Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

18.04.2020 [11:33]

Parlamentin dünən keçirilən iclasında millət vəkilləri ümumilikdə 24 məsələni müzakirə ediblər


Sahibə Qafarova: Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək və ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcək

Aprelin 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açıq elan edən Milli Məclisin Sədri Sahibə Qafarova ilk olaraq aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə ilə bağlı fikirlərini bildirib. Sahibə Qafarova qeyd edib ki, bu müşavirə bir çox vacib məqamları ilə diqqəti cəlb edir: “Möhtərəm Prezidentimiz Özünün dərinməzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə, ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir. Əlbəttə, dünyanın bütün ölkələrində yaşanan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib və sosial-iqtisadi həyatımıza mənfi təsir göstərməkdə davam edir. Amma mən əminəm ki, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın sürətlə aradan qaldırılmasına imkan verəcək. Cənab Prezident Öz çıxışında ölkədə struktur islahatlarının davam etdirilməsi məsələlərinə də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini qeyd etdi. Dövlət başçısı belə bir fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Mən əmin etmək istəyirəm ki, altıncı çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək və ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcək”.

Parlamentin spikeri söyləyib ki, müşavirədə cənab Prezident beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətini diqqətə çatdırdı: “O cümlədən möhtərəm Prezidentimiz Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi. Bilirsiniz ki, mən son on il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam, həmin qurumun Büro üzvü və komitə sədri kimi fəaliyyət göstərmişəm. Bu dövr ərzində mən və mənim hörmətli həmkarlarım bir çox hallarda qurumda ölkəmizə qarşı qərəzli münasibətin şahidi olmuşuq. Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələrin Azərbaycana böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini dəfələrlə müşahidə etmişik. Mən deyərdim ki, bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də artıq onların maraqlarını müdafiə ediblər. Bu gün isə AŞPA-nın qondarma “Dağlıq Qarabağ”dakı cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Hesab edirəm ki, bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir. Ona görə də, biz AŞPA-nın bu davranışını qəti şəkildə pisləyirik və bununla əlaqədar Milli Məclis tərəfindən Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərilib”.

Milli Məclisin Sədri qeyd edib ki, Prezident İlham Əliyev müşavirədəki nitqində ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyanın və siyasi dialoq mühitinin gücləndirilməsi istiqamətində atılan addımları təqdir etdi: “Azərbaycanda milli mənafedən, dövlətçilik maraqlarından çıxış edən bütün sağlam müxalifət partiyaları bu dialoqda iştirak edir, prosesə töhfə vermək üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı çıxış edən bəzi marginal qruplar bu dialoqdan imtina edib, xarici amilə bel bağlayıblar. Dövlətə qarşı düşmənçilik edən belə qrupların əsl məqsədi ölkəmizdə gərginlik yaratmaqdır. Özlərinə radikal müxalifət adını verən bu cür dağıdıcı qüvvələr hətta bütün bəşəriyyəti sarsıdan pandemiyadan və koronavirusdan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, xalqımız bu cür davranışları görür və onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə pisləyir. Azərbaycan xalqının mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur”.
Sahibə Qafarova çıxışında onu da deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanıb: “Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları və Aparatın əməkdaşları könüllü qan verə bilərlər”.

