Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

20.02.2020 [09:48]

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə Paşinyana tarix və hüquq dərsi keçən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar reallıqları, eləcə də Azərbaycanın prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı
Bir neçə gün əvvəl nəzərlər yenidən Almaniyanın Münxen şəhərində idi. 56-cı Münxen Təhlükəsizlik Konfransında müzakirə olunan regional və qlobal xarakterli məsələlər, inteqrasiya, əməkdaşlıq və təhlükəsizlik problemləri dünyanın diqqətində oldu, çox mühüm fikirlər səsləndirildi. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar konkret reallıqlar bilavasitə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Söhbət konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə ifadə olunan fikirlərdən gedir. Dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. “Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”, - deyə dövlətimizin başçısı vurğuladı. Azərbaycan Prezidentinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Hətta erməni mediası Paşinyanın uğursuz çıxışını lağ və tənqid obyektinə çevirdi.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin keçirilməsi münaqişə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev növbəti dəfə münaqişənin həlli məsələsi ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini, eləcə də tarixi faktlar və reallıqları qətiyyətlə bəyan etdi, dünya ictimaiyyətinə mühüm mesajlar verdi: “Panel müzakirələrdə Prezident İlham Əliyev, sözün əsl mənasında, Paşinyana tarix və hüquq dərsi keçdi. Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir. Göründüyü kimi, dövlətimizin başçısı prinsipial mövqe sərgiləməklə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı”, - deyən Sevinc Fətəliyeva əlavə edib ki, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsini gözardı edərək “xalqların öz müqəddəratını təyin etməsi” prinsipini irəli sürməsi isə manipulyasiya olmaqla yanaşı, danışıqlar prosesini pozmağa xidmət edir.
S.Fətəliyeva baş tutmuş panel müzakirələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinə təsir göstərə biləcəyini də diqqətə çatdırıb: “Beynəlxalq ictimaiyyət bir daha haqlı tərəfin kim olduğu, reallıqların nədən ibarət olduğunu gördü. Növbəti dəfə məlum oldu ki, Ermənistan təcavüzkar ölkədir, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Ona görə də ATƏT-in Minsk qrupu başda olmaqla beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı təzyiqlər göstərməli, bu ölkə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir. Ermənistana izah olunmalıdır ki, status-kvonun legitimləşdirilməsi cəhdləri qəbuledilməzdir. Yəni Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyə əsaslanan manipulyasiya cəhdlərinin qarşısı alınmalıdır”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin keçirilməsi mühüm məqamlarla yadda qaldı. Onun sözlərinə görə, bütün dünyaya canlı olaraq yayımlanan və debat xarakteri daşıyan müzakirələr dövlətimizin başçısının opponenti qarşısında bir çox istiqamətlər üzrə “master-klass” keçməsi ilə yaddaşlara həkk olundu: “Prezident İlham Əliyev həm yüksək natiqlik qabiliyyəti və jestləri, həm səlis ingiliscəsi, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktoloji yanaşması ilə bütün dünyaya Azərbaycan xalqının layiqli təqdimatını həyata keçirdi. Əvəzində isə Nikol Paşinyan hər cümləsində qeyri-peşəkar və diletant olduğunu göstərməklə, əslində, sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etmiş oldu”.
“Bu, bir debatdan daha çox dərs mahiyyəti daşıyırdı. Ermənistan rəhbərliyinə münaqişənin tarixi, hüquqi və siyasi aspektlərini öyrədən və ya xatırladan bir dərs. Hər cümləsində bir neçə dəfə yalan və tarixi təhriflərə yol verən Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmirdi. Dövlətimizin başçısı XX əsrin əvvəllərində regionumuzda cərəyan edən real tarixi hadisələri Paşinyanın gözünün içinə baxaraq dilə gətirdi. Bu, özgüvən və haqqın-ədalətin təntənəsi idi. Xankəndinin keçmiş tarixini xatırlatmaqla Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu obyektiv şəkildə əsaslandıran Prezident İlham Əliyev Öz çıxışı ilə 100 ilin erməni yalanlarını Münxenin tribunasında ifşa etdi”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31