Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir

Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir

03.03.2020 [09:44]

Dinamik xarakter daşıyan çoxşaxəli əlaqələr hər iki ölkənin milli maraqlarına cavab verir
Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Başqa sözlə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Təsadüfi deyil ki, hazırda ayrı-ayrı milli dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.
Azərbaycan ilə İtaliya çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər
Qeyd etmək lazımdır ki, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Bütövlükdə, İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. Vurğulayaq ki, İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb və ölkələrimiz arasında həmin il mayın 2-də diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən əlaqələr davamlı olaraq yüksələn xətlə inkişaf edir.
Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm önəm kəsb edir. Qeyd edək ki, bu səfər 2020-ci ildə İtaliyaya xarici ölkələrin dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Səfər çərçivəsində Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü, habelə Nazirlər Şurasının Sədri (Baş Nazir) Cüzeppe Konte, İtaliya parlamenti Senatının və Deputatlar Palatasının sədrləri ilə görüşləri keçirilib. Ümumiyyətlə, səfər çərçivəsində iki dövlət arasında siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edən 28 sənəd imzalanması tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına vacib töhfədir. Bütövlükdə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır.
O da qeyd edilməlidir ki, ikitərəfli formatda strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, iki ölkə çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycanın bir çox Avropa İttifaqı ölkəsi ilə tərəfdaşlıq əlaqələri mövcuddur, ölkəmiz Aİ üçün əhəmiyyətli tərəfdaşdır. Avropa İttifaqı ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasını da bu kontekstdə ayrıca qeyd etmək gərəkdir. 2019-cu ildə də Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbirin keçirilməsi, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri tərəflər arasında əlaqələrin müsbət dinamikaya malik olduğunu göstərir. Bununla yanaşı, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Bu məqamda vurğulamaq yerinə düşər ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən çox vacib ölkədir.
Tərəflər arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilib
Xüsusi olaraq qeyd etmək lazımdır ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk belə sənəddir. Sənədin preambula hissəsində ikitərəfli münasibətlərin əsaslandığı prinsiplər sırasında tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Tərəflər beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini vurğulayırlar. Digər tərəfdən, sənədin siyasi hissəsində Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alıb.
Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədilə apardığı genişmiqyaslı iş konkret nəticələr verir. Azərbaycan ötən müddət ərzində nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Respublikamızın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də bunu bir daha sübut edir. Bütövlükdə isə, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə imzalanmış Birgə Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarlar əsasında həll olunmasının göstərilməsi Azərbaycanın ardıcıl və məqsədyönlü strateji diplomatiya siyasətinin daha bir uğurudur.
Nurlan

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31