Parlamentin ötən iclasında Nazirlər Kabinetinin hesabatının dinlənildiyini xatırladan spikerin sözlərinə görə, ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Nazirinin məruzəsi videoyazı şəklində təqdim edildi: “Milli Məclisin iclasının bu hissəsinin stenoqramı və videoyazısı, eləcə də çıxış edə bilməmiş 31 deputatın çıxışlarının və suallarının yazılı mətnləri Nazirlər Kabinetinə göndərilib. Əgər kiminsə əlavə çıxışı, təklifi və ya sualı varsa, bizə təqdim etsin ki, onu Nazirlər Kabinetinə göndərək”.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Əvvəlcə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. 2019-cu ildə sosial-iqtisadi tərəqqinin təmin olunduğunu deyən Vilayət Zahirov ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da uğurların əldə edildiyini bildirib. O qeyd edib ki, yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir.
Məruzədə diqqətə çatdırılıb ki, son seçkilər nəticəsində 1597 bələdiyyə üzrə 15075 bələdiyyə üzvü seçilib. Onlardan 5847 nəfər (38,8 faiz) qadınlar, 6012 (39,9 faiz) nəfər gənclərdir. Bələdiyyə üzvlərinin tərkibinin xeyli hissəsinin yeniləndiyi nəzərə alınaraq məqsədyönlü hüquqi maarifləndirmə işinin aparılması üçün xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib. "Bələdiyyələrin statusu haqqında" Qanununa edilmiş dəyişikliyə əsasən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsinin hüquqi əsası ilk dəfə qanunla təsbit olunub.
Ötən il Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə məsələləri ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri hazırlanıb və başqa tədbirlər görülüb. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanmış "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında" Təlimatda dəyişikliklər edilərək müvafiq Qanuna uyğunlaşdırılıb.
İl ərzində 80261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1796 akt hüquqi ekspertizadan keçirilib. 77427 akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2765 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib . Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1285 akt ləğv edilib, 1274 akt dəyişdirilib.
Bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, onlardan 8-i məhkəmə tərəfindən təmin edilib, 11 iddia isə hesabat ilinin sonuna məhkəmə icraatında olub. Qanunsuz verilmiş 7019 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib (ötən illə müqayisədə 18,5 faiz çox).
Nazir müavini söyləyib ki, bələdiyyə aktının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 131 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokol isə ilin sonuna məhkəmə icraatında olub. Aparılmış 24 inzibati araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. 17 material üzrə cinayət işi başlanılıb, 1-i üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3304 müraciətdən 140-ı təmin və ya qismən təmin olunub. Bu da ötən illə müqayisədə 71 faiz çoxdur. Hüquq pozuntularının və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9264 tövsiyə göndərilib.
Məruzədə qeyd olunub ki, ötən il ərzində 235 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilib, bu sahədə bələdiyyələrə zəruri kömək göstərilib. Sahibkarlığın inkişafı sahəsində bələdiyyələr tərəfindən 22 yeni müəssisə təsis edilib, fəaliyyətə başlamış 7 müəssisəyə 100-ə yaxın işçi cəlb edilib. 4 bələdiyyəyə dövlət büdcəsindən 1 milyon manat subvensiya ayrılıb və layihələr icra edilib. Bunun nəticəsində 140-dan çox iş yeri açılıb.
Mədən vergisinin, habelə mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi, icarəyə ayrılmış bələdiyyə torpaqlarının məqsədli təyinatına uyğun istifadəsi və icarə haqlarının bazar məzənnələrinə uyğunluğunun təmin edilməsi, o cümlədən bələdiyyələr tərəfindən sosial sığorta borclarının ödənilməsi məsələləri ilə bağlı bir sıra tədbirlər görülüb. Qeyd olundu ki, 2019-cu ildə də bələdiyyələrin milli assosiasiyaları ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı da davam etdirilib.
Məruzə ilə bağlı Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov çıxış edərək öz fikirlərini bildirib. Siyavuş Novruzov, həmçinin bələdiyyələrin keçdiyi inkişaf yolu haqqında da danışıb: “Ədliyyə Nazirliyinin nəzdindəki Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə hərtərəfli yardım həyata keçirilir. Bələdiyyələrin gələcəkdə daha yaxşı fəaliyyət göstərməsi üçün müvafiq qərar, qanun, sərəncam və digər qanunvericilik aktlarının qəbul olunması üçün də bu qurum təşəbbüs göstərir. Bələdiyyələrin maarifləndirilməsi işində bizim komitəmiz yaxından iştirak edib və bundan sonra da aktiv iştirak edəcək”.

Komitə sədri bildirib ki, hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir: “125 dairədən yalnız 118-də bələdiyyə seçkiləri keçirilib. 20 ildən artıqdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Burada 1 milyondan artıq insan bu hüquqdan məhrum edilib. Ancaq ATƏT DTİHB, AŞPA və digər müvafiq beynəlxalq qurumlar bu işğalın nəticəsində həmin insanların seçmək və seçilmək kimi fundamental hüququnun yerinə yetirilməsi ilə bağlı bir bəyanat da səsləndirməyib. Başqa vaxt keçirilən seçkilərdə hansısa məntəqədə xırda pozuntu ilə əlaqədar kifayət qədər bəyanat verirlər, ancaq 1 milyon insanın səsvermə hüququnun təmin edilməməsi qarşısında hələ də susurlar. Ədalətsizlik buradan başlayır. Ona görə də bu məsələləri konkret olaraq, beynəlxalq təşkilatlar qarşısında qaldırıb, əlimizdə olan faktlar əsasında çıxışlar etməliyik”.
Siyavuş Novruzov qeyd edib ki, dövlətin bələdiyyələrə qayğısı hər zaman olub: “2000-2020-ci illər arasında 82 milyon 400 min manat dövlət büdcəsindən bələdiyyələrə dotasiya verilib. Təklif edirik ki, bələdiyyə seçkiləri haqqında qanun Seçki Məcəlləsindən çıxarılmalı, bu haqda ayrıca qanun qəbul edilməlidir. Bələdiyyə üzvülüyünə namizədlərlə prezidentliyə namizədlərin eyni sənədlər təqdim etməsi tələb olunur. Bu, doğru deyil. Eyni zamanda, əmlakla, gəlirlərlə bağlı digər məsələlərdə də kifayət qədər problemlər yaranır. Bundan başqa, dünyanin heç yerində belə təcrübə yoxdur ki, ölkənin bütün ərazisində eyni gündə bələdiyyə seçkisi keçirilsin. Bələdiyyələrə adətən hissə-hissə seçkilər keçirilməlidir. Bələdiyyə seçkilərində ən yuxarı orqan dairə seçki komissiyaları olmalıdır”.

