Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Şurasının Azərbaycana münasibəti qərəzli və qeyri-obyektivdir

Avropa Şurasının Azərbaycana münasibəti qərəzli və qeyri-obyektivdir

09.06.2020 [09:10]

Yaxud bu təşkilat tərəfindən ölkəmizə qarşı ünvanlanmış bütün ittihamların təməlində azərbaycanafobiya dayanır
Son 16 ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Azərbaycanın gücünü və beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf gətirən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyinə və sabitliyinə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmiz qlobal əhəmiyyət daşıyan uğurlu neft-qaz və infrastruktur layihələri ilə regionun, bütün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və davamlı inkişafında mühüm rol oynayır. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında vasitəçi kimi çıxış edib. Bütün bunlar isə öz növbəsində ölkəmizin qlobal miqyasda artan nüfuzundan xəbər verir.
Qısa müstəqillik tarixində Azərbaycanın belə böyük uğurlara imza atması və dünya birliyinin layiqli üzvünə çevrilməsi ölkəmizin çoxsaylı dostlarını sevindirdiyi kimi, bədxahlarımızın da, necə deyərlər, kürkünə birə salıb, onların yuxusunu ərşə çəkib. Belə bədxah qüvvələr davamlı şəkildə “qara piar” kampaniyası apararaq ölkəmizin imicinə hansı yollarlasa xələl gətirməyə cəhd göstərirlər. Təəssüf doğuran haldır ki, Avropa Şurası Parlament Assambleyası da məhz bu cür qaraguruh dairələr sırasında yer alır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışından sonra rayonun bir qrup idmançısı ilə keçirdiyi görüşdəki çıxışında son vaxtlar AŞPA-nın respublikamıza qarşı nifrət aşılayan mövqeyinə xüsusi diqqət çəkib və qurumun ölkəmizlə bağlı məsələlərdə, bir qayda olaraq, qərəzli yanaşma sərgiləməsini kəskin şəkildə pisləyib.
Avropa Şurasının fəaliyyəti obyektivlikdən və ədalətdən uzaqdır
Azərbaycan 2001-ci il yanvarın 17-də Ermənistanla eyni vaxtda Avropa Şurasına üzv qəbul olunub. Həmin dövrdə hər iki dövlət AŞPA ilə bir sıra qarşılıqlı öhdəliklər götürüblər. Ötən müddətdə Azərbaycan ləyaqətli dövlət kimi, qurum qarşısında götürdüyü bütün öhdəliklərə həmişə sadiq qalıb. İşğalçı Ermənistana və Avropa Şurasına gəldikdə isə bunu demək çətindir.
Qurumun öhdəliklərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə ilə bağlı məsələlər barədə fikir bildirmək qurumun həmməruzəçilərinin birbaşa mandatına daxildir. Lakin biz mütəmadi olaraq AŞPA həmməruzəçilərinin loyallığının şahidi oluruq.
Qurumun bir qədər bundan əvvəl qondarma “DQR”-də keçirilən oyuncaq “seçkilər”ə münasibəti deyilənləri bir daha təsdiqləyir. Sirr deyil ki, hazırda Ermənistanda olduğu kimi, işğal altındakı Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta “seçkilər” bir şoudur, bir təlxəklər tamaşasıdır. Mart ayında şouların təşkili üzrə peşəkar olan Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd olundu. Dünyanın aparıcı və mötəbər təşkilatları, eləcə də ayrı-ayrı ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Yeri gəlmişkən, Tərtərdəki görüşdəki çıxışında dünya birliyinin ədalətli mövqeyinə istinad edən Prezident İlham Əliyev “Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkilər”i qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”, - deyə vurğulayıb.
Lakin ölkəmizi tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirirlər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı. Prezident İlham Əliyev AŞPA-nın “DQR”-də keçirilən “seçkilər”ə məlum münasibətinin azərbaycanafobiyadan qaynaqlandığına diqqət çəkərək bildirib: “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.
Əlbəttə, özünün milli maraqlarını qətiyyətlə qoruyan Azərbaycan AŞPA qarşısında susqunluq göstərmir. Ölkəmiz qurumun təmsilçiləri tərəfindən irəli sürülən ittihamların hamısını artıqlaması ilə onların özlərinə qaytarır. Qoy, AŞPA-nın nümayəndələri bir bəyanat versinlər ki, indi dünyada, ayrı-ayrı ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, onların öldürülməsi, gözlərinin çıxarılması, kütləvi surətdə həbsə alınmaları, jurnalistlərin də belə təzyiqlərə məruz qalmaları harada baş verir? AŞPA təmsilçilərinin düz qulaqlarının dibində - Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Bax, bu kimi səbəblərə görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil. Əslində, Avropa Şurasının oyuncaq “seçkilər”i tanıyıb-tanımamaları Azərbaycanı maraqlandırmır da. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları, nüfuzlu dövlətləri işğal altındakı Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.
“Qara piar” kampaniyası vasitəsilə ölkəmizi öz yolundan döndərmək mümkün deyil
Yuxarıda deyilənlərdən aydın şəkildə görünür ki, AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformaya çevrilib. Təəssüf ki, Azərbaycan belə yanaşmanın əsas hədəflərindən biri kimi qalmaqdadır. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız, böhtan xarakterli fikirlər səsləndirmək üçün istifadə etməyə cəhdlər göstərirlər.
AŞPA-da respublikamıza qarşı antipatiyanın daha da güclənməsinin səbəblərindən biri, şübhəsiz ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda qondarma “siyasi məhbus” məsələsi ilə bağlı hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra qurumdakı anti-Azərbaycan qüvvələr daha da radikallaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi. Ancaq Avropa Şurasının ölkəmizə qarşı xoş olmayan niyyətə əsaslanan münasibəti indiyədək heç bir nəticə verməyib və bundan sonra da verməyəcək. AŞPA-da erməni lobbisinə bağlı olan qüvvələrin və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür.
Azərbaycanın bu məqamda yerinə düşən gözəl bir zərb-məsəli var: Su çanağı suda sınar. AŞPA-nın sərgilədiyi bəd niyyət də elə onun özünə qarşı çevrilib, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Qeyd olunduğu kimi, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. AŞPA-da son illər aparılan müzakirələrin daha sönük keçməsi heç kəsə sirr deyildir. Qurumun 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda onların 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu il yanvarın sonlarında keçirilmiş qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31