Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

23.06.2020 [00:34]

Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Milli maraqların qorunması və tərəfdaşlarla qarşılıqlı maraqlara əsaslanan əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini təşkil edir. Ölkəmiz belə rasional və ardıcıl siyasət sayəsində qısa müstəqillik tarixində dünya birliyinə sıx inteqrasiya edib. Respublikamızın ayrı-ayrı dövlətlərlə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarla xoş mərama əsaslanan yüksəksəviyyəli münasibətləri formalaşıb. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, respublikamız həm Avropa, həm də Şərq ölkələrini bir araya gətirən beynəlxalq təşkilatlarda təmsil olunaraq qlobal miqyasda birləşdirici missiya yerinə yetirir.  Ölkəmizin həmçinin sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı (Aİ) ilə əlaqələri yüksələn xətlə inkişaf edir.

Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Azərbaycanın Avropa İttifaqı və qurumda təmsil olunan dövlətlərlə əlaqələri qarşılıqlı maraqlara əsaslanır  və müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində respublikamızın Aİ ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının fəal tərəfdaş ölkəsidir. Hazırda respublikamızla Avropa İttifaqı arasında konstruktiv əməkdaşlıq şəraitində yeni tərəfdaşlıq sazişi üzərində fəal iş aparılır. Danışıqların gedişindən razılığını bildirən Prezident İlham Əliyev “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”, - deyə qeyd edib.

Enerji sektoru Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın çox mühüm bir istiqamətidir. Qeyd edək ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan ədalətli enerji siyasəti həyata keçirir. Ölkəmizin mövqeyi belədir ki, enerji amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki bir neçə il bundan əvvəl Aİ-yə üzv dövlətlər bəzi enerji təchizatçıları tərəfindən soyuq qış aylarında məhz belə bir təzyiqlə üzləşmişdilər. Qürurverici haldır ki, bu gün respublikamız həm əlverişli coğrafi mövqeyindən, həm də şaxələndirilmiş nəql marşrutlarından bəhrələnməklə istehsalçı və istehlakçı ölkələrin mənafelərinin qorunmasında fəal şəkildə iştirak edir. Perspektivdə Azərbaycanın Avropanın enerji təchizatında rolunun artacağına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir”.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Təxminən 40 milyard dollar investisiya qoyuluşu tələb edən bu enerji dəhlizi Azərbaycanın zəngin “Şahdəniz” yatağından hasil edilən qazı Avropanın mərkəzi ölkələrinə çatdıracaq. Ötən il Azərbaycanın uğurlu enerji siyasətinin reallaşdırılması istiqamətində daha bir əlamətdar hadisə baş verib - 2019-cu il 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Beləliklə, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına real zəmin yaranıb. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Cənub Qaz Dəhlizi vasitəsilə ildə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi təmin olunacaq. Bu 16 milyard kubmetr qazın 6 milyard kubmetrini qardaş Türkiyə, yerdə qalan 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 90 faizi icra edilib və onun inşasının 2020-ci ilin sonunadək başa çatdırılması gözlənilir.

Perspektivdə isə respublikamızda yeni yataqların işlənməsi nəzərdə tutulub. “Abşeron” yatağından 300 milyard kubmetr qaz hasilatı gözlənilir. Ölkəmiz digər yataqlardan da “mavi yanacaq” hasil edir, eyni zamanda, səmt qazı alır. Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlandırılan böyük qaz ehtiyatının işlənməsinə də hazırlıq görülür. Azərbaycanı Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizi “Şahdəniz”lə yanaşı, digər yataqların da ehtiyatlarının işlənməsində və avropalı istehlakçılara çatdırılmasında mühüm rol oynayacaq.

Avropa İttifaqında ölkələrin ərazi bütövlüyünə hörmət prinsipi yüksələn xətt üzrə inkişaf edir

Qeyd edək ki, Avropa İttifaqında ölkələrin ərazi bütövlüyünə hörmət prinsipi yüksələn xəttlə inkişaf edir ki, bu da Ermənistanın təcəvüzkarlıq siyasətinə məruz qalan Azərbaycan üçün çox önəmli məsələdir. Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunmasında prinsipial mövqedən çıxış edir və bu zaman tarixi faktlarla yanaşı, beynəlxalq hüquqa əsaslanır. Aİ-nin ölkələrin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi prinsipindən çıxış etməsi Azərbaycanın mövqeyini gücləndirən amillər sırasında yer alır. Vurğulamaq yerinə düşər ki, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının 11 may 2020-ci il tarixində qəbul etdiyi ŞT-nin gələcəyi ilə bağlı Yekunlar sənədində Aİ ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama və beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. 28 may 2020-ci il tarixində BMT Təhlükəsizlik Şurasının BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda video-konfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib ki, milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsi Aİ-nin ŞT ölkələri ilə münasibətlərinin əsas elementləri kimi qalacaqdır. 2020-ci il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovko Ermənistan və işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yol ilə bağlı bəyanat vermişlər. Təqdirəlayiq bir haldır ki, bəyanatın dili Ermənistana münasibətdə olduqca sərtdir. Sənəddə Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını açıq-aşkar bəyan edir. Sözügedən bəyanat və yuxarıda qeyd olunan məqamlar artıq Avropa İttifaqının bütün spektrlərində ərazi bütövlüyü məsələsinə münasibətdə vahid yanaşmaya doğru istiqamətləndiyini göstərir. O cümlədən hazırda Aİ-də sədr ölkə kimi Xorvatiyanın baş naziri Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq hüquqa dəstəyini bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31