Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26.02.2020 [09:20]
Bu faciə təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir
Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edən Xocalı soyqırımından 28 il ötür. Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri törədildi. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə yeksan etdi və azərbaycanlılara qarşı etnik soyqırımı həyata keçirdi.
Xocalı soyqırımı erməni vandalizminin bariz nümunəsidir
Onu da qeyd edək ki, Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, 7000 nəfər əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Şəhərin strateji önəmini artıran növbəti amil isə budur ki, Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir. Məhz bu, Ermənistanın Xocalıya etdiyi təcavüzü şərtləndirən geostrateji amil qismində çıxış edirdi. Digər tərəfdən, Xocalıda törədilən soyqırımı azərbaycanlılara qarşı törədilən ilk sistemli cinayət aktı deyil, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı ilə yanaşı, qabaqcadan düşünülmüş şəkildə mülki azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetiriliblər. Bundan başqa, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla insan girov götürülüb, itkin düşüb, kəndlər isə yandırılaraq məhv edilib.
Ümumiyyətlə, Xocalı faciəsi həm bəşəriyyət əleyhinə cinayət, həm də soyqırımı faktıdır. Çünki insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Beləliklə, bu soyqırımı erməni vandalizminin növbəti nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir: “Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir”.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi qiymət verilməsi, reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görüldü
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi ilə - 1993-cü ildən sonra Xocalı soyqırımına hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə tanıdılması yönündə sistemli və ardıcıl işlər görüldü. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət kimi qiymətləndirdi. Öncə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti - Milli Məclis 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etdi. 25 fevral 1997-ci il tarixində isə Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamına əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamında Xocalı faciəsi soyqırımı adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə müvafiq surətdə atılan addımlar Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində də olduqca mühüm əhəmiyyət kəsb etdi. Belə ki, hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən qeyd olundu, həmçinin bir çox ölkələrin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edildi, televiziya və radio kanallarında verilişlər yayımlandı. Ümumiyyətlə, Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edib, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir”.
Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir
Xocalı soyqırımının dünyada tanıdılması, bu şəhərin sakinlərinə qarşı törədilən erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə müvafiq tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısı mütəmadi olaraq Xocalı faciəsi qurbanlarını anma mərasimlərində, müxtəlif rayon və qəsəbələrdə soyqırımı abidələrinin açılışında iştirak edir. Bu, Azərbaycan xalqının başına gətirilən faciələrə ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın hər yerində, o cümlədən dünyanın bir çox dövlətlərində müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən şəhər və rayonlarda Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin, anım mərasimlərinin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilməsi, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunması nəzərdə tutulmuş tədbirlər sırasında yer alır. Eyni zamanda, xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, ziyalıların şəhid ailələri ilə görüşlərin təşkil edilməsi də nəzərdə tutulub. Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyətə malikdir
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da səmərəli nəticələr verir. Kampaniya çərçivəsində Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Bütün bunların qanunauyğun nəticəsidir ki, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq olunub. Daha dəqiq desək, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Bu isə o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb. Dünya ictimaiyyətinin həqiqətləri bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır. Beləliklə, dövlətimizin başçısının vurğuladığı kimi: “İndi Xocalı haqqında dünyada bilirlər, Xocalı faciəsi haqqında kifayət qədər məlumatlar var. Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə”.
Sözsüz ki, qazanılan uğurlar, Azərbaycanın bu sahədə yüksək diplomatik fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını da artırmaqdadır. Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin soyqırımına məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur. Bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının, erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər isə baş verdiyi iddia edilən uydurma “erməni soyqırımı” yalanlarını araşdırmaqdansa, cəmi 28 il öncə baş vermiş və hələ də bir sıra şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl soyqırımını tanısınlar ki, dünya bu kimi bəlalarla bir daha rastlaşmasın! Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Bir sözlə, faciəni törədənlər mütləq ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzalarını almalıdırlar. Dövlətimizin başçısı bu məqamlara toxunaraq “Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir”, - deyə vurğulayıb.
Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən qiymətləndirilməsi
Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini yerlə yeksan etməsi və azərbaycanlılara qarşı etnik soyqırımının həyata keçirilməsi beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət tərkibli akt kimi dəyərləndirilir. Belə ki, Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu da konkret olaraq hərbi cinayət kimi xarakterizə olunur. Həmçinin azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmayıb ki, bu da müvafiq konvensiyalara ziddir.
Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrinə ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır;
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır;
Maddə 5. İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətlər qadağandır;
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır;
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Eyni zamanda, Ermənistan silahlı dəstələrinin hərəkətləri fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə də tam ziddir. Digər tərəfdən, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını məhz soyqırımıdır.
Bütövlükdə, dünya ictimaiyyəti artıq bilir ki, Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

