Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir

Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir

07.04.2020 [15:54]

Bu günlərdə təsdiqlənən Tədbirlər Planı iqtisadi artıma və sahibkarlığa kömək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək kimi üç mühüm istiqaməti əhatə edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 4 aprel 2020-ci il tarixində “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə müvafiq sərəncam imzalayıb. Sənəddə hazırda məlum səbəblərdən qlobal enerji və səhm bazarlarında müşahidə edilən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına, ölkədəki makroiqtisadi sabitliyə və sosial sferaya mənfi təsirini azaltmaq məqsədilə nəzərdə tutulan tədbirlərin geniş spektri öz əksini tapıb. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlara müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan dövləti qlobal xarakterli neqativ tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərini minimuma endirmək üçün əhəmiyyətli iqtisadi və maliyyə imkanlarına malikdir

İlk dəfə ötən illin dekabr ayında Çində baş qaldıran və çox sürətlə sərhədləri aşaraq digər ölkələrə yayılan yeni növ koronavirus infeksiyası bütün dünya ölkələrinin iqtisadi inkişafına böyük zərbə vurub və qlobal miqyasda iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Bunu dünyanın aparıcı iqtisadi və maliyyə qurumları da açıq şəkildə bəyan edirlər. Beynəlxalq səviyyəli nüfuzlu reytinq agentlikləri bildirirlər ki, pandemiya nəticəsində yaşanan böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq.
Təbii ki, dünyada yaşanan gərginliklər, müşahidə edilən mənfi proseslər uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edən, ayrı-ayrı dövlətlərlə yüksəksəviyyəli münasibətlər quran, o cümlədən də xarici ticarət-iqtisadi əlaqələrini möhkəmlədən Azərbaycana da təsirsiz ötüşmür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən qlobal miqyasda cərəyan edən proseslərin respublikamıza mümkün mənfi təsirlərinə də diqqət çəkib. Dövlət başçımız vurğulayıb ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir heç bir problem olmamalıdır.
Prezident İlham Əliyevin cari ilin büdcəsinin icrası ilə bağlı nikbin fikirlər ifadə etməsi heç də təsadüfi deyil. Azərbaycan güclü iqtisadi dayaqlara və etibarlı təhlükəsizlik yastığına malik olan ölkədir. Son 16 ildə respublikamızda iqtisadiyyatın ahəngdar inkişafı və mütəmadi olaraq genişlənməsi üçün bütün şərtlər təmin edilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə həyata keçirilən islahatlar, müvaviq yol xəritələrinin qəbul edilməsi, ölkədə qeyri-neft sektorunun, özəl bölmənin inkişafının təşviq edilməsi, həmçinin dövlət tərəfindən iqtisadi subyektlərə siyasi və maddi dəstək tədbirlərinin gücləndirilməsi davamlı iqtisadi inkişaf üçün geniş imkanlar açıb. Təsadüfi deyil ki, bəhs olunan dövrdə Azərbaycan iqtisadiyyatı təxminən 3,4 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Dinamik iqtisadi inkişaf, eyni zamanda, Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün respublikamız güclü maliyyə təminatına malik olan ölkə kimi fərqlənir. Hazırda ölkəmizin 50 milyard dollardan çox strateji valyuta ehtiyatları var ki, bu da kifayət qədər böyük rəqəmdir.
Azərbaycan indiki şəraitdə arzuolunmaz proseslərin milli iqtisadiyyatımıza mənfi təsirlərini azaltmaq məqsədilə genişmiqyaslı tətbirlər həyata keçirərkən məhz ölkənin güclü iqtisadi-maliyyə imkanlarına əsaslanır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 19 mart 2020-ci il tarixində “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir. Bəhs olunan sənədə əsasən, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılıb.
Bəhs olunan Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinin təsdiqlədiyi Tədbirlər Planının əhatə dairəsi kifayət qədər genişdir. Tədbirlər Planını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəd üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. “İqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümumi məbləği 115 milyon manat təşkil edir. Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir”, - deyə V.Qasımlı vurğulayıb.
Qeyd etdiyimiz kimi, sənədə nəzərdə tutulan tədbirlərin bir qismi makroiqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədi daşıyır. İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək.

İndiki şəraitdə əhalinin sosial müdafiəsi və iş yerlərinin qorunması qarşıya qoyulan əsas vəzifələrdən biridir

Göründüyü kimi, Azərbaycan dövləti vətəndaşların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına əsaslanan mütərəqqi və nümunəvi sosial siyasətini davam etdirir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda da bildirib ki, indiki şəraitdə əhalinin sosial müdafiəsi və iş yerlərinin qorunması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının Baş nazirinin təsdiqlədiyi Tədbirlər Planı hazırlanarkən dövlət başçısının əhalinin sosial müdafiəsi ilə bağlı verdiyi tapşırıqlar əsas götürülüb. Tədbirlər Planında məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılmasına və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır. V.Qasımlının bildirdiyinə görə, əlli min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31