Müzakirələr zamanı Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlardan Azay Quliyev, Tahir Kərimli, Azər Badamov, Aydın Mirzəzadə, Fazil Mustafa məruzə ilə bağlı fikirlərini bildiriblər. Yekunda məruzə səsə qoyularaq nəzərə alınıb.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini müzakirəyə təqdim edib. Əli Hüseynli qeyd edib ki, dəyişikliklər karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi məsələlərlə əlaqədar olaraq Milli Məclisin və Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün videokonfrans sistemi vasitəsilə keçirilməsi, həmçinin karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlərin deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilməməsi məsələləri ilə bağlıdır.
Təqdimatdan sonra qanun layihələri qəbul olunub.
“Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklər haqqında məlumat verib. Sənəd müzakirələrdən sonra qəbul olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin məlumatından sonra isə “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinə də müsbət münasibət bildirilib.
İclasda, həmçinin Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, Milli Məclisə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində hazırlanıb. Kamal Cəfərov bildirib ki, bu layihə ölkə Prezidentinin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: “Təklif edilən dəyişikliklər cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların növbəti mərhələsidir. Belə ki, dövlətimizin başçısının 2017-сi il 10 fevral tarixli Sərəncamının icrası və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulu ilə əlaqədar olaraq bu günə qədər 9 mindən artıq şəxs cinayət məsuliyyətindən azad edilib, 3 minə qədər şəxsin cəzası yüngülləşdirilib, 800-ə qədər şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilib. Belə böyük bir rəqəm isə istənilən əfv və amnistiya ilə azad edilən şəxslərin sayından dəfələrlə çoxdur. Milli Məclisə təqdim edilən yeni layihədə Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur”.

Kamal Cəfərov qeyd edib ki, sənədə əsasən məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır: “Bu dəyişikliyə qədər məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni, dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın iştirakçılıqla törədildiyi hallarda cinayət iştirakçıları tərəfindən ödənilməsi qaydası müəyyən edilməmişdi, məhkəmə təcrübəsinə uyğun aparılırdı. Dövlət büdcəsinə ödənişi isə hər bir cinayət iştirakçısı ödəməli idi. Təklif edilən dəyişiklik isə hakimə imkan verir ki, həm ziyan, həm də dövlət büdcəsinə ödəniş cinayət iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında, belə iştirakın əhəmiyyətindən vurulmuş zərərin həcminə və xarakterinə görə məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilsin. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının 3 növü var. Onlardan ən ağırı olan qalan hissəni çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi müddəası ləğv edilir”.

Müzakirələrdən sonra sənəd qəbul olunub.
İclasda həmçinin “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov bildirib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.
Qanuna əsasən, Azərbaycanda kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması (yığılması), yaxud birbaşa və ya dolayı yolla onun başqa şəxslərə verilməsi, kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıqda iştirak etmək, bu Qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək qadağan olunur.
Həmçinin qanuna əsasən, kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadəsinə, kimyəvi silahlara və toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyətə, kimyəvi maddələrin toksik xüsusiyyətlərindən kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istifadə istisna olmaqla digər hərbi məqsədlər üçün istifadəyə, kimyəvi vasitələrdən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadəyə yol verilir.
Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
İclasda, həmçinin gündəlikdə olan digər məsələlər də qəbul olunub. Qeyd edək ki, millət vəkilləri ümumilikdə 24 məsələni müzakirə edərək qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31