Azərbaycan pandemiya ilə mübarizədə özünün bütün imkanlarını səfərbər edib
30.04.2020 [10:39]
Prezident İlham Əliyev: Bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu
Xəbər verildiyi kimi, aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının geniş tərkibli heyətinin qatıldığı videokonfransda ölkəmizlə qurum arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən razılıq ifadə olunub, həmçinin birgə fəaliyyətin perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Videokonfransda ötən ilin dekabrından başlayaraq dünyada böyük narahatlıqlar yaradan pandemiya da müzakirə mövzusu olub. Məlumdur ki, hazırda həm milli, həm də beynəlxalq səviyyələrdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Öz növbəsində, Azərbaycan da pandemiya ilə mübarizədə bütün imkanlarını səfərbər edib. Respublikamızın bu istiqamətdə səyləri bütün dünyada yüksək dəyərləndirilir və böyük maraqla izlənilir. Videokonfransda Prezident İlham Əliyev qurumun prezidenti Suma Çakrabartinin xahişi ilə ölkəmizdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Xəstəliyin Azərbaycana xaricdən gəldiyi və buna görə də qonşu dövlətlərlə qarşılıqlı razılaşma və birgə qərar əsasında sərhədlərin bağlandığı diqqətə çatdırılıb. Nəticədə vaxt qazanılıb ki, bu da pandemiyaya qarşı mübarizəyə cəlb olunan komandanın, səhiyyə sisteminin hazırlanması, mütəxəssis və həkimlərin səfərbər edilməsi, eləcə də düzgün idarəçiliyin qurulması üçün çox vacib idi. Prezident İlham Əliyev pandemiya şəraitində ölkəmizin iki əsas prioritetinin müəyyənləşdirildiyini bildirib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”.
Ölkəmizdə yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində zəruri addımlar atılır
Azərbaycan dövləti respublikada yeni növ koronavirus infeksiyasına ilk yoluxma faktı qeydə alınandan etibarən bu məsələyə həssas yanaşma sərgiləyir. Ölkədə pandemiyaya qarşı mübarizənin səmərəliliyinə nail olmaq, müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb və geniş Tədbirlər Planı təsdiqlənib. Eyni zamanda, respublikamızda infeksiyaya yoluxma zəncirinin qırılmasına nail olmaq məqsədilə mərhələli şəkildə məhdudlaşdırıcı və sosial təcridetmə tədbirləri görülüb. Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində görülən məhdudlaşdırıcı tədbirlər öz müsbət nəticəsini verir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır”, - deyə vurğulayıb.
Respublikamızda pandemiya ilə mübarizə çərçivəsində reallaşdırılan səhiyyə tədbirlərinin miqyası da kifayət qədər böyükdür. Videkonfransda bildirildiyi kimi, xəstəliyin erkən mərhələdə aşkarlanmasını təmin etmək məqsədilə ölkənin ayrı-ayrı bölgələrində 18 müasir laboratoriya qurulub. Eyni zamanda, paytaxt Bakıda və regionlarda ölkənin 22 ən yaxşı xəstəxanası COVİD-19-a yoluxan xəstələrin müalicəsinə cəlb olunub. Bunların sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni Klinika” da var. Burada birinci mərhələdə 100 çarpayı xəstələrin ixtiyarına verilib, növbəti mərhələdə isə daha 300 çarpayı hazırlanacaq. Azərbaycan dövləti müəyyən səbəblərdən xaricdə yaşayan və qlobal pandemiya səbəbindən ölkəmizə gələn vətəndaşlarının da sağlamlığının qeydinə qalır. Həmin şəxslər ilk mərhələdə karantində saxlanılırlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.
Respublikamızda koronavirus xəstələrinin müalicəsinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə səhiyyə infrastrukturunun daha da genişləndirilməsi nəzərdə tutulub. Artıq ölkəmizin müxtəlif bölgələrində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın tikintisinə start verilib. Ümumiyyətlə, respublikamızda pandemiya şəraitində reallaşdırılan səhiyyə tədbirlərinə ayrılan maliyyə vəsaitinin həcmi kifayət qədər böyükdür. Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata əsasən, bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə 350 milyon manat vəsaitin yönəldilməsi təmin edilir.
