərindən başlayaraq qonşu Gürcüstan və Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanacaq yeni nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. 2019-cu il 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin çox mühüm seqmenti olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. Prezident İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında 2019-cu ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP-ın istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək vurğulayıb: “Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir”.
Yuxarıda bəhs olunan dəyirmi masada da vurğulandığı kimi, bu gün Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi - Monteneqro, Xorvatiya, eləcə də Bosniya və Herseqovina da ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzalayıb. Həm texniki, həm də qaz ehtiyatları baxımından bu mümkündür. Beləliklə, Azərbaycanla Cənub Qaz Dəhlizi üzərində işləyən ayrı-ayrı ölkələr öz tarixlərində ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı qazanacaqlar. Vacib məqam həm də ondan ibarətdir ki, burada söhbət yalnız marşrutun deyil, həm də mənbənin şaxələndirilməsindən gedir. Bunu xüsusi olaraq nəzərə çatdıran Prezident İlham Əliyev “Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir”, - deyə vurğulayıb.
Azərbaycan sabit neft təchizatçısı ölkəsi olaraq qalır
Azərbaycanda neftçıxarmanın qədim tarixi var. Ancaq 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bəhs olunan layihələr sayəsində Azərbaycanın regionda və Avropada önəmi əhəmiyyətli dərəcədə artıb. Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olunub. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür. Bundan başqa, müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib. 1997-ci ilin sonlarında neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər də bu ixrac marşrutundan bəhrələnirlər. Bütün bu kimi reallıqlara istinad edən Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır.
Dəyirimi masada vurğulandığı kimi, hazırda Azərbaycan, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayır. Belə ki, bir çox şirkətlər geri qayıdaraq yeni layihələrə qoşulurlar. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Azərbaycan həmçinin dünya bazarında neftin qiymətinin sabit qalmasında mühüm rol oynayır. Respublikamız OPEK+ formatının əsas təşəbbüskarlarından biridir. Hələ 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı səsləndiriləndə Azərbaycan Prezidenti əsas qeyri-OPEC və OPEC ölkələrinin bir araya gəlmələrini təklif etmişdi. Ötən dövrdə dövlət başçımızın irəli sürdüyü təklif dəstəklənib ki, bu da öz bəhrəsini verir. Dövlət başçımız bəhs olunan platformada əməkdaşlığı yüksək dəyərləndirib və bu nadir formatın qorunub saxlanmasının zəruriliyini bir daha diqqətə çatdırıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 708 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31