Azərbaycan pandemiya şəraitində iqtisadiyyatın müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edir
Pandemiya şəraitində ölkəmizdə iqtisadiyyatın sabitliyinin təmin olunması və postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılması əsas hədəflər kimi müəyyənləşdirilib. Hazırda respublikamızda pandemiyadan zərər çəkən sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək proqramları həyata keçirilir. Bu barədə məlumat verən Prezident İlham Əliyev deyib:“Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib”.
Ümumiyyətlə, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiyaya qarşı mübarizəyə böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Videokonfransda da bildirildiyi kimi, vergi güzəştləri də nəzərə alınsa, hazırda bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Eyni zamanda, bu il respublikamızda dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinin sayını 2 dəfə artıraraq 90 minə çatdırmaq nəzərdə tutulub. Hazırda müvafiq qurumlar vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması istiqamətində intensiv iş aparırlar. Təqdim olunan ictimai işlər əsasən dövlət sektoruna aid olan iş yerləridir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı artırılaraq 80 minə çatdırılıb. Hər bir belə ailəyə ayda 222 manat ödənilir. Videkonfransda o da bildirilib ki, ölkəmizdə 12 min insan üçün özünüməşğulluq imkanları yaradılıb. Prezident İlham Əliyev ümumi mənzərəni diqqətə çatdıraraq vurğulayıb ki, bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın yaxın və etibarlı tərəfdaşıdır
Ötən dövrdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında müxtəlif istiqamətləri əhatə edən mühüm əməkdaşlıq formatı yaranıb. Ümumiyyətlə, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın yaxın və etibarlı tərəfdaşıdır. Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə, o cümlədən də Davos İqtisadi Forumunun toplantılarında bankın prezidenti və digər rəsmiləri ilə çoxsaylı görüşlər keçirib. Kifayət qədər məhsuldar keçən bu görüşlərdə qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğu nəzərə çatdırılıb, yeni layihələr üzrə müzakirələr aparılıb və səmərəli təkliflər səsləndirilib. Onu da vurğulamaq yerinə düşər ki, indiyədək Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə reallaşdırılan bir sıra infrastruktur layihələrinə öz dəstəyini verib. O cümlədən Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də sıx əməkdaşlıq edirlər. Videkonfransda Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında reallaşdırılan layihələrdən ətraflı bəhs olunub. Qurumun prezidenti Suma Çakrabarti Azərbaycanın Mərkəzi Bankı ilə 50 milyon dollar məbləğində “Swap” razılaşmasının uğurla başa çatdırılmasından məmnunluğunu bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankı etibarlı tərəfdaş olan Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir. Qurum cari ildə ölkəmizə 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırır. Nəzərdə tutulan layihələr xüsusilə dövlət sektorunu əhatə edir. Buraya enerji, infrastruktur və İKT sahələri, bəzi dövlət müəssisələrinin kommersiyalaşması daxildir. Bank, həmçinin respublikamızda enerji şəbəkəsinin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğində sərmayə yatırmağı təklif edib. Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, respublikamızın regionlarında genişzolaqlı internet imkanlarının artırılması layihəsinə sərmayə yatırmaq niyyətindədir. Videokonfransda qurumun Azərbaycanda suvarma ilə bağlı layihələrə də maraq göstərdiyi nəzərə çatdırılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının respublikamızdakı bir sıra yerli banklarla işbirliyi qurması da təqdirəlayiq haldır.
Deyilənlərdən də göründüyü kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının maraq göstərdiyi əməkdaşlıq layihələrinin bir çoxu pandemiya şəraitində iqtisadiyyata mənfi təsirlərin azaldılmasına, həmçinin postpandemiya dövründə bərpa proseslərinin daha sürətlə aparılmasına hesablanıb.
İndiki şəraitdə yaşıl iqtisadiyyat, bərpa olunan enerji sektoru da əməkdaşlığın mühüm istiqamətləri ola bilər. Artıq Avropa Yenidənqurma və İnkişaf Bankının bəhs olunan sahələrə aid bəzi layihələrinin icrası ilə bağlı razılaşmalar əldə olunub. Eyni zamanda, bankla ölkəmiz arasında 150 milyon dollarlıq yaşıl zərf barədə müzakirələr aparılıb. “Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq”, - deyə Prezident İlham Əliyev bildirib. Qeyd edək ki, cari ilin yanvarında ölkəmiz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzalayıb. Bu sahədə yatırımlar etmək üçün imkanlar isə daha genişdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

